Zəfər qazanmış xalqımızın uşaqları gələcəyimizin təminatçısıdır TƏHLİL
Bütün dünya ölkələri 1 İyun tarixini Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etdi. Yarım əsrdən artıq tarixi olan bu gün 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib. Elə həmin tədbirdə də, 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. BMT-də Uşaq Hüquqlarına dair Konvensiya qəbul edilib və Uşaq Hüquqları Konvensiyası - BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqların Konvensiya ilə müəyyən edilmiş hüquqlarını təmin edir. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Ölkəmizdə müasir uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması kimi məsələlərin zəruriliyini nəzərə alaraq, əlverişli mənəvi və sosial mühitin yaranması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Uşaqların qayğısına qalaraq intellekti yüksək olan, savadlı nəslin yetişməsinə tələb olunan şəraitin yaradılmasına önəm verilir. Azərbaycan müstəqillik dövründə, uşaq hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirib. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun 24-də "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı imzaladığı Fərmanı uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsi hüquqlarının təmin olunmasında böyük əhəmiyyətə malikdir. Bu sənəd cəmiyyətdə uşaqların müdafiəsinə və onların inkişafına xüsusi təkan oldu.
Ulu Öndər Heydər Əliyevin ideyaları əsas götürülərək, müasir dövrdə uşaq və gənclərin vətəndaşlıq, vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyə sisteminin hüquqi əsası formalaşdırılmış və normativ mənbə kimi bir sıra proqramlar qəbul edilmişdir. Uşaq siyasətinə xüsusi diqqət yetirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu sahədə bir sıra uğurlu dövlət proqramları və layihələr reallaşır. Uşaq siyasəti ilə bağlı Prezident İlham Əliyevin Fərmanı ilə "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası" təsdiq edilib. Qaydalar uşaq sahəsində nəzarətin gücləndirilməsi, müvafiq dövlət orqanlarının uşaq sahəsində fəaliyyətinin əlaqələndirilməsi baxımından, xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti" Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.7-ci maddəsinə uyğun olaraq, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin təşkilini və həyata keçirilməsini tənzimləmiş oldu. Dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması idi. Eyni zamanda, uşaq hüquqlarının pozulmasına səbəb olan halların qarşısının alınmasında əhəmiyyətli bir sənəddir.
HEYDƏR ƏLİYEV FONDU XÜSUSİ QAYĞIYA EHTİYACI OLAN, VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARA DİQQƏT VƏ QAYĞI İLƏ YANAŞIR
Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib. Paylaşımda qeyd olunur: "Bütün balaca soydaşlarımızı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər bir uşağa möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram! Uca Tanrı uşaqları bütün qada-balalardan qorusun!"
Belə ki, fond xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Fondun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi" layihələri, məhz uşaqların fiziki və mənəvi sağlamlığı, yetkin bir şəkildə formalaşması istiqamətində həyata keçirilir. Fond tərəfindən "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində aparılan əsaslı təmir və yenidənqurma işləri cəmiyyətdə əks-səda yaradıb.
Bu gün uşaq və gənclərin mənəvi və əxlaqi, vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi üçün bütün tədbirlər həyata keçirilir. Bundan başqa, onlarda milli mədəniyyətimizə maraq, ümumbəşəri və milli dəyərlərin mənimsənilməsinə olan tələbat, bədii zövq və incəsənətə meyil, cəmiyyət həyatında iştirakın formalaşmasına hərtərəfli yardım göstərilir. Təhsil müəssisələrində uşaq və gənclərin istirahəti və asudə vaxtlarının təşkilinə diqqət artırılmışdır. Peşə seçimi, iqtisadi və əmək tərbiyəsi onlarda bir sıra amillərin formalaşmasına səbəb olmuşdur: sosial və iqtisadi mədəniyyət, əməyin şəxsi və ictimai əhəmiyyətinin dərk edilməsi, uşağın bu prosesdə iştirakı və şəraitə uyğunlaşmaq bacarığı, yaradıcı praktik düşüncə, təhsil və peşəkarlıq dəyərlərinə maraq və s. problemlərin uğurlu həlli bütün cəmiyyətin həyat fəaliyyəti və onların sonrakı mütərəqqi inkişafından asılıdır. Bütün bunlar, onu deməyə əsas verir ki, Azərbaycan gələcəyin qurucusu olacaq, uşaqların sabahı üçün böyük tədbirlər görür və dünyanın işıqlı sabahını təmin edir.
30-DAN ARTIQ AZƏRBAYCANLI UŞAQ ERMƏNİ TERRORUNUN QURBANI OLUB
Əlbəttə ki, bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günündə erməni vəhşiliyinin qurbanına çevrilən uşaqları qeyd etməliyik. 44 günlük Vətən müharibəsində biz erməninin vəhşi simasını bir daha görmüş olduq. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük müharibədə Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasında xəbər vermirmi? Qocaya, cavana, uşağa qıyan erməni müharibə qanunlarını belə pozaraq çirkin niyyətləri ilə tarixən nəyə xidmət etdiklərini bir daha göstərdi. Azyaşlıya qıyan, onu yetim qoyan, insanları şikəst, kor edən, əlil edən, bir ailənin faciəsini qatili olan erməni. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilər Vətən müharibəsinə qədər 30-dan artıq azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhra Quliyeva da erməni vandalizminin qurbanına çevrildi. Bu, nə insanlığa, nə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquqi normalara sığır. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozub. Vətən müharibəsi dövründə 12 nəfər uşaq həlak olub. Beynəlxalq konvensiyaları pozan ermənilər qanun qarşısında məsuliyyət daşıyırlar. Bu gün Azərbaycan xalqı qalib xalqdır. 30 ilə yaxın işğal altında olan torpaqlarımız ötən ilin sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsində işğaldan azad olundu. Hər qarışına qan axıdılan müqəddəs torpaqlarımız azad nəfəs alır. Bu torpağın gələcək qurucuları bu günün uşaqları, gəncləridir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB