"Rusiya KİV-lərində Azərbaycana qarşı qərəzli münasibət həmişə olub" - PARTİYA SƏDRİ AÇIQLADI

"Rusiya KİV-lərində Azərbaycana qarşı qərəzli münasibət həmişə olub" - PARTİYA SƏDRİ AÇIQLADI

"Bildiyimiz kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iyunun 4-də bəyanat yayaraq, RİA-Novosti agentliyinin saytının bloklanmasının səbəbi kimi Azərbaycana qarşı böhtan xarakterli materialların yaymasını, “İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasını, internet-resursda Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatlar yayilmasını göstərib. Rusiya KİV-lərində Azərbaycana qarşı qərəzli münasibət həmişə olub". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, hətta ötən əsrin 90-cı illərində bizə qarşı qara piar kampaniyasının aparılması, açıq ermənipərəst mövqenin tutulması açıq aydın görünürdü: "Bunun bir səbəbi telekanallarda və mətbuat orqanlarında aparıcı mövqe tutan ermənilərin fəaliyyəti ilə əlaqədar idisə, digər səbəbi Azərbaycanın yeritdiyi müstəqil siyasətin Rusiyada qəbul olunmaması ilə bağlı idi. Sonralar bu meyllərin qarşısını almaq və Rusiya KİV-lərinin də nisbi neytrallığına nail olmaq mümkün oldu. Xüsusilə, 44 günlük müharibə dövründə daha çox ermənilərin mövqeləri təbliğ olunsa da, bütövlükdə, onların açıq ermənipərəst mövqe tutulmasını müəyyən qədər azaltmağı bacardıq.

Təəssüf ki, son zamanlar Rusiya KİV-ləri yenə də Azərbaycanla bağlı davamlı əks-təbliğat aparmağa başlayıblar. Baxmayaraq ki, iki dövlət arasında hələ parlamentdə ratifikasiya olunmasa da, hər halda imzalanmış Müttəfiqlik bəyannaməsi mövcuddur. Bəs, Azərbaycanı kifayət qədər kəskin addım atmağa məcbur edən bu qara təbliğat kampaniyasının səbəbi nədir? Nədən ermənilərə münasibətdə loyal münasibət sərgiləyən Rusiya KİV-ləri bizə qarşı bu cür mövqe tuturlar?

Bunun birinci səbəbi ermənilərin Ukraynanın işğalına göstərdiyi münasibətdir. Ermənistan Belarusla yanaşı Rusiyanın işğalçılıq müharibəsinə müsbət münasibət göstərən ölkə kimi özünü göstərdi. İrəvanda Rusiya səfirliyi qarşısında dəstək mitinqləri keçirildi. Erməni KİV-ləri də dəstək kampaniyasına öz töhfələrini verdilər.

Abutalıb Səmədov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Ermənistandan fərqli olaraq Rusiya Azərbaycana demək olar ki, heç bir dəstək görmədi: "Həm siyasilər, həm də KİV-lər bu müharibənin işğalçılıq müharibəsi olduğunu, Rusiyadan fərqli olaraq Ukraynanın haqlı olduğunu, ədalətli müharibə apardığını birmənalı şəkildə bəyan etdilər. Bizim rusdilli saytlarımız əhalinin mütləq əksəriyyətinin mövqeyini ifadə edərək işğalçıya qarşı mövqe sərgilədilər. Bir neçə partiya Ukraynaya dəstək tədbiri keçirdi. Təbii ki, bütün bunlar prosesləri diqqətlə izləyən Rusiya rəsmilərinin xoşuna gələ bilməzdi. Rus KİV-lərində genişlənən antiazərbaycan kampaniyasının səbəbləri zənnimcə budur. Şübhə etmirəm ki, bu proses belə davam etməyəcək. Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra hər şey əvvəlki vəziyyətinə qayıdacaq. Çünki, bu qara təbliğat kampaniyası Azərbaycanla və Türkiyə ilə yaxınlaşmağa çalışan Rusiyanın maraqlarına qətiyyən cavab vermir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə