BÜTÜN YOLLAR QARABAĞA APARIR... TƏHLİL

BÜTÜN YOLLAR QARABAĞA APARIR... TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır"

“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.”
Bəli, bu gün ölkəmizin davamlı inkişafına, xalqımızın rifahının yüksəlişinə xidmət edən, sürətlə yeniləşən və müasirləşən yol infrastrukturu da müstəqil dövlətçiliyimizin çox mühüm nailiyyətlərindəndir. Ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində heç şübhəsiz əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasət dayanır. "Yol - mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir" - Ulu öndərin bu sözləri Onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatı infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir.

AZƏRBAYCANIN YOL İNFRASTRUKTURU 141 ÖLKƏNİN ARASINDA ƏN ÖNCÜLLƏRDƏN BİRİ OLDU

Məhz bu sahədə həyata keçirilən uğurların nəticəsidir ki, Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə bir sıra Avropa ölkələrini qabaqlayıb. Belə ki, Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı "Qlobal rəqabətqabiliyyətlilik indeksi"nin "Yol infrastrukturunun keyfiyyəti" göstəricisində 141 ölkə arasında 27-ci yeri tutub. Azərbaycan bu göstəricidə Türkiyə (31-ci yer), Böyük Britaniya (36-cı yer), Litva (39-cu yer), İtaliya (53-ci yer) kimi ölkələri qabaqlayıb. Bu reytinqdə birinci yerdə Sinqapur qərarlaşıb. Yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycanın 141 ölkə arasında 27-ci yerdə olması təbii ki, olduqca yaxşı göstəricidir. Dünyanın 141 ölkəsi arasında belə yüksək nəticənin əldə olunması son illər Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi işlərinin məntiqi nəticəsidir.
Ən əsası isə, işğaldan azad edilmiş bütün ərazilərdə mövcud yolların mina və döyüş sursatlarından təmizlənərək bərpası və yeni yolların təmizlənməsi işlərinin aparılmasıdır.

QARABAĞDA SALINAN YOLLAR BÜTÜN REGİONUN GƏLƏCƏK YÜKSƏLİŞİNƏ HESABLANIB

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, 30 il sürmüş münaqişə öz həllini tapdıqdan sonra regional əməkdaşlıq və inkişaf üçün yeni imkanlar açılıb. Azərbaycan əməkdaşlığa, düşmənçilik səhifəsini geridə qoymağa, regionda proqnozlaşdırıla bilən daha yaxşı vəziyyəti təmin etmək üçün qonşularımızla dürüst şəkildə işləməyə hazırdır.
İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilməsinə başlanan layihələr bu sözlərin əyani təsdiqidir. Bunların arasında yol layihələrinin öz yeri var. İndi həmin ərazilərdə avtomobil yollarının çəkilişi də diqqət mərkəzindədir. Dövlət başçısı Füzuli və Xocavənd rayonlarına səfəri zamanı bunu bir daha vurğulamışdır. Avtomobil yolları inşasının azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıdığını bildirmişdir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR: İNFRASTRUKTUR SÜRƏTLƏ QURULUR

Azərbaycanın dövlət başçısının işğaldan azad olunan ərazilərə hər səfərində hansısa strateji əhəmiyyətli yolun və ya hava limanının təməli qoyulur. Misal üçün, Prezident İlham Əliyev cari il yanvarın 14-də işğaldan azad olunan Füzuli rayonuna səfəri çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu.
Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına da yeni yol çəkiləcək. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən fevralın 14-də təməli qoyulan Horadiz-Ağbənd dəmir yolunu qeyd etmək olar. Xəttinin ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolunun strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Bundan başqa, Qarabağda Füzuli-Hadrut, Zəngilan-Horadiz, eləcə də Bərdə-Ağdam avtomobil yollarının artıq təməlləri qoyulub. Həmçinin, Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu çəkilir. Bu yolun uzunluğu təxminən 80 kilometr olacaq...
Azərbaycan Prezidenti İlham Əliyev ötən il avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olarkən məlumat verildi ki, Zəfər yolunun tikintisi artıq başa çatmaq üzrədir. İki-üç hərəkət zolaqlı yolun uzunluğu 101 kilometrdir. Artıq yolun 92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə isə işlər davam etdirilir. Yolda körpülər və yeraltı keçidlər inşa edilib.
"Zəfər yolu" Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə "Zəfər yolu" Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun 4 yeni avtomobil körpüsünün inşası yekunlaşdırılıb. Körpülərin uzunluqları 45, 80 və 90 metr olmaqla yolun 26.9-cu, 37.2-ci, 37.5 və 57.3-cü kilometrlik hissələrində inşa edilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunub.
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı dedi: "Şuşanın bərpası yanvarın 14-dən başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi. İndi gəldiyiniz Zəfər yolu nə vəziyyətdə idi biz onu yanvarın 14-də gördük. Biz Füzulidən təqribən iki saat yarıma-üç saata gəldik. Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir cığır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq...".
Onu da qeyd edək ki, bu günlərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzurda çəkilən avtomobil yollarının xəritəsini açıqlayıb. Xəritə ümumi uzunluğu 665,4 km olan və hazırda tikilən 10 əsas avtomobil yolunu əhatə edir. Bundan əlavə, xəritəyə tikintisi nəzərdə tutulan, lakin uzunluğu qeyd olunmayan avtomobil yolları da daxildir. Məlumata görə, hazırda 101 kilometrlik «Zəfər yolu»nun tikintisi ilə yanaşı 81,6 Əhmədbəyli-Füzuli-Şuşa, 80,7 kilometrlik Toğanalı-Kəlbəcər-İstisu, 72,3 kilometrlik Kəlbəcər-Laçın, 123,8 kilometrlik Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yollarının tikintisi davam etdirilir.
Həmçinin, 22 kilometrlik Talış-Tapqaraqoyunlu-Qaşaltı, 83 kilometrlik Xudafərin-Qubadlı-Laçın, 43 kilometrlik Şükürbəyli-Cəbrayıl-Hadrut, 13 kilometrlik Füzuli-Hadrut və 45 kilometrlik Bərdə-Ağdam avtomobil yolları tikilməkdədir.

ŞƏHİDLƏRİMİZİN QANI İLƏ YAZDIĞI “ZƏFƏR YOLU”

Vətən savaşının başa çatmasından dərhal sonra təməli qoyulan ilk layihə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə “Zəfər yolu” adlandırılan avtomobil yolunun inşası oldu. Yolun təməli Prezident İlham Əliyevin ötən il noyabrın 16-da Füzuli rayonuna səfəri zamanı qoyulub. Həmin gün bu münasibətlə xalqımızı təbrik edən Prezident İlham Əliyev demişdi: “Bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi məna daşıyır. Biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi - Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil. Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
“Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla, 2-ci texniki dərəcəyə uyğun inşa edilib. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürən bu yol Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən yol Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir. “Zəfər yolu” şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir. Və dövlət başçısı da bu yol boyunca torpaqların hər qarışına şəhidlərimizin və qazilərimizin qanı qarışdığı üçün «Zəfər yolu» adlandırmışdır və bu yol Azərbaycanın müasir tarixində ordumuzu şanlı qələbəyə aparan müqəddəs yol kimi qalacaq.
Şuşaya doğru uzanan bu yolda yeni Füzuli-Şuşa yolunun çəkilişində də işlərin sürətlə davam etməsinin şahidi olduq. Bu yol çətin relyefə malik olan ərazilərdə, dolamalarda inşa edilir. Körpü və tunellər hesabına bu yolla Füzulidən Şuşaya qədər olan məsafə 84.6 km təşkil edəcək. Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir, “Zəfər yolu” ilə kəsişmədə isə tunellər inşa olunub. Yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək. Yolda inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa, müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.
Bu yolun layihəsinə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsilə keçməklə inşa ediləcək.

QƏLƏBƏMİZİ VƏ İLHAM ƏLİYEVİN QURUCULUQ ƏZMİNİ SİMVOLİZƏ EDƏN YOLLAR

Ümumiyyətlə, bu gün Qarabağ və Şərqi Zəngəzurda inşa olunan yolların hər biri Vətən müharibəsindəki qələbəmizi, İlham Əliyevin quruculuq əzmini simvolizə edir. Məsələn, sərt relyefli Murovdağ silsiləsindən keçməklə inşa olunan Toğanalı-Kəlbəcər-İstisu yolu həm də dövlətimizin gücünün ifadəsidir. Bu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqdan, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Tunel və körpü olan hissələrdə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır.
Bu yolun 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 m-dən 3250 m-ə qədər artır. Burada mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bu ərazilərdə inşa ediləcək dolaylara əlavə özül əsaslı istinad divarları tikilsə belə, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bölgədə sərt qayaların olması səbəbindən yolun tikildiyi ərazidə tikinti texnikalarının hərəkət qabiliyyəti də məhdudlaşır. Mövcud yoldan istifadə edərkən Murovdağ zirvəsindən enişdə də eyni çətinliklər yaranır. Yolda maillik 16-28 faiz arası dəyişir. Əgər yol 7 faiz mailliklə tikilsə, mövcud 16.5 km-lik yolun uzunluğunun dolaylarla daha 15 km uzadılması tələb olunur. Bu üzdən çətin relyefə malik ərazidə 31.5 km-lik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11.7 km-lik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət” və “Cengiz İnşaat Sənaye və Ticarət” şirkətlərinin də cəlb olunduğu 80,7 km-lik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun çəkilməsi, dağ ərazilərdə tunellərin inşası göstərir ki, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərinin bərpası üçün ən mürəkkəb layihələri belə həyata keçirməyə qadirdir.
İndi işğaldan azad edilmiş ərazilərdə hətta sovet dövründə olmayan istiqamətlərdə yeni yollar salınır. Başda “Zəfər yolu” olmaqla bütün yol layihələrinin hamısı sürətlə icra olunur. Zamanla onların sırasına yeniləri əlavə olunacaq, Qarabağ və Şərqi Zəngəzurda respublika əhəmiyyətli yollarla yanaşı, yerli əhəmiyyətli yollar da yenidən qurulacaq. Hazırda işğaldan azad olunan ərazilərdə həyata keçirilən işlərin sürəti və “Zəfər yolu”nda gördüklərimiz bunu təsdiq edir.
Bərpa- quruculuq işlərinin həyata keçirilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait də ayrılmışdır. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondu da təsis olunmuşdur.
Fondun yaradılmasında əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir. 30 il ərzində erməni vandalları yaşayış və ictimai binaları, bütün infrastrukturu, maddi və mədəni abidələri dağıtmış, yeraltı sərvətlərimizi vəhşicəsinə talan etmişlər. Ona görə də, işğaldan azad olunmuş ərazilərdə normal həyatın qaytarılması və iqtisadi inkişafın bərpa olunması böyük maliyyə vəsaiti tələb edir.
Əlbəttə, dövlət büdcəsindən vəsait ayrılmışdır, bununla belə, büdcədənkənar vəsaitlərin bu prosesə cəlb olunması böyük əhəmiyyət daşıyır və beynəlxalq maliyyə institutlarının, yerli və xarici investorların və kommersiya banklarının bərpa işlərinə cəlb olunması vacibdir. Bu mənada Qarabağ Dirçəliş Fondunun təsis olunması böyük əhəmiyyət daşıyır. Fondun vəsaitlərinin fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşması işğaldan azad edilmiş rayon, şəhər, qəsəbə və kəndlərdə bərpa-quruculuq işlərinin geniş vüsət alması üçün geniş imkanlar açacaq.

BÜTÜN YOLLAR QARABAĞA APARIR

Hamımız, “Mən azərbaycanlıyam!” deyənlərin hamısı bu yolun yolçusu olacaq - Bu yol Böyük Qələbənin Qarabağa apardığı yoldur. Bu yol müqəddəsliyə, haqqın, ədalətin bərpa olunduğu «Qarabağ Azərbaycandır!»a gedən, şəhidlərimizin qanı ilə yoğrulan «Zəfər yolu», Qarabağa aparan inam yoludur. Bu inam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” kəlamının qürurunun qüdrətidir...
Və bir millətin böyüklüyünün hüdudlara sığmayan Vətən sevgisindən yarananvə elə bu hüdudsuz sevgi ilə bütün cığırları Qarabağa gedən yola birləşən, öndə “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” deyən Ali Baş Komandanın «Dəmir yumruq» siyasəti ilə Müzəffər Ordumuzun igid əsgər və zabitlərinin rəşadəti ilə bütün yolların kəsişdiyi «Qarabağ Azərbaycandır!»a aparan yoludur!
Bu gün hər bir Azərbaycan vətəndaşı çox qürurludur. Çünki Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda böyük sürətlə bərpa və yenidənqurma işləri aparılır, ən yüksək standartlar səviyyəsində regionun gələcəyi qurulur. Böyük Qayıdışın tezliklə reallığa çevriləcək. İşğaldan azad edilmiş ərazilərdə inşa edilən - BÜTÜN YOLLAR QARABAĞA aparır - öz dədə-baba yurdlarına, «QARABAĞ AZƏRBAYCANDIR!»a aparan yolla bu torpaqlarda əbədi yaşayacaqlar.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə