Beynəlxaq tədbirləri milyonlara təqdim edən məkan TƏHLİL

Beynəlxaq tədbirləri milyonlara təqdim edən məkan TƏHLİL

Dövlət başçısının Sərəncamı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə 640,0 (altı yüz qırx) min ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb

Ölkənin ictimai-mədəni həyatında əhəmiyyətli hadisələri milyonlarla tamaşaçıya təqdim edən Azərbaycan televiziyası hər kəsin evində bir ab-hava yaradıb. XX əsrin ən möhtəşəm kəşflərindən olan və hər gün insanlarla ünsiyyət yaradan, cəmiyyət həyatında əvəzsiz yer tutan televiziya yarandığı zamandan keşməkeşli günləri də, xoş soraqları da izləyicisinə çatdırıb. Xalqın maarifləndirilməsi, əxlaqi-estetik tərbiyəsi, məlumatlandırılması kimi təməl prinsiplərini fəaliyyət məqsədinə çevirən televiziya hər nəslin müasiridir. Ölkəmizdə fəaliyyət göstərən televiziyalar sırasında İctimai Televiziya və Radio Yayımının da öz yeri, çəkisi var. Azərbaycan Respublikası əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin edərək, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirir. Doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaq kimi məqsədə xidmət göstərir. Belə ki, yarandığı zamandan İctimai Televiziya milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyub inkişaf etdirən maarifləndirici, məlumatlandırıcı proqramlar vasitəsilə vətəndaşların maraqlarını təmin edir. Azərbaycan və dünya müəlliflərinin əsərləri üzrə yüksək sənətkarlıq nümunəsi olan tamaşalar, bədii, sənədli və cizgi filmləri, seriallar, incəsənət əsərləri, mühüm tarixi və mədəni tədbirlər lentə alınaraq "Qızıl fond"da saxlanılır. İllərdir ki, Türkiyə, Macarıstan, Polşa, Koreya, Rumıniya, Gürcüstan, Almaniya, Fransa və digər ölkələrin ictimai yayımçıları ilə əməkdaşlıq şəraitində işləyərək, sözügedən telekanallarla mübadilə proqramları həyata keçirir. Belə əməkdaşlıq sayəsində təşkil edilən telekörpülər, birgə layihələr mədəniyyətlər vasitəsi ilə müxtəlif xalqlar arasında körpü yaradır, müxtəlif mədəniyyətə və dini görüşə malik xalqların daha da yaxınlaşmasına, qarşılıqlı anlaşmaya və inkişafa yardımçı olur.

Müxtəlif məzmunlu proqramları yayımlayan İctimai Televiziya müasir dövrün XXXIII Olimpiadasının Oyunları adlandırılan 2024-cü il Yay Olimpiya Oyunlarını da yayımlamaq hüqüqundadır. "Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarını yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İctimai Televiziya və Radio Yayımları Şirkətinə 640,0 (altı yüz qırx) min ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb. Vurğulamaq yerinə düşər ki, İctimai Televiziya müxtəlif məzmunlu proqramların, bir sıra beynəlxalq telelayihələrin Azərbaycanda eksklüziv yayımçısına çevrilib. Kann kinofestivalını, Vyana Filarmoniya orkestrinin konsertini, "World Music Awards", Olimpiya oyunları kimi bütün dünyada maraqla izlənən böyük layihələri Azərbaycan auditoriyasına, məhz İctimai Televiziya təqdim edib. 24 saat ərzində Azərspace və Hotbird peykləri vasitəsilə İctimai Televiziya və Radio dünyanın əksər ölkələrinə, www.itv.az ünvanlı internet saytı ilə bütün dünyaya yayımlanır. İctimai Televiziya və Radio Yayımları Şirkəti dövr ilə ayaqlaşan gənc, yaradıcı, möhtəşəm idman növlərini təqdim edəcək XXXIII Yay Olimpiya Oyunlarını da işıqlandırmaq üçün yayım hüququnu qazanaraq, böyük auditoriyaya yayımlayacaq.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə