Humanizm prinsipindən doğan reallıq faktoru AKTUAL+ANALİTİK

Daim xalqının yanında olan, vətəndaşını düşünən LİDER!

Prezident İlham Əliyevin 28 may Müstəqillik Günü ərəfəsində növbəti dəfə əfv sərəncamı imzalaması Azərbaycanda həyata keçirilən uğurlu siyasət reallığında humanizm prinsiplərinin nə qədər əhəmiyyət kəsb etdiyini bir daha nümayiş etdirdi. Belə ki, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyətlərini, səhhətlərini, ailə vəziyyətlərini, törətdikləri cinayətlərin xarakterlərini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alan, həmçinin humanizm prinsiplərinə əsaslanan, o cümlədən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutan dövlətimizin başçısı əfv sərəncamını imzaladıqdan sonra onlarla ailələrə sevinc bəxş etmiş oldu.

Əbəs deyil ki, artıq bu kimi əfv addımları ənənəvi xarakter alıb

Belə bir möhtəşəm bayram günündə həyatlarını həbsxanada deyil, ailələrində davam etdirəcək insanlar üçün isə bundan böyük sevinc ola bilməzdi. Bəli, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş humanizm siyasəti və həssaslığı ilə yanaşı, həm də sübut etdi ki, o daim xalqını düşünən, xalqının yanında olan Liderdir. Əbəs deyil ki, artıq bu kimi əfv addımları ənənəvi xarakter alıb və demək olar ki, xalqımızın, dövətimizin bir sıra mötəbər günlərində məhbus ailələrinə hədsiz sevinclər bəxş edilir.

Qeyd etdiyimiz kimi, bu sərəncam birinci deyil və dövlət başçımızın bundan öncə də imzaladığı müvafiq sərəncamlar, həmçinin Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları on minlərlə şəxsi əhatə edib.

Əmin olaq ki, əfv olunan vətəndaşlarımız dövlətin, şəxsən Prezident İlham Əliyevin bu kimi mötəbər, humanist addımına adekvat reaksiya verəcəklər

Bütün bunlar isə daha bir gerçəkliyi nümayiş etdirir - Azərbaycan hakimiyyətinin məqsədi heç də insanı cəzalandırmaq deyil, əksinə - qanunun aliliyini gözləməklə insanı etdiyi səhvdən çəkindirməkdir. Vaxtilə cinayət törətmiş və azadlıqdan məhrum edilmiş vətəndaş da bu qanun ailiyini dərk edir və tətbiq edilən əfvdən məntiqi, doğru-dürüst nəticələr çıxarır, həyatının qalan hissəsini qanun aliliyinə hörmət bəsləməklə yaşayır!

Bütün bu kimi həssas məqamların təhlilini apararkən həm də belə nəticəyə də gəlmək olar ki, əfv sərəncamlarının imzalanması paralel olaraq əxlaqi, mənəvi-psixoloji, ictimai faydası inkaredilməzdir. Eyni zamanda, cinayətkarlıq yolundan üz çevirərək özünü təkmilləşdirməyə çalışan və bununla başqalarına da nümunə olan insanların sayının artması cəmiyyət daxilindəki kriminogen durumun stabilliyinə, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinin azaldılmasına təsir göstərən faktor kimi çıxış edir. Yəni, əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınır.

Nəticə olaraq qeyd edə bilərik ki, əfv olunan vətəndaşlarımız dövlətin, şəxsən Prezident İlham Əliyevin bu kimi mötəbər, humanist addımına adekvat reaksiya verəcəklər və əmin olmaq istərdik ki, onlar bu humanist aktdan düzgün nəticə çıxaracaq, Azərbaycan dövlətinin qanunlarına əməl edərək nümunəvi vətəndaş olduqlarını əməli şəkildə isbatlayacaqlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...