"Bu gün dünyada bizdən cəsarətli, böyük XALQ yoxdur" - MÜSAHİBƏ

"Bu gün dünyada bizdən cəsarətli, böyük XALQ yoxdur" - MÜSAHİBƏ

Müsahibimiz Azərbaycan Jurnalistlər Birliyinin üzvü, politoloq Svetlana Bayramovadır

- Svetlana xanım, bildiyimiz kimi, siz ziyalı mövqeyindən çıxış edərək, ölkəmizin, eləcə də Cənubi Qafqazın lider siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak etmisiniz.

- Mən, ölkəmizin ictimai-siyasi həyatının ən çətin zamanında Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal rol oynamış və bütün iradəmi səfərbər edərək prinsipial mövqedən çıxış etmişəm. Müstəqilliyimizin ilk illəri hər kəsin xatirindədir, anarxiya, xaos baş alıb gedirdi. Belə bir zamanda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qaydışına mane olmaq istəyən insanlar çox idi. Bildiyiniz kimi, yaranmış zərurətdən irəli gələrək mərhum Zahid Qaralov Ulu Öndər Heydər Əliyevin Hüquqlarını Müdafiə Təşkilatını yaratmışdı. Mən bu barədə məlumat alandan sonra Ulu Öndərin müdafiəsi ilə bağlı ziyalı qadın olaraq onun yanına gedib fikirlərimi bildirdim. Bu o dövr idi ki, Heydər Əliyevin adını belə çəkmək yasaq olunur, tərəfdarları təqib edilirdi. Vurğulayım ki, həmin illərdə Zahid Qaralov Pedaqoji Problemlər İnstitutunun direktoru vəzifəsində çalışırdı. Vaxtı ilə Ulu Öndər Heydər Əliyevin vəzifəyə qoyduğu, problemlərini həll etdiyi insanlar ondan imtina edirdilər.
Yeni Azərbaycan Partiyasının yaradılmasında "Səs" qəzetinin rolu əvəzsizdir. "Səs" qəzetində ilk dəfə olaraq 91-lərin müraciəti dərc olundu. Əslində, bu təkcə 91-lərin müraciəti deyil, bütün Azərbaycan xalqının, dünyada yaşayan bir çox soydaşlarımızın səsi idi. Heydər Əliyev hakimiyyətə gəlməyinə mane olmaq üçün yaş senzi ilə bağlı qərar qəbul edilmişdir. Bu məhdudiyyət şəxsən Ulu Öndərə görə tətbiq olunsa da xalqın qəlbində Heydər Əliyevə məhəbbət, inam var idi. İctimai-siyasi hadisələr fonunda müxtəlif qruplaşmalar meydana gəlmişdi, hətta elə bir təhlükəli vəziyyət mövcud idi ki, Azərbaycan dövlət kimi siyasi xəritədən silinə bilərdi. Talış-Muğan Respublikası, sadvalçılar və s. meydana gəldi. Mövcud ictimai-siyasi proseslər insanları bir daha inandırdı ki, ümumazərbaycan mənafeyindən çıxış edən, onun taleyini düşünən və gələcəyini xoşbəxt görmək istəyən yeganə Lider Heydər Əliyevdir. 1994-cü ildə "Azərbaycan" qəzetində "Ziyalı mövqeyi" rublikası altında məqalələr yazdım və həmin məqalələr ölkədə əks-səda doğurdu. Hətta orada mən etiraf etmişdim ki, Heydər Əliyev nəhəngliyini dərk etmək üçün insan müdriklik dövrünü yaşamalı, biliklərə yiyələnməlidir. Heydər Əliyev xoşbəxtliyi onda idi ki, onun uğrunda mübarizə aparan xalq hərəkatı var idi və Azərbaycana sovet hakimiyyəti dövründə rəhbərlik etdiyi illərdə özünə qarşı inam və sevgini, etmadı formalaşdıra bilmişdir. Azərbaycanın müstəqilliyini təmin etmək üçün nə lazımdırsa, hamısını etmişdir.

- Xalqın öz Liderinə qarşı inam və sevgisi əməli fəaliyyətin təzahürü idi. Svetlana xanım, bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın böyük şairi Tofiq Bayramın sovet dövründə həbsdən xilas olmasında böyük rolu olmuşdur.

- 1998-ci ildə Heydər Əliyevin 75 illik yubileyi olanda bir qrup ziyalı Onunla görüşə getmişdik. Bu tarixi görüşdə illər boyu bizim ailənin qəlbində olan minnətdarlıq hissini mən şəxsən Heydər Əliyevə çatdıra bilmək fürsətindən yararlandım. Bu Tanrının sanki bir möcüzəsi idi və mən əyləşdiyim yerdə mikrafon quraşdırılmışdı. Ulu Öndər Heydər Əliyevə müraciət edib, şair Tofiq Bayramın bacısı olduğumu bildirdim. O, Tofiq Bayramı yaxşı xatırladığını söylədi. Heydər Əliyevə "İllərlə qəlbimdə qalan təəssüratı Sizinə bölüşmək istəyirəm", - dedim. Demək, 1964-cü ildə türk müğənnisi, Avropada tanınmış ifaçı Sevda Aydan Bakıya gəlmişdi. O zaman Tofiq Bayram da Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyirdi və böyük maestro, böyük şəxsiyyyət Niyazi teatrın rəhbəri vəzifəsində çalışırdı. Onunla ailəvi münasibətimiz var idi və Tofiq Bayramı da teatra bədii hissə müdiri təyin etmişdi. Sevda Aydan da Opera və Balet Teatrında "Aida" operasında çıxış etmək üçün bir neçə ay Azərbaycanda oldu və məşqlər etdi. Bu müddətdə Tofiq Bayramla ünsiyyət saxlamalı oldu. Bu o illər idi ki, Türkiyənin adını çəkmək belə müşkül idi.
Maestro Niyazinin şəxsi nüfuzundan irəli gəlirdi ki, Sevda Aydan Bakıya gəlmişdi. Tofiq Bayram da həmin qadına böyük sevgi hissi bəsləyir və şeir nəzmə çəkir. Həmin şeirdə belə misra var idi: canı canımdandır, qanı qanımdan, lisanımı ayırmaram lisanımdan. Bu şeir sonradan çap olunur və Türkiydə şöhrət qazanır. Türkiyənin mədəniyyət naziri Namiq Kamal Zeybək 90-cı illərdə Bakıya gələndə Heydər Əliyev adına Respublika Sarayında çıxış edərkən həmin şeiri əzbər söyləyir. Bildirir ki, Türkiyədə hər kəs bu şeiri əzbər bilir. Sovet dövründə şeir yazılan illərdə Azərbaycanın Türkiydə səfirliyi yox idi. Azərbaycan müstəqil dövlət deyildi. SSRİ-nin Türkiydəki fövqəladə və səlahiyyətli səfirinə şeir haqqında məlumat verilir və həmin şeirin məzmununa diqqət yetirilir. Belə bir sual yaranmışdır ki, necə yəni, azərbaycanlılar məgər türkdürlər? Bununla bağlı SSRİ-nin Xarici İşlər Nairliyindən Azərbaycana göstəriş verilir ki, məsələ araşdırılsın və bu nə deməkdir. Senzuradan kənar bir misranı belə xaricdə çap etdirmək mümkün deyildi. Beləcə, bu məsələdən Heydər Əliyev xəbər tutur. O. həmin illərdə Təhlükəsizlik Komitəsində sədri müavini işləyirdi. Ulu Öndərə göstəriş verilir ki, bu şairlə bağlı bir tədbir görülsün. Müdrik Şəxsiyyət Heydər Əliyev Niyaziyə bildirir ki. Tofiq Bayram ara sakitləşənə qədər bir müddət ata evində - Əmircanda qalsın. Onu da maestro Niyaziyə göstəriş verir ki, Tofiq Bayram işə gəlməsin, amma onun maaşı yazılsın, şairi pulsuz qoymaq olmaz. Bu, Ulu Öndər Heydər Əliyevin necə nəhəng bir Şəxsiyyət olduğunun daha bir göstəricisidir. Əslində, cəzalandırmalı olan bir insan üçün Heydər Əliyev tərəfindən belə bir humanist addım atıldı. Hadisələr, həyat sübut etdi ki, Türkiyəyə məhəbbət, türkçülük Ulu Öndər Heydər Əliyevin qəlbindədir. Bunun nəticəsidir ki, bu gün canı canından, qanı qanından olan övladı - Onun fiziki, mənəvi varisi Azərbaycan Prezidenti İlham Əliyev türk dünyasının ən sevilən liderlərindən biri kimi qəbul olunur, türk dövlətləri ilə qardaşlıq münasibəti var. Həmişə əminliklə vurğulayıram ki, bu sevginin mənbəyi Cənab İlham Əliyevə atasından – Ulu Öndər Heydər Əliyevdən keçib. Heydər Əliyevin Türkiyəyə, türklərə olan sevgisindən aşılanıb. Vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi illərdə ilk dəfə olaraq Azərbaycan müğənniləri, bəstəkarları, eləcə də tanınmış insanları Türkiyəyə getmək imkanı qazandılar. Heydər Əliyev Azərbaycan Mərkəzi Komitəsinin Birinci Katibi olduğu zaman bu imkanlar daha da genişləndi. Xalq artisti Zeynəb Xanlarova, maestro Niyazi və başqaları xarici ölkələrə səfər etdilər. Heydər Əliyevin diqqət və qayğısını öz ailəmizin üzərində hiss etmişəm və Tofiq Bayram da hər zaman diqqət və qayğı ilə əhatə olunub. Ulu Öndər ölkəmizdə keçirilən məhsul bayramlarında, rayonlarda keçirilən tədbirlərdə, eləcə də Şuşada o zaman açılan Vaqif Poeziya Günlərində iştirak üçün Tofiq Bayramı xüsusi siyahıya salırdı və o da bu tədbirlərdə iştirak edirdi. Tofiq Bayram 90-cı illərdə yaşanılan hadisələri, eləcə də Qərbi Azərbaycan əhalisinin Ermənistandan deportasiya olunmasını incə ruhlu şair olaraq çox ağır yaşamış oldu və xəstələndi. Mən həmişə düşünürəm ki, Tofik dünyasını dəyişdiyi zaman Heydər Əliyev hakimiyyətdə olsaydı, Onun diqqətində olardı və şairi ölümün ayağından xilas edərdi. Etiraf edim ki, mənim anamın qəlbində Heydər Əliyevə məhəbbət sonsuz idi. Heydər Əliyevin göstərişi ilə Tofiq Bayramın Əmircanda büstü qoyuldu və adına park açıldı. Həmin açılış mərasimində 1998-ci ildə Heydər Əliyev iştirak etdi və ailəmizin üzvləri ilə görüşdü. Bu mənim ömrümün ən gözəl anıdır. Mən hər zaman o anları minnətdarlıqla xatırlayıram, eləcə də ailəmiz, bütün əmircanlılar xalqın şairinə dövlət rəhbərinin belə isti münasibətini, o zamanın xoş anlarını yaddan çıxarmırlar.

- Svetlana xanım, sizdə şəxsiyyət, möhkəm iradəyə sahib, prinsipiallıq kimi dəyərlərin formalaşması hardan qaynaqlanır? Yəqin ki, bu da bir məktəbdir və siz bu məktəbdən bəhrələnmisiniz.
- Bu, əlbəttə ki, genetik xüsusiyyətlə bağlıdır. Mənim babam Məşədi Hüseynəlinin Bakıda 7 yerdə mülkü, Buzovnada 3 böyük malikanələri var idi və həmin dövrün çox ədalətli, xeyriyyəçi adamı olub. Bizim evimiz Göy məscidin yerləşdiyi ərazidə olub. Həmin dövrdə məscid tikməyə ehtiyac yarandığından babam həmin ərazini təmənnasız olaraq məscid tikilməsinə verib. 30-cu illərin represiyasından babam kənarda qalmayıb. Babam o qədər xeyirxah insan olub ki, onu tanıyanlar hər zaman babamı ehtiramla yada salıblar. Mənim anamın atası Ərdəbilli olub və orada çox böyük ərbab olub. Onun Ərdəbildə Torpaqlı adlı məhsuldar və məşhur kəndi olub. O kənd indi də var. Biz Ərdəbil kökənliyik. Əlbəttə ki, əsas dəyərlərin formalaşması bu amillərlə bağlıdır. Qardaşım Tofik də çox cəsarətli insan idi, heç nədən qorxmadan sözün düzünü deyərdi. Təsəvvür edin ki, kommunist rejiminin sərt çağlarında "Partbilet" şeirini yazmışdı. Şair yazır ki, 26-ların mərmər məzarı mənim daş cildli partbiletimdir. Görün, şairin uzaqgörənliyi necədir ki, partbileti daş məzarlıqla müqayisə edir. O, heç zaman Kommunist Partiyasının üzvü olmayıb. 26-ları o illərdə bizə qəhrəman kimi təqdim edirdilər. Şeirdən belə sətiraltı məna çıxır ki, partbiletin yeri elə məzarlıqdır. 26-lar kimi Kommunist Partiyasının bileti də öz əhəmiyyətini itirmiş oldu.

- Belə bir şəcərənin daşıyıcısı olan Svetlana xanım, şübhəsiz ki, xatirələrini qələmə alıb.

- Bəli, mən xatirələrimi qələmə almışam və həmin məqalələr bir çox dövrü mətbuatda dərc olunub. Deyim ki, mənim əməkdaşlığım ən çox "Səs" qəzeti ilə bağlı olub. Həyatımda, bir jurnalist kimi formalaşmamda, ictimiyyət arasında tanınmağımda "Səs" qəzetinin rolu əvəzsizdir. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev həmişə deyirdi ki, "Səs" mənim ən çox sevdiyim qəzetdir. Bəli, mən də xoşbəxtlikdən "Səs"lə əməkdaşlıq etdim və bu mətbu orqanda yazılarım dərc edildi. Eşitdiyimə görə, Heydər Əliyev məqalələrimi oxuyurdu və bundan böyük xoşbəxlik mənim üçün nə ola bilərdi? Ulu Öndər məni şairin bacısı kimi tanıyırdı. O vaxt "Səs" qəzetində mənim oftalmoloq alim Zərifə xanım Əliyeva ilə bağlı yazım dərc olunmuşdu və həmin məqaləmi da Heydər Əliyev oxumuşdu. Ətrafında olan bir şəxs vasitəsi ilə mənə təşəkkürünü bildirmişdi. Ulu Öndərin Tofiqin də, mənim də, ümumilikdə bizim ailənin həyatında müstəsna rolu olub. Ehtiramla yad edirik. İstər xarici radiostansiyalara, yerli televiziya və radio kanallarına verdiyim müsahibələrdə hər zaman yalnız bir mövqedən çıxış etmişəm.
Mənim xoşbəxtliyim onda olub ki, ailəmizin 7-ci övladı olmuşam. İnsan biləndə ki, ailə onu müdafiə edir, o insan güclü olur. Atam ağaclara qulluq edəndə yanında olurdum. Bazara gedirdisə, məni özü ilə aparırdı. İnsanlarla danışmağı, ağaclara necə qulluq etməyi və s. ondan öyrənmişəm. Orta məktəbdə də, ali təhsil ocağında da əla qiymətlərlə təhsil almışam. Sinif nümayəndəsi olmuşam. Xarici Dillər Universitetinin tələbəsi olduğum illərdə institut komsomol komitəsi idarə heyətinin üzvü, qurultay, plenum nümayəndəsi olmuşam. Bütün bunlar mənim xarakterimi formalaşdırıb. Kiməsə vəzifəsinə görə deyil, insanlığı, istedadına görə münasibət bəsləmişəm. Əzilənin müdafiəçisi olmuşam.

- Müsahibələrinizin birində bildirmisiniz ki, Şuşanı görmək, Cıdır düzünə qalxmaq ən böyük arzumdur. Bu gün bizə qismət olub.

- Bəli, bu mənim ən böyük arzumdur. Amma mən Şuşaya bir neçə saatlıq yox, arzular qanadında getmək istəyirəm. Mən o illərdə Şuşaya gedəndə gənc, tələbə qız idim və o diyarı qarış-qarış gəzmişəm. Şuşanın ətrafında o dağları gəzərkən erməni dilində olan yazıları görüb, dəhşətə gəlirdim. Bu mənim ürəyimin ağrısı idi. Mən Şuşanın elə bir cığırı yoxdu ki, oranı gəzməyim. İstədiyim kimi gedərək orada qalmaq, o yerləri, meşələri, bulaqları gəzmək mənim illərdir ki, arzum, həsrətim idi. Bu bizim bütün ailənin arzusudur. O vaxt Tofiq Bayram şeirlərinin birində yazırdı ki, gözlərimin qarasını verərəm, Qarabağı vermərəm. Bu onun sonuncu şeirindən bir misradır. O vaxt hələ Qarabağ torpağı işğal olunmamışdı. Nə yaxşı ki, işğal olunan torpaqlarımızı görmədi.
Həqiqətən də xoşbəxt xalqıq. Son vaxtlar Ulu Öndər Heydər Əliyevin Qarabağla, itirilmiş torpaqlarımızda bağlı çıxışlarını dinləyirəm. və dəhşətə gəlirəm ki, Ümummilli Lider hər zaman "biz o torpaqlara qayıdacağıq", - deyə ifadəsini əminliklə qeyd edir. O inam hissi Heydər Əliyevdə çox güclü idi. Azərbaycan Prezidenti Cənab İlham Əliyev atasının bütün vəsiyyətlərini yerinə yetirdi. Bu gün bəzi hallarda deyilir ki, kimsə mitinq keçirəcək. Hansı mitinqdən söhbət gedə bilər ki, biz mitinq problemini artıq həll etmişik və Qarabağı almışıq. Bu gün dünyada bizdən cəsarətli, böyük Xalq yoxdur. Ermənistan adlı ölkəni məhv etmiş olduq. Bəlkə, əsrlər lazımdır ki, ermənilər yenidən özünə gələ bilsin.

- Maraqlıdır, qaynar bir ömür yaşayan, həmişə mübariz, fəal qadın olan Svetlana xanım bu gün nə işlə məşğuldur?

- Əvvəla, bir qadın və nənə kimi arzuma çatmışam. Övladlarımın və nəvələrimin böyüməsində, tərbiyəsində bir ana və nənə olaraq borcumu yerinə yetirmişəm. Yenə də həmişə kimi çox mütaliə edirəm, məqalələr yazır, bütün hadisələrə münasibətimi bildirirəm. Hərdən məndən soruşanda neçə yaşın var, deyirəm 18. İnsanın ruhu qocalmasın, qanadı qırılmasın. Həyatdır, əzizlərimi də itirmişəm. Mənə qarşı haqsızlıq, ədalətsizlik də olub. Əsas odur ki, inamımı itirməmişəm. Yeni Azərbaycan Partiyasının yaradılması uğrunda mübarizə aparan az insanlardan bir olmuşam və öz məsləkimdən, inamından dönməmişəm.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə