Azad edilmiş torpaqların inkişafı dünya üçün bir nümunə olacaq ŞƏRH

Azad edilmiş torpaqların inkişafı dünya üçün bir nümunə olacaq ŞƏRH

Ötən il Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, ən əsası isə, işğalçı ölkə ilə bərabər, bütün dünyayamesajını verərək bildirir ki, torpaqların əsl sahibləri qayıdıb. Və dövlət başçımızın dediyi kimi: “Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz». Çünki 30 il düşmən əsarəti altında qalan Qarabağımız Ali Baş Komandan, Prezident İlham Əliyev “Dəmir yumruq” siyasəti altında Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin şücaəti ilə işğaldan azad olundu, torpaqların sahibləri öz torpağına sahib oldu. Bu gün isə Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələ işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Və dövlət başçımızın hər dəfə işğaldan azad olunmuş torpaqlara səfərləri bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz.

Tarix boyu belə olub: əgər qazanılmış hərbi qələbənin ardınca quruculuq prosesi başlanırsa, deməli o qələbəni əldə etmiş xalq parlaq gələcəyə doğru gedən yoldadır və xoşbəxt xalqdır. Ona görə ki, bu gün Qarabağda, Şərqi Zəngəzurda təməli qoyulan hər tikili, üst-üstə hörülən hər daş, torpağa əkilən hər fidan bu xalqın sevgisinin ifadəsidir, böyük gücün, zəhmətin, dünyaya fayda vermək arzusunun, Azərbaycan insanının quruculuq əzminin təcəssümüdür. 44 günlük Vətən müharibəsinin başa çatmasından cəmi bir il yarımdan çox ötməsinə baxmayaraq, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin miqyası olduqca masştablıdır. Hazırda azad olunmuş bütün ərazilərimizdə kompleks şəkildə yeni infrastruktur yaradılır. Avtomobil və dəmir yolları çəkilir, hava limanları inşa olunur. Qarabağ və Şərqi Zəngəzurun elektrik enerjisi ilə etibarlı təminatı üçün demək olar ki, bütün rayonlarda yarımstansiyalar inşa olunur, bir neçə su elektrik stansiyasının və yarımstansiyanın, Suqovuşan və Talış kəndlərinə çəkilən avtomobil yollarının, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi və “Zəfər yolu”nda son tamamlanma işlərinin aparılması, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin bərpasına göstərdiyi yüksək diqqətin təcəssümüdür.

İşğaldan azad edilmiş şəhər və rayonlarımızın bərpası və yenidənqurulması istiqamətində işlər sürətlə gedir. Şuşanın bərpası istiqamətində qısa müddətdə mühüm işlər görülüb. Azərbaycan Prezidenti qələbəmizdən keçən il yarım ərzində Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb. Artıq Xarı bülbül boynunu bükməyib. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı bərpa olunub. "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən ümummilli lider Heydər Əliyevin vəsiyyətinə uyğun hakimiyyətdə olduğu 19 il ərzində Prezident İlham Əliyev bu ilin yanvar ayının 5-də 2022-ci ilin «Şuşa İli» elan edilməsi haqqında Sərəncamı tarixi hadisədir. Çünki Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.

Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Bir sözlə, mənfur düşmən unutmamalıdır, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanların öz el-obalarına geri dönəcəklər. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycand;r! Qarabağ cənnət məkanıdır!

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimatçısı

Bütün xəbərlər Facebook səhifəmizdə