28 MAY AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ - QÜRUR, ŞƏRƏF, LƏYAQƏT GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN! ŞƏRH

Böyük xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunan 1918-ci ilin may ayının 28-i, müstəqil dövlətimizin hər bir vətəndaşı tərəfindən qürur, şərəf, ləyaqət... günü kimi qəbul edilib! Artıq iki ildir ki, 44 gün davam edən tarixi Vətən müharibəsindən Qələbə ilə ayrılan Azərbaycan xalqı 28 May – Respublika Gününü ərazi bütövlüyü bərpa olunmuş formada qarşılayır. Artıq erməni işğalından azad edilən torpaqlarımızda da bu bayram qeyd olunur. Azərbaycan xalqı üçün 28 May-Respublika Gününün ərazi bütövlüyü bərpa olunmuş, torpaqları düşmən işğalından azad edilmiş və Cümhuriyyətin yadigarı olan şanlı bayrağının Şuşada, Ağdamda, Laçında və digər ərazilərimizdə dalğalandığı bir şəraitdə qeyd edilməsi heç bir müqayisəyə gəlməz böyüklükdə sevinc və qürurdur. Bu günü bizə yaşadan Azərbaycanını Qalib Lideri, Prezident, Ali Baş Komandanımıza, Müzəffər Ordumuza və izləri qəlblərimizdən heç zaman silinməyəcək əziz şəhidlərimizə minnətdarıq.

Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmış və xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Bir sözlə, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ulu Öndər Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaq.Təəssüf hissi ilə xatırlayırıq ki, 1991-ci ildə ikinci dəfə müstəqilliyini elan edən Azərbaycan hələ müstəqilliyinin ilk günlərindən bir çox bəlalarla üzləşmiş və ilk Respublika gününü torpaqlarının bir hissəsinin işğalı altında qeyd etmişdi. Əgər 1993-cü ildə Ümumilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasaydı şübhə yoxdur ki, bu işğal daha da genişlənəcək, ölkə daxilində vətəndaş müharibəsi ən yüksək səviyyəyə çatacaq, ölkəmizin müstəqilliyi şübhə altına düşəcəkdi. Azərbaycan xalqı şanslı xalqdır ki, onun Heydər Əliyev kimi lideri və xilaskarı var. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan qısa bir müddət sonra ölkədə daxili sabitliyin təmin olunması istiqamətində təsirli tədbirlər gördü, atəşkəs müqaviləsinin imzalanmasına nail oldu və dərhal iqtisadiyyatın gücləndirilməsi, ölkənin içinə düşdüyü informasiya blokadasının yarılması istiqamətində ardıcıl addımlar atdı. Heydər Əliyevin düşünülmüş siyasəti Azərbaycanın gələcəyinin təmin olunmasında birbaşa rol oynadı.

Bu günsə Ulu Öndər Heydər Əliyev yolu onun layiqli davamçısı, siyasi varisi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan olunması varislik ənənələrinə və müstəqil dövlət ideyalarına sədaqətin əyani ifadəsidir. Dövlət başçısı İlham Əliyev AXC-nin 100 illik yubileyi zamanı demişdir: “Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaranmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkədir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik dəyərlərinə sadiq olmasının bariz nümunəsidir”. Və bu gün 104 il bundan əvvəl böyük amallarla yaşayan azadlıq aşiqlərinin arzu etdiyi suveren-müstəqil ölkədə, ərazi bütövlüyü bərpa olunmuş bir dövlətdə yaşayırıq. Artıq erməni işğalından azad edilən torpaqlarımızda qürurumuz, iftixarımız olan üç rəngli bayrağımız dalğalanır.

Beləliklə, bu gün müstəqil Azərbaycan öz bayramını yeni bir hisslə qarşılayır. Bəli, iki ildir ki, hər şey daha əlamətdar, daha duyğuludur. Artıq hər bayramımız 30 ildir ki, həsrətini çəkdiyimiz Şuşada, Ağdamda, Laçında, Kəlbəcərdə, Zəngilanda və digər torpaqlarımızda qeyd olunur. Bu xoş günü bizlərə yaşadan isə Ali Baş Komandan İlham Əliyev və onun müzəffər Ordusudur. Hər bir azərbaycanlı bu günləri qürurla, fərəhlə keçirir. Əminliklə demək olar ki, 44 günlük Vətən müharibəsi regionda tamamilə yeni bir vəziyyətin yaranmasına səbəb oldu. Belə ki, artıq Azərbaycan qeyd-şərtsiz regionun lider dövlətinə çevrildi və dünyada öz çəkisini daha da artıraraq bölgənin əsas söz sahiblərindən biri oldu. Bunu dünya dövlətlərinin Qalib Liderimiz Prezident İlham Əliyevə ünvanladıqları təbriklərindən də sezmək mümkündür. Xüsusilə də, planetimizin super gücü olan Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərməsi Azərbaycanın həyata keçirdiyi siyasi kursun və iki ölkə prezidentləri arasında əlaqələrin möhkəm olmasının təsdiqidir. ABŞ Prezidentinin təbrik məktubunda bildirir ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlıq öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. C.Bayden ABŞ-ın Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla əməkdaşlığı bundan sonrakı dövrdə də davam etdirməyə sadiqliyini vurğulayıb. Həmçinin, C.Bayden ölkəsinin firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacağını da bəyan edib. Məktubda Co Baydenin Cənubi Qafqazda hazırkı vəziyyətin sülh və əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün yaxşı bir imkan olduğunu qeyd etməsi və Aəzəbaycan Prezidenti İlham Əliyevin səylərini dəstəkləməsi çox ciddi bir nüansdır. ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirib. ABŞ bilir ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub və bu gün də bu tendensiyanı davam etdirir. Bir sözlə, bütün bunlar bir daha göstərir ki, bu gün Azərbaycan dünyada həm də multikultural dəyərlərin qorunub saxlandığı tolerantlıq modeli, sülhü-təhlükəsizliyi təmin edən, bu istiqamətdə dünyaya və bölgəyə mühüm tövhələr verən, sosial-iqtisadi tərəqqiyə nail olan, beynəlxalq tədbirləri uğurla reallaşdıran müstəqil dövlət kimi tanınır və Müstəqil Azərbaycan bizim ən böyük sərvət və xoşbəxtliyimizdır. Və bugünü bizə yaşadan Ali Baş Komandanımıza, Müzəffər Ordumuza və izləri qəlblərimizdən heç zaman silinməyəcək əziz şəhidlərimizə minnətdarıq. Böyük xalqımızı milli qürur, şərəf və ləyaqət günümüz olan 28 MAY - RESPUBLİKA GÜNÜ münasibətilə bir daha ürəkdən təbrik edir, Böyük Allahdan Azərbaycanımıza əbədi azadlıq və müstəqillik, onun hər bir vətəndaşına xoşbəxtlik, səadət və gözəl həyat arzulayırıq!

ZƏRİFƏ QULİYEVA,

"Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...