Erməni vandallığı: dağıdılan dini-tarixi abidələrimiz yenidən qurulur TƏHLİL

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində dünyaya həmrəyliyi, xalq-iqtidar birliyini qazandığı Zəfər tarixində bir daha nümayiş etdirdi. Azərbaycan hərbi, iqtisadi gücü ilə dünyanın diqqətini özünə cəlb etdi və bu gün də işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən abadlıq-quruculuq işləri, Böyük Qayıdış üçün lazımı tədbirlərin, infrastruktur layihələri reallaşdırılması bir daha sübut edir ki, ölkəmiz istənilən vəziyyətdə qalib oluduğu göstərə bilir. Dövlət başçısının işğaldan azad olunan bu ərazilərə səfəri və görülən işlərlə tanışlıq, eləcə də bir sıra reallaşacaq layihələrin təməlinin qoyulması, sürətlə bu ərazilərdə aparılan abadlıq-quruculuq işlərinin həyata keçirilməsindən xəbər verir.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində mədəni abidələrimiz də dağıdılmış, işğal edilmiş ərazilərdə qeyri-qanuni aparılmış qazıntılar nəticəsində aşkar edilmiş tapıntılar ermənilər tərəfindən mənimsənilmişdir. Ermənilər bütün dövrlərdə Azərbaycana qarşı işğalçılıq siyasətini təkcə ərazi iddiaları ilə məhdudlaşdırmayıb, mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikmişdir. Erməni vandalizmi nəticəsində, Azərbaycan xalqının çoxəsrlik tarixini əks etdirən 700-dən artıq tarixi və mədəniyyət abidəsi qarət edilib və yandırılıb. Azərbaycanın işğal altında olan ərazilərini xarabalığa çevirən ermənlər vəhşilik missiyalarını həyata keçiriblər. İşğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda, bir çox hallarda xalqımızın milli-mənəvi dəyərləri təhqir edilmişdir. Füzuli rayonunda Hacı Ələkbər məscidi, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri və s. bu sıradadır. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalmış, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəymişdi. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri olan məscidlər, türbələr və digər inanc yerləridir ki, bu da erməni vandallığının göstəricisidir.

"AĞALI KƏNDİNİN TİMSALINDA HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞI VƏ ÜMUMİYYƏTLƏ, HƏR BİR İNSAN BİZİM PLANLARIMIZI GÖRƏ BİLƏR"

Bu gün görülən işlər çərçivəsində dini-tarixi abdələrimizdə təmir və bərpa olunur. İşğaldan azad olunan ərzilərimizdə Zəngilan rayonunda aparılan abadlıq quruculuq işləri diqqəti çəkir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışların birində bildirdiyi kimi, "Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar". Cənab İlham Əliyev birinci pilot layihənin Zəngilanın Ağalı kəndində həyata keçirildiyini qeyd edib: "Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf".
Hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu da xüsusi əhəmiyyət kəsb edir. Uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işləri davam etdirilir. Zəngilənda görülən və yaxın gələcəkdə reallaşacaq layihələr kifayət qədərdir.

QARABAĞ TORPAĞINDA DİNİ ABİDƏLƏRİMİZİN, MƏSCİDLƏRİMİZİN BƏRPASI ÜZRƏ LAYİHƏLƏR HƏYATA KEÇİRİLİR
Görülən işlər sırasında dini abidələrimiz də diqqətdədir. Otuz ilə yaxın işğal dövründə dağıdılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesində Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Qarabağdakı dini abidələrin, məscidlərin bərpası işləri sürətlə davam etdirilir. Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə olunub.
Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın Zəngilana səfəri çərçivəsində "Paşa Holding" MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. Rayonun işğaldan azad edilməsi nəticəsində buradakı tarixi, memarlıq abidələri də erməni əsarətindən xilas olub. Zəngilan məscidinin bərpasının təməl daşı dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə ötən il aprelin 26-da qoyulub, bərpa işləri fasiləsiz həyata keçirilir.
Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Odur ki, Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihə həyata keçirir. Fondun prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsindəki paylaşımlarının birində bildirdiyi kimi, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik: "Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır".
Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...