Ukraynadakı müharibə nə vaxt və kimin xeyrinə başa çatacaq? ANALİTİK+AKTUAL

Ölkənin baş kəşfiyyatçısı Rusiyanın müstəqil dövlətlərə parçalanacağını və Putinin müqəddəratını proqnozlaşdırıb, Zelenski isə öldürülməsi ehtimalını şərh edib

Bu ilin fevral ayının 24-dən başlayaraq Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması cari ilin sonuna qədər davam edə bilər. SİA-nın məlumatına ki, bununla bağlı “RBK-Ukraina” Ukraynanın Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin rəhbəri Kiril Budanova istinadən informasiya yayıb.

“Dediyim kimi, aktiv faza ilin sonuna kimi maksimal düşüşə doğru azalacaq. Rusiyanın 12 ay müddətində normal müharibə aparması üçün resursları yoxdur”, deyən Budanov müharibənin yeganə halda başa çatacağını bildirib: “İşğaldakı ərazilərimiz azad olunduqdan sonra”.

Ukraynalı baş kəşfiyyatçı onu da iddia edib ki, hətta Krımı belə geri ala biləcəklər.

Kiril Budanov: “Bu variantda hər kəs şəxsən Putini ittiham edir və onun yaxın ətrafı deyəcək ki, sözügedən məsələdə Rusiyanın təqsiri yoxdur”

Lakin o, Rusiyanın prezidenti Vladimir Putini də hədəfə almağı unutmayıb. “Müharibənin Kreml və Putin üçün necə başa çatacağı ilə bağlı iki variant var”, deyən Budanov fikirlərini belə əsaslandırıb: “Birincisi – Rusiyanın ərazi bütövlüyünün formal saxlanılması ilə siyasi rəhbərliyin dəyişilməsi. Qeyd edirəm – formal. Bu variantda hər kəs şəxsən Putini ittiham edir və onun yaxın ətrafı deyəcək ki, sözügedən məsələdə Rusiyanın təqsiri yoxdur. Silahlı qüvvələrini işğal etdikləri bütün dünya ərazilərindən çıxaracaqlar. İşğal olunmuş ərazilər həmin ölkələrə geri qayıdacaqlar ki, həmin ərazilər prinsipcə onlara da məxsusdur – Gürcüstana, Yaponiyaya, Almaniyaya və s.”

Baş kəşfiyyatçı: “Rusiya iki və daha çox hissələrə parçalana bilər”

“Rusiya bundan sonra sivil dövlət kimi funksiya göstərməyə başlayacaq. Belə desək, hər şeyə əvvəldən başlayacaq. Müəyyən müddətdə bu amil işləyəcək. Sonrasını isə yalnız tarix göstərəcək”, deyə ukraynalı baş kəşfiyyatçı bildirib.

Budanov ikinci variantı da önə sürüb və bildirib ki, həmin variant Rusiya üçün çox pis nəticələrə gətirib-çıxara bilər. “Rusiya iki və daha çox hissələrə parçalana bilər”, deyən ukraynalı baş kəşfiyyatçı hətta iddia edib ki, ölkənin parçalanan hissələri yeni müstəqil dövlətlərin yaranması ilə də başa çata bilər.

Lakin Ukraynanın Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin direktoru sözügedən iddialarını önə sürərkən daha bir maraqlı məqam yayılan informasiyalar arasında yer alıb...

Vladimir Zelenski: “Anlayırdıq ki, əgər bu və ya digər itki yaşanarsa biz həmin prosesə hazırıq”

“Ukrainskaya Pravda” nəşrinin yazdığına görə, prezidenti Vladimir Zelenski müharibə zamanı öldürüləcəyi, həyatına son qoya biləcək hər hansı sui-qəsdin həyata keçəcəyi halda ölkə hakimiyyətinin ehtiyat planı dərhal işə düşəcək. “Bizim qanunvericiliyimizə görə dövlətin kim tərəfindən idarə olunması ilə bağlı müddəa mövcuddur”, deyən Ukrayna prezidenti əlavə edib: “Biz hazırlıqlı olmuşuq və bölünmüşük – mən, baş nazir və parlament rəhbəri. Bizdə parlament-prezident respublikasıdır. Anlayırdıq ki, əgər bu və ya digər itki yaşanarsa biz həmin prosesə hazırıq”.

Zelenski nazirlər kabinetinin iki hissəyə bölündüyünü bildirib və qeyd edib ki, onlar iki dubldurlar. Belə ki, ölkə həmin nəticələrə görə mühafizə olunmalıdır. Lakin ən maraqlısı budur ki, Ukraynanın prezidenti daha bir etiraf edərək qətlə yetiriləcəyi ilə bağlı mümkünlüyü etiraf edib, lakin öldürüləcəyi halda ölkə rəhbərliyinin hansı qərarlar qəbul edəcəyi ilə bağlı məlumat verməyib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə