Azərbaycan tarixində Xilaskar olaraq əbədiləşən Ulu Öndər Heydər Əliyev TƏHLİL
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımız zamanın ağır və sərt sınaqlarından uğurla çıxıb, ölkənin gələcək inkişaf strategiyası müəyyən edilib və onun həyata keçirilməsi üçün mühüm addımlar atılıb. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra Azərbaycanda inkişafın yeni mərhələsi başlandı. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələr nəticəsində ölkəmizdə bütün sahələrdə tənəzzül yaranmışdı. Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi kursu sayəsində Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Heydər Əliyev Şəxsiyyət, Siyasi Xadim, xalqın dayağı, onun hərəkətverici qüvvəsi olaraq Azərbaycan tarixində əsrin Lideri olduğunu təsdiqlədi. Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi idi ki, hakimiyyətə qayıdışı ilə ölkəmizdə yeni dövrün başlanğıcı qoyuldu. Həmin tarixə qədər son illərdə baş verən hadisələr, xalqı, bütövlükdə, uçuruma sürükləyən məqamlar - istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. Belə bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir damanda doğrultdu. Ulu Öndərin məqsədyönlü siyasəti ilə Azərbaycanın şanlı və silinməz tarixi yazıldı. Ölkə daxilində aparılan məqsədyönlü işlər, eləcə də, sərhədlərdən kənarda Azərbaycanın yürütdüyü siyasət müstəqil dövləti möhkəmlətdi və əbədiləşdirdi. O zaman Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər və şirkətlər qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Çünki Azərbaycan müstəqilliynini qazanmış olsa da, ölkədə xaos, anarxiya və özbaşınalıq baş alıb gedirdi. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı zamanda, ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə Yeni Azərbaycan Partiyası siyasi səhnəyə gəldi. Bu, o zaman idi ki, cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq, ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu.
ÖLKƏMİZDƏ YENİ İQTİSADİ MÜHİT, AZAD BAZAR İQTİSADİYYATI FORMALAŞDI
1993-cü ilin oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin Prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsi önəmli idi ki, Ulu Öndər Heydər Əliyev də müdrikcəsinə dövrün irəli sürdüyü bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi və ölkəmizdə yeni iqtisadi mühit, azad bazar iqtisadiyyatı formalaşdı. Sonrakı dövrlərdə Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması ilə bərabər, dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması istiqamətində addımlar atıldı.
Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi: «Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır», - deyən Dahi Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi – «Əsrin müqaviləsi» imzalandı. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə, dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişafı kimi seçdi. Ulu Öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu Sənəd, müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Heydər Əliyevin Böyük Şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görür və buna xidmət edən bütün zəruri tədbirləri həyata keçirirdi. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.
Əlbəttə ki, müasir dünyada Azərbaycana marağın artması Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində mümkün olub. İqtisadiyyatın, elmin, təhsilin və mədəniyyətin inkişafı ilə yanaşı, Heydər Əliyevin həyata keçirdiyi gender siyasəti də qısa zamanda bəhrəsini verdi. O, daim qadınların irəli çəkilməsinə önəm verirdi. Onun qayğı və diqqəti ilə Azərbaycan qadını ölkənin quruculuq-abadlıq işlərində uğurlu göstəricilərlə çıxış etməklə yanaşı, siyasi aləmdə də potensialını ortalığa qoymağa müvəffəq oldu. Xanımlarımızın dünya ölkələrində - Amerikada və Avropada Azərbaycanı təmsil etmələri, haqq səslərini qaldırıb yüksək tribunalardakı çıxışları, təbii ki, Azərbaycan qadınlarına göstərilən etimad və inam hissindən yaranmışdı.
"2003-CÜ İLDƏN BU GÜNƏ QƏDƏR KEÇƏN DÖVR AZƏRBAYCAN SÜRƏTLİ İNKİŞAF DÖVRÜNÜ YAŞAMIŞ VƏ DÜNYADA ANALOQU OLMAYAN İQTİSADİ TEMPLƏRLƏ İNKİŞAF ETMİŞDİR"
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində qeyd etmişdi ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Belə də oldu. Cənab Prezidentin "Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir" - deməsi çox böyük əsaslara söykənir. 2003-cü ildən bu günə qədər keçən dövr Azərbaycan sürətli inkişaf dövrünü yaşamış və dünyada analoqu olmayan iqtisadi templərlə inkişaf etmişdir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilmişdir, 2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən uca kürsülərindən çıxış edərək, ölkəmizin maraqlarını müdafiə edir. Əlbəttə ki, bu uğura nail olunması üçün böyük işlər görülüb, dövlətimiz çətin və məsuliyyətli yollar keçib. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində, Azərbaycan bütün istiqamətlərdə dünyanın dinamik inkişafda olan ölkələrdən birinə, tolerant və multikultural nümunələri ilə beynəlxalq mərkəzə çevrilib. Azərbaycan dövlətinin Qurucusu və Memarı olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirdi. Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərləri ilə fəxarət hissi keçirən Heydər Əliyev dini abidələrə, məscidlərə ehtiyatla və böyük həssaslıqla qayğı göstərdi. Bunun nəticəsidir ki, müasir dövrümüzdə ölkəmizdə islami dəyərlər, multikulturalizm məktəbi və tolerantlıq yeni dövrünü yaşayır. Müasir dünyamızda Azərbaycan dinlərarası, millətlərarası münasibətlərdə dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətə çevrilib. Ölkədə formalaşan tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən ənənədir. Ümummilli Liderin siyasi irsinin layiqli varisi və davamçısı Cənab İlham Əliyev tərəfindən həyata keçirilən alternativsiz uğurlu siyasətin nəticəsidir ki, artıq Azərbaycan mühüm nüfuzlu beynəlxalq tədbirlərə, müxtəlif idman yarışlarına ev sahibliyi edir.
İctimai-siyasi və sosial-iqtisadi həyatının müstəqillik dövrünü yaşayan Zəfər qazanmış Azərbaycan yüksək göstəriciləri və nəticələri ilə dünya dövlətləri sırasında qüdrətini daha da artırır. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB