Dayanıqlı və təhlükəsiz enerji güclərin birliyi - “Bakı Enerji Həftəsi” TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: “Builki Bakı Enerji Həftəsi qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir”
Bu gün Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır. Xüsusilə son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri Avropa dövlətlərini yeni enerji mənbələrini təmin etməyə sövq etdi. Bu baxımdan, regionun əsas neft ölkələrindən biri kimi Azərbaycana diqqətin artması təbii idi. Avropa gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini qiymətləndirməyə bilməzdi. Məhz Avropa dövlətlərinin alternativ enerji təminatçısı kimi üzünü ölkəmizə çevirməsi anlaşılandır. Çünki Azərbaycan həm də sabit və etibarlı imici ilə diqqət çəkir. Buna görə də ekspertlərin “Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır” qənaəti hər kəs tərəfindən şəksiz qəbul edilir və Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir. Bir sözlə, təməli ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Beləliklə, 28 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə çox azları düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək. Və bu gün ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir. Dünən Bakı Ekspo Mərkəzində Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi» çərçivəsində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsi qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir. Belə ki, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji” sərgisini və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Forumu”nu özündə birləşdirir.Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına ünvanladığı məktubunda bildirib ki, builki «Bakı Enerji Həftəsi» qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir.
“BAKI ENERJİ HƏFTƏSİ» AZƏRBAYCAN HÖKUMƏTİNİN UĞURLA MÜBARİZƏ APARDIĞI PANDEMİYANIN YARATDIĞI İKİİLLİK FASİLƏDƏN SONRA YENİDƏN TƏŞKİL OLUNUR”
“Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji” sərgisini və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Forumu”nu özündə birləşdirir”.Bu barədə Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına məktubunda bildirilir.Dövlətimizin başçısı qeyd edir ki, Bakı Enerji Həftəsi Azərbaycan hökumətinin uğurla mübarizə apardığı pandemiyanın yaratdığı ikiillik fasilədən sonra yenidən təşkil olunur. Həm canlı görüşlər, həm də bölgənin sənaye liderləri ilə canlı dialoq sərgi və forumun əhəmiyyətini daha da artırır. Builki Bakı Enerji Həftəsi daha dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir.“Təqdirəlayiqdir ki, qlobal çağırışa çevrilmiş dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması, habelə əlverişli və təhlükəsiz enerji təchizatı kimi məsələlər builki Enerji Həftəsində dialoqun əsas gündəliyini təşkil edir. Eyni zamanda Bakı Enerji Forumu enerji sektorunun əsas tədbiri statusu qazanmış Xəzər Neft və Qaz Konfransının ənənələrini davam etdirməklə yanaşı, gündəliyini yeni enerji seqmentləri ilə də genişləndirmişdir”, - deyə məktubda vurğulanır.
“ENERJİNİN TRANSFORMASİYASINDA TƏBİİ QAZIN GETDİKCƏ DAHA ÇOX ƏHƏMİYYƏT KƏSB ETMƏSİ FONUNDA “CƏNUB QAZ DƏHLİZİ” LAYİHƏSİNİN ÖNƏMİ DAHA DA ARTIR”
Məktubda bildirilir ki, dünya ölkələrinin üzləşdiyi çağırışlar və qlobal enerji balansında gözlənilən struktur dəyişikliyi region üçün də dayanıqlı və təmiz enerji güclərinin artırılması, yeni enerji marşrutlarının müəyyən edilməsi kimi vəzifələri gündəmə gətirmişdir: «Bunu nəzərə alaraq, qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasında önəmli oyunçulardan olan Azərbaycan xüsusilə bərpa olunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir”. “Enerjinin transformasiyasında təbii qazın getdikcə daha çox əhəmiyyət kəsb etməsi fonunda “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi daha da artır. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu enerji dəhlizinin gələcəkdə genişləndirilməsi imkanları böyükdür”, - deyə məktubda bildirilir.
“2030-CU İLƏDƏK AZƏRBAYCANI “YAŞIL ARTIM” ÖLKƏSİNƏ ÇEVİRMƏYİ MİLLİ PRİORİTETLƏRDƏN BİRİ KİMİ MÜƏYYƏNLƏŞDİRMİŞİK”
Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına məktubunda bildirilir ki, Azərbaycanda enerji təhlükəsizliyinə, xüsusilə “yaşıl enerji” siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edilmişdir. Enerji sahəsində açıq, şəffaf, biznes maraqlarına xidmət edən və nəticələrə hesablanmış əməkdaşlıq və qarşılıqlı dəstək bizim daimi prinsiplərimizdir. 2030-cu ilədək olan dövrdə biz “yaşıl artım” ölkəsinə çevrilməyi və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirmişik. Belə bir siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcəkdir.
Məktubda deyilir: “Ölkəmizdə mövcud olan sabitlik, iqtisadi inkişaf, müasir infrastruktur, əlverişli biznes mühiti və böyük enerji potensialı bərpa olunan enerji növlərinin istehsalı və ixracı sahəsində geniş perspektivlər yaratmışdır. Azərbaycan enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə birlikdə bərpa olunan yeni enerji güclərinin yaradılmasına hədəflənən iri layihələrin icrasına başlayıb. Artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılması sahəsində mühüm nailiyyətə imza atılıb. Bu, beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir”. Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına məktubunda vurğulayıb ki, işğaldan azad edilmiş tarixi ərazilərimizin böyük enerji potensialı uğurlu “yaşıl enerji” layihələrinin həyata keçirilməsi və regionda enerji təhlükəsizliyi üçün geniş perspektivlər vəd edir. Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9?10 min meqavata çata bilər: «Bu məqsədlər üçün aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual layihələr hazırlanıb, müasir bərpa olunan enerji mənbələrindən ibarət unikal “yaşıl enerji zonası” konsepsiyasının yaradılması davam etdirilir. Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, bərpa olunan enerji potensialımız “yaşıl artım” ölkəsinə çevrilmək üçün mühüm imkanlar vəd edir”, - deyə Prezident məktubunda vurğulayıb.
“BU GÜN BEYNƏLXALQ ALƏMDƏ ETİBARLI TƏRƏFDAŞ KİMİ TANINAN ÖLKƏMİZİN MÖVQEYİ DAHA DA GÜCLƏNİR”
“Dünya neft və enerji sənayesinin inkişafında xüsusi mövqeyi ilə seçilən Azərbaycan həmçinin müxtəlif ölkələrdə genişmiqyaslı investisiya layihələri həyata keçirməkdədir. Bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan ölkəmizin mövqeyi daha da güclənir”. Bu barədə Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına məktubunda bildirilir. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir və xarici sərmayədarlar üçün də əlverişli şərait yaradır. Regionda enerji təhlükəsizliyi, diversifikasiyası və “yaşıl enerji”yə keçidin sürətləndirilməsi üçün əməkdaşlığı daha da genişləndirməyə çağıran Prezident vurğulayıb ki, perspektivdə enerji təhlükəsizliyi sahəsində çağırışları uğurla qarşılamaq məqsədilə bu sahədə yeni texnologiyaların və rəqəmsal həllərin tətbiqi üstünlük təşkil etməlidir: «Azərbaycan, uzun müddətdir, belə qlobal əhəmiyyətli tədbirə ev sahibliyi edir. İnanıram ki, özünün çoxillik təcrübəsi sayəsində sərgi və forumunuz aktual mövzulu dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli əməkdaşlığa töhfələr verəcəkdir”.
“BİZ NƏHƏNG ENERJİ LAYİHƏLƏRİNİ HƏYATA KEÇİRMƏYƏ QADİRİK”
Qeyd edək ki, Prezident İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin açılış mərasimində çıxışı zamanı işğaldan azad edilmiş Azərbaycan ərazilərinin alternativ enerji resursları baxımından böyük potensialı olduğunu deyib. Dövlət başçısı bildirib ki, Azərbaycandan Gürcüstanın Qara dəniz sahilinə ilk neft kəməri olan Supsanın açılışı bizə ixraca başlamağa və bir çox ölkənin ehtiyaclarını qarşılamağa imkan verdi.“Enerji təhlükəsizliyi tam təmin edilmirdi. Elektrik kəsintiləri, qaz tədarükü problemləri var idi. Beləliklə, biz öz enerji təhlükəsizliyimizin təmin edilməsi üçün çox çalışmağa başladıq və bu baş verdi. Biz eyni zamanda, paralel olaraq beynəlxalq investorlarla, neft istehsalının artırılması və beynəlxalq bazarlara çatdırılması məqsədi ilə dünyanın aparıcı enerji şirkətləri ilə fəal işləyirdik» - deyən Prezident İlham Əliyev vurğulayıb ki, ötən əsrin sonunda önəmli hadisə baş verdi: “Azərbaycandan Gürcüstanın Qara dəniz sahilinə ilk neft kəməri olan Supsanın açılışı oldu. Bu, bizə ixraca başlamağa və bir çox ölkənin ehtiyaclarını qarşılamağa imkan verdi”. Prezident qeyd edib ki, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışından sonra Azərbaycan qazının ilk dəfə ixracına başlanılıb.
Dövlət başçısı vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan, eləcə də Azərbaycanın bütün digər enerji nəqli infrastrukturu layihələri fasiləsiz fəaliyyət göstərir: “Əlbəttə, bu, proqnozlaşdırıla bilənliyi, etibarlılığı nümayiş etdirir. Bu nümayiş etdirir ki, biz belə nəhəng infrastruktur layihələrini həyata keçirməyə qadirik”.
“AZƏRBAYCAN XARİCİ İNVESTİSİYALAR ÜÇÜN ÇOX CƏLBEDİCİDİR”
“BP və SOCAR-ın Cəbrayılda günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlarının tezliklə yaxşı nəticələnəcəyinə ümid edirəm»,-deyən dövlət başçısı bildirib ki, BP bizim strateji tərəfdaşımızdır və neft-qaz sektorunda aparıcı investorlardan biridir: “Mən çox şadam ki, BP alternativ enerjiyə maraq göstərir. Hazırda SOCAR və BP azad edilmiş Cəbrayıl rayonunda 200 meqavat gücə malik günəş elektrik stansiyasının inşasını müzakirə edir. Mən ümid edirəm ki, tezliklə bizim yaxşı nəticələrimiz olacaq”. Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan xarici investisiyalar üçün çox cəlbedicidir: “Dünyada geosiyasi vəziyyətin bir neçə ay əvvəl ilə müqayisədə tamamilə fərqli olduğu bu vacib dövrdə bizimlə çalışmaq istəyən istənilən ölkə və istənilən şirkətlə əməkdaşlığa hazırıq”.
“ALTERNATİV ENERJİ İLƏ BAĞLI BİR ÇOX ŞİRKƏTLƏ AKTİV DANIŞIQLAR APARILIR”
Dövlət başçıs İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş Azərbaycan ərazilərinin alternativ enerji resursları baxımından böyük potensialın olduğunu deyərək onu da qeyd edib ki, hazırda alternativ enerji ilə bağlı bir çox enerji şirkəti ilə aktiv danışıqlar aparılır: «Biz alternativ enerji ilə bağlı bir çox enerji şirkətləri ilə danışıqların aktiv mərhələsindəyik. Xəzərin nəhəng imkanları var. Artıq qiymətləndirilib və məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı və imkanları 150 000 meqavatdır. Bu, böyük həcmdir. Eyni zamanda, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq azad etdiyimiz ərazilərdə böyük potensial var. Xüsusilə də Kəlbəcər və Laçında, eləcə də digər ərazilərdə. Biz sadəcə külək və günəş potensialını təxminən 9-10 min meqavat olaraq proqnozlaşdırırıq. Böyük potensialı olan suyu da bura daxil etsək, təxminən 1000 meqavat əlavə həcm olar. Bütün bunlar hökumətimiz tərəfindən hazırda ciddi şəkildə həll edilir".
"BİZ TANAP-IN GENİŞLƏNDİRİLMƏSİ İLƏ BAĞLI DÜŞÜNƏ BİLƏRİK, ÇÜNKİ AZƏRBAYCAN QAZINA TƏLƏB ARTIR"
"Biz yeni çağırışları və tələbləri nəzərə alaraq digər potensial qaz istehlakçıları ilə müzakirələr aparırıq".Bunu «Bakı Enerji Həftəsi» çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.«Mən aktiv əməkdaşlığa görə Cənub Qaz Dəhlizi layihəsinin iştirakçı ölkələri olan Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya hökumətlərinə minnətdarlığımı bildirmək istərdim. Yeni çağırışların və yeni tələblərin olduğunu nəzərə alaraq əlbəttə, biz artıq digər potensial istehlakçılarla müzakirələr aparırıq. Amma bunun üçün əlbəttə ki, sadəcə bizim səylərimiz kifayət etməyəcək. Avropada infrastruktura, yeni interkonnekterlərin tikilməsinə investisiya yatırılmalıdır və əlbəttə, şərtlərlə bağlı razılaşma olmalıdır", - Prezident İlham Əliyev vurğulayıb.Dövlət başçısı qeyd edib ki, prosesin sürətləndirilməsi üçün mümkün hər şey ediləcək və bu artıq başlayıb.Prezident İlham Əliyev Azərbaycanın böyük enerji layihələrinə verdiyi dəstəyə görə ABŞ və Böyük Britaniya hökumətlərinə də təşəkkürünü bildirib: “Mən həmçinin, bizim enerji siyasətimiz və performansımıza hər zaman böyük dəstək göstərmiş ABŞ və Böyük Britaniya hökumətlərinə təşəkkür etmək istərdim. Onların böyük dəstəkləri ilə biz bu nəticələrə nail olmuşuq”.
Azərbaycanı Prezident Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində beynəlxalq maliyyə təşkilatlarının da önəmli rol oynadığını vurğulayıb.“Biz TANAP-ın genişləndirilməsi ilə bağlı düşünə bilərik. Çünki artıq dediyim kimi, Azərbaycan qazına tələb artır. Potensial buradadır. Siyasi iradə buradadır. Ona görə də biz vaxt itirməməliyik”, - Prezident İlham Əliyev əlavə edib. Sonda Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb. Göründüyü kimi, bütün bunlar onu göstərir ki, Azərbaycan həm də enerji keçidi ilə bağlı qlobal çağırışların uğurla reallaşdığı ölkələrdəndir və bundan sonra da uğurları daha çox olacaq. Dövlət başçımızın dediyi kimi: «İnanıram ki, özünün çoxillik təcrübəsi sayəsində sərgi və forumunuz aktual mövzulu dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli əməkdaşlığa töhfələr verəcəkdir».
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB