Azərbaycanda milli azlıqların etnik-mədəni dəyərləri qorunur TƏHLİL
Prezident İlham Əliyev: "Beynəlxalq təşəbbüslərlə bölgədə və dünyada dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi işinə öz töhfəmizi veririk"
Müasir dünyamızda Azərbaycan dinlərarası, millətlərarası münasibətlərdə dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan, milli-mənəvi dəyərlərinə sadiq dövlətdir. Ölkədə formalaşan bu və ya digər dəyərlər artıq Azərbaycan cəmiyyətini səciyyələndirən ənənəyə çevrilib. Azərbaycan müstəqillik illərində dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıb. Müxtəlif dini mənsubiyyətə malik insanlar cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşamaları üçün bütün şərait yaradılıb. Sosial bir hadisə olan multikulturalizm və tolerantlıq cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir. Təbii ki, multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərarı deməkdir. Müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı məhz ilk növbədə çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Bir sözlə, Azərbaycan bu sahədə dünyaya örnək bir dövlət kimi özünü təsdiqləyə bilib. Əminliklə vurğulayaq ki, Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir. Çünki Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında iştirak edib. Xristian və müsəlman icmaları ilə yanaşı yaşayan təqribən 30 minlik yəhudi icması da Azərbaycanda iki min ildən bəri yaşamaqdadır. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir. 2010-cu ilin oktyabrında isə Bakının Xətai rayonunda yerləşən üçmərtəbəli təhsil kompleksi ən müasir tələblər səviyyəsində istifadəyə verilmişdir. 450 yerlik mərkəzin digər təhsil müəssisələrindən fərqi burada yəhudi mədəniyyəti əsaslarının tədris olunmasıdır.
"AZƏRBAYCAN SABİTLİK ADASIDIR VƏ ƏSRLƏR BOYU YƏHUDİ XALQI ÜÇÜN İSTİ, QONAQPƏRVƏR VƏ TƏHLÜKƏSİZ BİR EV OLMUŞDUR"
Dünyada baş verən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan anti-semitizm və irqçilik fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və dinc şəraitdə birgə yaşamaları, tam dini etiqad azadlığına malik olmaları çox təqdirəlayiqdir. Azərbaycanda yaşayan yəhudilər də hər il öz bayramlarını qeyd edirlər. Bayram vaxtı sinaqoqda ibadət edir, şofar (musiqi aləti) səsləndirir, xüsusi ayinlər yerinə yetirir, yardıma ehtiyacı olan şəxslərə kömək göstərir, bir masa ətrafına toplaşaraq günahlarının bağışlanması üçün dualar edirlər. Azərbaycanda qeyd olunan Roş-Ha-Şana və digər yəhudi bayramlarının unikal cəhəti müsəlmanlarla xristianların yəhudi bacı-qardaşlarının sevincini, xoşbəxtliyini bölüşməsi kimi xarakterizə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Ölkəmizin bütün xalqları, o cümlədən yəhudi icması Azərbaycanda həmişə əmin-amanlıq şəraitində yaşamış, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamışdır. Müstəqil Azərbaycan dövləti bu gün də öz mütərəqqi tarixi ənənələrinə sadiqdir. Müasir demokratik prinsiplərə uyğun olaraq ölkədə insan haqlarının təminatı, milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir".
Təsadüfü deyil ki, bu günlərdə İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycanın Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrikində ölkələrimiz xalqlarımız arasında sıx əlaqələrə əsaslanan tarixi tellərin olduğunu vurğulayıb: "Azərbaycan sabitlik adasıdır və əsrlər boyu yəhudi xalqı üçün isti, qonaqpərvər və təhlükəsiz bir ev olmuşdur. Burada, İsraildə Azərbaycan əsilli vətəndaşlar cəmiyyətimizə böyük töhfələr verirlər və onlar milli rəngarəngliyimizin mühüm hissəsidir. Bu iki icma xalqlarımız arasında canlı körpü rolunu oynayır, ikitərəfli əlaqələrimizi daha da gücləndirir".
Müasir dövrümüzdə ölkəmiz bütün xalqların, bütün səmavi dinlərə tapınanların azad yaşadığı bir dövlətdir. Bütün bunlara rəğmən deyə bilərik ki, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib.
Azərbaycanda dövlətin dəstəyi hesabına sinaqoqlar, məscidlər, kilsələr tikilib və tikilməkdədir. Əlbəttə ki, dünya ölkələri üçün nümunəyə çevrilən Azərbaycan modeli ölkəmizə gələn hər bir kəsdə maraq doğurur. Qonaqlar abadlaşdırılmış Pravoslav Dini-Mədəni Mərkəzini, Katolik məbədini, İmamzadə kompleksini, möhtəşəm Heydər Məscidini görür və bunu heyranlıq hissi ilə qarşılayır və Azərbaycan təcrübəsini öyrənməyə çalışırlar.
Ölkəmizdə qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların sülh və əmin-amanlıq şəraitində birgə yaşaması hər kəsə bəllidir. Son illər qloballaşan dünyamızda müxtəlif bölgələrdə dini radikalizm, terrorizm, dözümsüzlük və ksenofobiya kimi halların artdığı dövrdə Azərbaycan özünəməxsus tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir model təqdim edir. Hər bir dinin nümayəndələri rahat yaşayır, milli bayramlarını qeyd edir, öz dilində təhsil almaq imkanına malikdirlər. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən dinlər əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərmiş, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar və etnik icmalar ümumi Vətən sevgisi, azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirmişlər: "Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub-saxlanılması, multikulturalizmin dəstəklənməsi və təşviq edilməsi müasir mərhələdə həyata keçirdiyimiz dövlət siyasətinin başlıca məqsədlərindən biridir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub-saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir".
"DÜNYANIN MÜXTƏLİF YERLƏRİNDƏ DİNİ MƏZHƏB ZƏMİNİNDƏ QAN TÖKÜLÜR, MÜHARİBƏLƏR ALOVLANIR, BÖYÜK FACİƏLƏR YAŞANIR"
Dövlət başçısının mütəmadi olaraq din xadimləri ilə görüşü, dini konfessiyalara maddi yardımlar edilməsi, dini ibadət yerlərinin təmir-bərpa olunması, ölkədə həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Azərbaycan Prezidentinin məlum Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Məlumdur ki, multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məlum Sərəncamı ilə paytaxtımızda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamı ölkəmizdə multikultural mühitə olan münasibətin daha bir real ifadəsinə çevrildi.
Dövlət başçısının çıxışlarının birində bildirdiyi kimi, "İndiki şəraitdə biz görürük ki, dünyanın müxtəlif yerlərində dini məzhəb zəminində qan tökülür, müharibələr alovlanır, böyük faciələr yaşanır". Cənab Prezident onu da qeyd edib ki, elə etməliyik ki, həm Azərbaycanda, həm yaşadığımız bölgədə vəziyyət müsbət istiqamətdə inkişaf etsin: "Biz adada yaşamırıq, biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Ona görə biz həm ölkə daxilində bu məsələləri daim diqqət mərkəzində saxlayırıq və hesab edirəm ki, beynəlxalq təşəbbüslərlə bölgədə və dünyada dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi işinə öz töhfəmizi veririk".
Həqiqətən də, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.
Azərbaycanın ictimai-siyasi həyatında xristian, yəhudi etiqadlı vətəndaşlar yaxından iştirak edir, töhfələrini verirlər. Ölkəmizdə mövcud olan vəziyyət, reallıqlar dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycanda olan multikulturalizm məktəbi, tolerantlıq bu gün yeni mərhələdədir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB