“Partiyalarla görüşlərin keçirilməsi müsbət haldır” AÇIQLAMA

“Hər zaman hakimiyyətlə müxalifət arasında dialoq məsələsini müdafiə etmişəm. Hesab edirəm ki, ölkənin və cəmiyyətin problemlərinin həlli üçün belə danışıqlar aparılmalıdır”. Bunu Ədalət Partiyasının aparat rəhbəri Mütəllim Rəhimli “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, indiki məqamda hakimiyyətlə müxalifət arasında dialoq təbii ki, geosiyasi müstəvidə cərəyan edən hadisələr fonunda olduqca vacibdir: “Bu, gələcək planlamada Azərbaycana qarşı beynəlxalq güclərin mənfi ssenarilərinin qarşısını ala bilər. Təbii ki, dialoq ondan ibarətdir ki, tərəflər oturub danışmalı və aradakı anlaşılmazlığı götürməlidirlər. Bu baxımdan, AXCP və Müsavatın dialoqda iştirak etməmələri qeyri-etik davranışdı. Çünki dünyada olduqca mürəkkəb hadisələr baş verir. Buna görə, təbii ki, Azərbaycanın hər bir vətəndaşı bizim üçün qiymətlidir və bu hadisələrə də bu cür yanaşmalıyıq. Bir sözlə, kimsəni xarici təsirlər altında hərəkət etməsi ittihamı ilə mühakimə etmək olmaz. Çünki bu, yolverilməzdir. Ümumiyyətlə, partiyalarla mütəmadi olaraq görüşlərin keçirilməsi və müzakirələrin aparılması müsbət haldır. Partiyalararası görüş məsələsini hər zaman gündəmdə saxlamaq lazımdır. Bütün qüvvələr buna cəlb olunmalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə