“Ermənistan artıq özünü məhvetmə prosesinə başlayıb” ANALİTİK+AKTUAL

“Ermənistan artıq özünü məhvetmə prosesinə başlayıb” ANALİTİK+AKTUAL

Rusiya Federasiyasının dövlət müşavirindən maraqlı proqnozlar

Ermənistanda cərəyan edən məlum siyasi situasiya və bu fonda baş verən hadisələr həmin ölkənin KTMT-də və Avrasiya İqtisadi İttifaqında müttəfiqi olan Rusiyanın diqqəti mərkəzində saxlanılmaqda davam edir. Artıq bir sıra Rusiya politoloqları və konfliktoloqları Ermənistandakı vəziyyətin çərçivədən çıxdığını bildirir, o cümlədən davam edəcəyi halda ölkənin məhv olması ehtimallarının artacağını da istisna etmirlər.

SİA xəbər verir ki, mövzu ilə bağlı mətbuata müsahibə verən daha bir Rusiya politoloqu, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru, “Şərq vektoru” - Konsaltinq mərkəzinin direktoru Tatyana Poloskovanın sözlərinə görə, Ermənistan müxalifətinin Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalaması məqsədinə qarşı çıxması və onun istefasını tələb etməsi ölkəni sürətlə siyasi məhvə doğru sürükləməkdədir.

Lakin müsahibədəki daha bir məqam sülh müqaviləsinin imzalaması prosesində Rusiya ilə Avropanın vasitəçilikləri ilə bağlıdır. Bununla bağlı fikirlərini bildirən Tatyana Poloskova Ermənistan prezidenti Vaaqn Xaçatryanın Ermənistan-Azərbaycan arasındakı dialoq perspektivinə optimiz ruhunda yanaşması ilə bağlı bəyanatını xatırladıb və ona da eyham vurub ki, erməni hökumətinin özündə də fikir ayrılıqları mövcuddur: “Demək olar ki, bu günlərdə Ermənistanın xarici işlər naziri Azərbaycan KİV-lərini “müharibə ritorikasında” ittiham edib. Ermənistan rəhbərliyində və bu ölkənin siyasi isteblişmentində Qarabağın Azərbaycana təhvil verilməsini bir çoxları qəbul etmir. İctimai rəyə gəldikdə isə bizim gözlərimizin önündə kütləvi etiraz fəaliyyətləri baş verir və bütün bunlar yalnız Ermənistanın paytaxtında deyil, eləcə də kənd yerlərində yaşanır. Əgər Azərbaycanla Ermənistanın rəhbərlikləri səviyyəsində ikitərəfli münasibətlər baxımından həlledici məsələlərdə qarşılıqlı anlaşmalar varsa, vətəndaş cəmiyyətində sərt ritorika yaşanmaqda davam edir. Lakin münasibətlərin normallaşması istiqamətindəki prosesə yalnız elitanın deyil, həm də hər iki ölkənin xalq kütləsinin cəlb etməməsi real nəticələrin əldə olunmasında çətinliklər yaradır”.

“Əgər erməni cəmiyyəti bundan sonra da həmin yolla getməyə davam etsə, bu ölkə dünya xəritəsindən silinəcək”

Poloskova onu da qeyd edib ki, vasitəçilik missiyaları əsas faktordur. Ancaq Ukraynada yaşanan hərbi əməliyyatlardan doğan iqtisadi və humanitar böhran dünyanı iki hissəyə parçalayıb, həmçinin Rusiyaya qarşı ağır sanksiyaların tətbiqinə yol açıb. Cənubi Qafqaz mövzusu isə ikinci plana keçid alıb. “Hətta “vasitəçi Rusiya” ifadəsi, eləcə də sülhməramlıların Qarabağ regionunda mövcudluğu dünyada bir çoxlarında sarkazm gülüşü yaradır”, deyə Rusiyanın siyasi elmlər doktoru etiraf edib.

Poloskova Ermənistanda davam edən küçə iğtişaşlarının ölkə hakimiyyətinin dəyişilmə, yaxud dəyişilməmə ehtimallarına da öz proqnozlarını irəli sürüb. Onun sözlərinə görə, bu baş verə bilər, ancaq Ermənistan hələ həmin hadisələrə qədər özünü məhvetmə prosesinə qədəm qoyub: “Miqrantların dedikləri kimi, soyuq Sevandan (Göyçə gölünü nəzərdə tutur-R.R.) Atlantikanın ilıq sularına qədər”. Erməni diasporası rəsmi İrəvandan ümidlərini üzüb və bundan sonra bir daha nəhəng subsidiyalar ayırmaq istəmir, hansı ki, həmin subsidiyalar uşaqlara yardımlar yerinə bahalı maşınlara və İrəvan elitasının villalarına xərclənirdi. Ekspertlərin qiymətləndirmələrinə görə, son illərdə Azərbaycan diasporasının potensialı həmin ABŞ-da kifayət qədər güclənib. Türklərin təşkilatları ilə ittifaqda onlar heç də ermənilərin potensiallarından geri qalmırlar. Rusiyadakı ermənilər isə Ermənistanı “baş tutmayan layihə” adlandırırlar. Revanşçı əhval-ruhiyyə yalnız müharibədəki məğlubiyyətlə əlaqəli deyil, həm də ona görədir ki, 30 ildə real müstəqil və iqtisadi cəhətdən güclü dövlət qurula bilinmədi. Bu aqoniyadır. Və əgər erməni cəmiyyəti bundan sonra da həmin yolla getməyə davam etsə bu ölkə dünya xəritəsindən silinəcək”.

“Rəsmi İrəvan yürüyə-yürüyə ayaqqabı geyinmək cəhdi ilə siyasi impotentə çevrilmiş Minsk qrupuna sığınmaq istəyir”

Bakının beş baza prisniplərinin ermənilər tərəfindən yerinə yetirilib-yetirilməməsinə gəlincə isə Poloskova xatırladıb ki, erməni KİV-ləri və bir sıra siyasətçilər mövcud məsələyə ayrı cür şərh verirlər. Belə ki, onlar “Nikol Paşinyanın erməni xalqının arxasından alçaq, antimilli və antidövlətçi siyasət apardığını” bildirirlər: “Bu barədə ölkənin Respublika partiyasının sədr müavini Armen Aşotyan deyib. Ermənistan hakimiyyəti müxalifət tərəfindən onda ittiham edilir ki, iqtidar İrəvanın 6 bəndlik təkliflərinin müddəalarını gizlədir və s. Həmin təkliflər ictimai məkanda ictimailəşdiriləndə məlum oldu ki, rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasını uzatmaq məqsədi ilə oyunbazlıq nümayiş etdirir, yürüyə-yürüyə ayaqqabı geyinmək cəhdi ilə siyasi impotentə çevrilmiş Minsk qrupuna sığınmaq istəyir. Biz danışıqlar prosesində erməni elitasının əhəmiyyətli hissəsinin sabotajçılığını müşahidə etməkdəyik. Amma istənilən sülh tənzimlənməsində müqavilənin imzalanması faktı deyil, daha çox onun realizə olunmasında hansı addımların atıması əhəmiyyət kəsb edir”.

“Paşinyan özü-özlüyündə faciəvi fiqurdur və nə qədər qəribə görünsə də, Azərbaycanla münasibətlər yaratmaq, Türkiyə ilə diplomatik münasibətləri bərpa etmək onun mövqelərini möhkəmləndirə bilər”

Rusiya federasiyasının birinci dərəcəli dövlət müşaviri Paşinyanın erməni hərbçiləri tərəfindən Azərbaycanın mövqelərini gündəlik şəkildə atəşə tutması faktlarının qarşısının alınmasına etinasız münasibət nümayiş etdirməsinə də aydınlıq gətirib və bildirib ki, Paşinyan yalnız hakimiyyəti saxlamağa cəhd göstərmir. Belə ki, bu artıq keçilmiş mərhələdir və nəzərə çarpmayan hər hansı uğurlara söykənmir: “Söhbət müxalifətin hakimiyyətə yiyələnəcəyi halında azadlığı və mümkündür ki, həyatı qorumaqdan gedir. Əlbəttə ki, etirazlar dəhşətli və kütləvi hal almazsa. Tarixdə belə presedentlər yaşanıb. İyunun 1-də 2020-ci il müharibəsində həlak olmuşların valideynləri İstintaq komitəsinin qarşısında etiraz aksiyası keçirərək Paşinyanı cinayət məsuliyyətinə cəlb etməyə çağırırdılar. Məgər bu azdır? Ancaq “su daşı itiləyir”. Paşinyan isə artıq “xalqın sevimlisi” deyil və “xalqın tribunası” təsirini də çoxdan itirib. Paşinyan baş nazir qismində açıq-aşkar erməni dövlətindəki proseslərə hətta həlledici nöqtələrində belə nəzarət edə bilmir. Onun hakimiyyət strukturlarında ciddi dəstək qrupu yoxdur o ki qalsın beynəlxalq səviyyədəki “Paşinyan dostlarına”. O özü-özlüyündə faciəvi fiqurdur və nə qədər qəribə görünsə də, Azərbaycanla münasibətlər yaratmaq, Türkiyə ilə diplomatik münasibətləri bərpa etmək onun mövqelərini möhkəmləndirə bilər. Ancaq o, bilmirəm ya şəxsi keyfiyyətləri səbəbindən, yaxud da xarici qüvvələrin təzyiqləri üzündən bu addımları da atmağa cürət etmir”.

“Mümkündür ki, tezliklə Mərkəzi Asiya da alovlansın – orada situasiya gərgindir”

Poloskova əvvəl-axır Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını istisna etməsə də bu prosesin yaxınlarda baş verəcəyinə inanmadığını da bildirib. Rusiyalı siyasətçi Moskvanın hazırkı məqamda Bakı ilə İrəvana olan münasibətindən də danışıb, eləcə də Rusiyanı qıcıqlandıran faktorlara da toxunub: “Bəli, indi Rusiyanın nə Bakı, nə də İrəvana vaxt ayırmağa imkanı yoxdur. Ukraynada blitskrikə nail olunmadı, sanksiyalar Rusiyanın iqtisadiyyatına və sadə rusiyalıların həyatlarına ağır zərbələr vurur... Cəmiyyətin əhval-ruhiyyəsi aydındır ki, heç də xoş deyil. Sadə rusiyalılar üçün isə ümumiyyətlə Cənubi Qafqaz maraq kəsb etmir və yalnız sadə insanlar deyil. Mümkündür ki, tezliklə Mərkəzi Asiya da alovlansın – orada situasiya gərgindir. Lakin bu müşahidələrimlə mən Mərkəzi Asiya ilə bağlı monitorinqlərimi başa çatdırdıqdan sonra, yəni bir neçə ay sonra bölüşəcəm, indi də bu işlə məşğulam. Kremli isə hazırda çox şeylər qıcıqlandırır. Bunu daha çox etiraf kimi qəbul etmək mümkündür. Bu cür həmişə olur, nə vaxt ki, işçiləri baş verənlərin real mənzərəsini deyil, fərqli məsələləri rəislərinə deyərək ona yarınmaq istəyirlər və nəticədə həqiqət anı yetişir. Heyf ki, bunun da nəticəsi çox baha başa gəlir”.

“Təəssüf ki, Rusiyada türk ictimai rəyinin bu tərəfindən olan məlumatlar azdır”

Rusiyalı politoloq erməni-türk münasibətlərinin normallaşması mümkünlüyü barədə də danışıb və bildirib ki, həmin mümkünlük kifayət qədər genişdir: “Ermənilər əsrlər boyu Türkiyədə yaşayıblar və indiyə qədər də yaşayırlar. Özü də yalnız iqtisadiyyatda deyil, siyasətdə də kifayət qədər güclü mövqelərə malikdirlər. Təəssüf ki, Rusiyada türk ictimai rəyinin bu tərəfindən olan məlumatlar azdır. Necə ki, Ermənistanın təsis edilməsində, paytaxtının isə İrəvanın təyin olunmasında, həmçinin ölkə ərazilərinin formalaşdırılmasında, eləcə də bütün bunların siyasi oyunlarda istifadəsi reallıqlarında olduğu kimi”.

Dövlət müşaviri xatırladıb ki, ermənilərdən istifadə edilməklə Osmanlı imperiyasına hücumlar başlanıldı və bunun kimin üçün sərf etməsi də əslində bəllidir. O, tarixə müraciət edərək bildirib ki, daşnak təxribatları siyasi oyunlarda istifadə edilməsəydi ermənilər bu gün daha çox şəkildə Türkiyədə digər xalqlarla birlikdə sülh şəraitində yaşayacaqdılar. “Bu baxımdan, erməni-türk münasibətlərinin normallaşmasında maneələr görmürəm. Özü də baxmayaraq ki, sərhədlər bağlıdır, Ermənistan və Türkiyə xalqları arasında münasibətlər kəsilmirdi. Lakin bu ayrı və böyük mövzudur”, deyə politoloq sonda bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə