Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirir - ŞƏRH

Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirir - ŞƏRH

Ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin mürəkkəb vəziyyətdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, siyasi böhranın aradan qaldırılması, sosial-iqtisadi problemlərin həlli istiqamətindəki xidmətləri nəticəsində Azərbaycan uğurlu inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının qazandırdığı nailiyyətlər, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Şahdəniz" və digər layihələrinin həyata keçirilmə prosesi ölkə iqtisadiyyatının sürətli inkişafına, neft gəlirlərinin insan kapitalına yönəldilməsinə səbəb oldu. Həyata keçirilən tədbirlər Azərbaycanın enerji ölkəsi kimi uzunmüddətli inkişafında, eləcə də enerji təhlükəsizliyinin təminatçısına çevrilməsində mühüm rol oynayır.

Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində bu sahədə böyük uğurlar əldə olunub. Dünyanın potensial qaz ixracatçısına çevrilən ölkəmiz regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, müstəqil iqtisadi siyasət yeridən bir ölkə kimi bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Bu günlərdə paytaxımızda keçirilən Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır.

Ötən əsrin 90-cı illərinin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı əhəmiyyətli hadisəyə çevrildi. Azərbaycanın tərəfdaşları ilə birgə "Şahdəniz" yatağının kəşfiyyatına, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində, neft və qazın bir neçə kəmər vasitəsi ilə Azərbaycandan Avropaya çıxarılması təmin edilmiş oldu. Azərbaycan üçün nə vaxtsa hər hansı bir kəmərdə təhlükə yaransa, hansısa bir hadisə baş verərsə, digər kəmər vasitəsi ilə təbii sərvətini xarici dövlətə çıxara biləcək. "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur. Bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir.

Bildiyimiz kimi, ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Cənub Qaz Dəhlizinin icrası zamanı Azərbaycan boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Dövlət başçısı çıxışında Cənub Qaz Dəhlizinin fərəhlənə biləcəyimiz layihə olduğunu bildirib. Qeyd edib ki, Cənub Qaz Dəhlizinin 2020-ci ilin sonuncu günündə uğurla tamamlanması ümumi iradəmizi, komanda daxilində işləmək və böyük uğurları qazanmaq bacarığımızı nümayiş etdirir: "Bir çox ölkələri keçən, dənizin dibindən tutmuş uca dağ zirvələrinə qədər gedən 3500 kilometrlik vahid boru kəmərləri sistemi qüdrətimizin və dostluğumuzun təzahürüdür. Buna görə, Azərbaycanın ilkin mərhələdə başlatdığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaratdı və onlar hazırda qlobal enerji layihələrinə çevrilib".

Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir və Azərbaycanın oynadığı rol Avropa İttifaqında qaz təchizatının şaxələndirilməsi səylərimiz baxımından mühüm əhəmiyyət daşıyır. "Cənub Qaz Dəhlizi bizə nəhəng "Şahdəniz" qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Bir il beş aydır ki, Azərbaycan tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir", - deyə Cənab Prezident bildirib. Dövlət başçısı onu bildirib ki, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətin genişləndirilməsi həm Azərbaycan, həm də tərəfdaşlarımız üçün zəruridir: "Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər". Dövlət başçısı çıxışında "Şahdəniz"lə yanaşı, digər yataqların da çox perspektivli olduğunu diqqətə çatdırıb.

Əlbəttə ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın oynadığı rol ölkəmizin Avropa İttifaqında qaz təchizatının şaxələndirilməsi səyləri baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin əməli fəaliyyətinin, iradəsinin nəticəsidir ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, qlobal əhəmiyyətli iqtisadi zonalar yaradılıb. Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin istifadəyə verilməsi uğurlu hadisələr sırasındadır. Azərbaycanın təşəbbüsü ilə bölgədə, Avrasiya məkanında həyata keçirilən layihələr xüsusi olaraq vurğulanmalıdır. Müasir dünyada Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilib.

Əvəz Qocayev

AAYDA İdarə Heyətinin sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə