Azad edilmiş torpaqlar çiçəklənin bir diyara çevrilir

Azad edilmiş torpaqlar çiçəklənin bir diyara çevrilir

Müstəqillik günü ərəfəsində Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı ilə Böyük Qayıdışa start verildi. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur hər gün canlanır, öz tarixi və əbədi sakinlərini qarşılamağa hazırlaşır. Hər bir azərbaycanlı üçün Cümhuriyyətimizin yaranmasının 104-cü ildönümündə reallaşan bu layihənin açılış ən gözəl və ən sevincli bir hədiyyə oldu. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən məharətlə davam etdirilən düzgün və məqsədyönlü siyasət ilbəil öz bəhrəsini verməkdədir. 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər də məhz məlum strategiyanın nəticəsidir. Bu gün bir güclü Azərbaycan var ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü bərqərar etdi və bu gün belə nəhəng layihələr həyata keçirərək azad edilmiş torpaqları çiçəklənin bir diyara çevrilməsi istiqamətində qətiyyətli və sürətli işlər aparılır.

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva iştirak etmişdilər. Vətən müharibəsindən sonra ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərə ardıcıl səfərləri ya böyük layihələrin təməlqoyma və ya açılışı ilə bağlı olur. Dövlət başçısı aparılan işlərə birbaşa özü nəzarət edir. Belə maliyyə tutumlu layihələrin icra edilməsi məhz Azərbaycan dövlətinin öz vəsaiti hesabına həyata keçirilir. Əlbəttə bu cür layihələri güclü iqtisadiyyata malik olan ölkələr həyata keçirə bilər. Azərbaycanın güclü iqtisadiyyata malik olması bu cür layihələrin həyata keçirilməsinə imkan verir.

May ayının 27-də, Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı zamanı cənab Prezidentin söylədiyi nitq Azərbaycanın gələcək strategiyasının yol xəritəsidir. Həmin çıxışda mövcud reallıqlar, dövlətimizin gücü və əsl müstəqilliyin mahiyyəti haqda geniş bəhs olundu. Cənab Prezident öz mükəmməl nitqində belə bir fikir söylədi: “Əsl müstəqillik odur ki, sən müstəqil siyasət apara biləsən. 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır”. Bəli, əsl gerçək budur. Məhz Heydər Əliyev dönəmindən sonra biz möhkəmlənməyə başladıq, ölkədə sabitlik yarandı, iqtisadi təməllər formalaşdı, dövlətçilik qorundu. İndi Azərbaycanımız artıq bölgənin lider dövlətidir. Cənab Prezident İlham Əliyevin həm daxili və həm də xarici siyasətdəki uğurları ölkəmizin nüfuzunu birə-beş artırıb. Vətən müharibəsindəki qələbəmiz isə Azərbaycanın adını dünya tarixinə qızıl hərflərlə yazdırıb.

Qarabağın digər bölgələri də çox tez bir zamanda arzuladığımız məqama gələcək, arzuladığımız kimi inkişaf edəcək, arzuladığımız kimi dirçələcək. Buna kimsənin şübhəsi yoxdur. Artıq Böyük Qayıdış başlayıb. Artıq doğma Qarabağda infrastruktur formalaşır. Bütün işlər sürətlə gedir. Mərhələ-mərhələ bütün hədəflərimizə çatırıq. İşğaldan azad olunmuş bütün ərazilərimizdə daha gözəl, daha yaraşıqlı və ağıllı kəndlər, şəhərlər, qəsəbələr salınacaqdır. Bu gün Qarabağ bütün dünyanın diqqət mərkəzində olan bölgədir. Dostlarımız bu inkişafdan, çiçəklənmədən sevinir, düşmənlərimiz isə xar olur. Yaşasın Müstəqil Azərbaycan Respublikası! Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın Şanlı Ordumuz və Qalib Xalqımız!

Samir Hüseynov

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri

Bütün xəbərlər Facebook səhifəmizdə