Ermənistandakı siyasi böhran sülhün əldə olunmasına əngəllər yaradır ŞƏRH
Erməni müxalifəti ilə hakimiyyətin bəzi fikirləri üst-üstə düşür?
Ermənistanın müdafiə nazirinin sabiq müavini Artak Zakaryan erməni müxalifətinin mitinqində çıxış edərək bildirib ki, Brüssel görüşündə Qarabağdakı Rusiya sülhməramlılarının missiyaları barədə heç nə danışılmayıb. SİA xəbər verir ki, bu barədə armenianreport yazır. Onun iddiasına görə, Azərbaycan və Türkiyə istənilən an sülhməramlıların Qarabağdan çıxarılması tələbini önə sürə bilərlər.
“Azərbaycan və Türkiyə sülhməramlıların çıxarılmasını tələb edəcəklər”
“Bu, belə deməyə əsas verir ki, Azərbaycan və Türkiyə hansısa məqamda Ermənistan rəhbərliyinin susqunluğu qarşısında Rusiyadan sülhməramlıların çıxrlımasını tələb edəcəklər və bunu sülh razılaşmasının əldə edilməsi ilə əlaqələndirəcəklər. Eyni zamanda, Azərbaycan Qarabağ əhalisinin hüquq və təhlükəsizliklərinin təmin olunması öhdəliyinin öz üzərinə olduğunu bildirəcək”, deyə Zakaryan bildirib.
Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edib və onun çıxışı Brüssel görüşündən sonrakı vəziyyətdə bəzi suallar doğurur. Məsələn, o bildirib ki, Ermənistan hakimiyyəti Qarabağ ermənilərinin hüquqlarını müdafiə etmək üçün ardıcıl işlər aparacaq, eləcə də “statusun” müəyyənləşməsi də hökumətin diqqətində saxlanılmaqdadır, eləcə də sülh danışıqlarına da həmin istiqamətdə gediləcək.
Paşinyanın Brüsseldə bir, İrəvanda isə digər mövqelərdən çıxış etməsi Bakının, həmçinin Brüsselin diqqətindən yayınmır!
Görünür, Paşinyan həqiqətən də dünyanın ən etimad edilməyəcəyi ölkə başçılarından biridir və onun Brüsseldə bir, Ermənistanda isə digər mövqelərdən çıxış etməsi söz yox ki, Bakının, həmçinin Brüsselin diqqətindən yayınmır. Hər halda, belə davam edə bilməz və etməyəcək də. Çünki vaxt gedir və əldə olunan razılaşmalarə əməl olunmur. Bəli, sərhədlərin delimitasiyası ilə bağlı birgə komissiyalar öz işlərini başlaya, hətta davamlı görüşlər də keçirilə bilər, amma bütövlükdə Ermənistanın hər zaman olduğu kimi, bu dəfə də öz vədlərinə xilaf çıxacağını artıq bəri başdan ehtimal etmək olar!
Həmçinin, artıq belə bir nəticə də hasil etmək olar ki, Ermənistanda davam edən siyasi böhran bütövlükdə sülhün əldə olunmasına ciddi əngəllər törədir və bu amil təhlükə mənbəyi kimi qalmaqdadır. Hətta zaman-zaman erməni müxalifəti ilə hakimiyyətinin bəzi hallarda, xüsusilə “status” məsələsində fikirlərinin üst-üstə düşməsini də buna misal kimi göstərmək olar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB