Anadolu ilə Qafqaz arasında səma körpüsünü şaxələndirən hava limanları - TƏHLİL

Bu gün sizinlə bərabər (Rizede) olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezident

Ankara, 21 may, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə səfər etməsi və dövlət başçılarının birlikdə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirakı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin inkişafında yeni səhifə açdı. Dövlət başçılarının açılış mərasimindəki nitqlərində verilən açıq mesajlar bütün dünyaya bir daha göstərdi ki, iki qardaş ölkənin birliyi və həmrəyliyi sarsılmazdır. Bundan başqa, hər iki ölkənin sülh, sabitlik və inkişaf yolunda olması bütün dünyaya təkrarən nümayiş etdirildi. Ortaq qərarların və birgə inkişaf strategiyasının yeganə düzgün yol olduğu Rize-Artvin Hava Limanının əzəmətində də özünü göstərdi.

AZƏRTAC Türkiyənin mürəkkəb relyefə və iqlimə malik bölgələri arasında yerləşən Rize-Artvin Hava Limanının tikintisinin və istifadəyə verilməsinin qardaş ölkənin sosial-iqtisadi həyatında roluna nəzər salır.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış mərasimindəki nitqlərini telekanallar vasitəsilə on milyonlarla insan birbaşa izlədi, geniş oxucu kütləsi dövlət başçılarının çıxışlarının tam mətni ilə tanış oldular. Bilirik ki, Prezident İlham Əliyevin Türkiyə çoxsaylı səfərləri olub. Hər dəfə qardaş ölkədə böyük hərarətlə qarşılanan dövlətimizin başçısının Rize səfərinin özünəməxsusluğu odur ki, bu dəfə məhz rizəlilər üçün şad gündə bu bölgəyə təşrif buyurmuşdu.

Ənənələrin qorunması ortaq milli dəyərləri zənginləşdirən mühüm amildir

Ulu öndər Heydər Əliyev vaxtilə demişdir: “Əziz dostumuz, qardaşımız Prezident Süleyman Dəmirəlin Azərbaycana məhz bu gün - Azərbaycanın dövlət müstəqilliyi günü gəlməsi bir daha onu sübut edir ki, Azərbaycan xalqının milli azadlığı, Azərbaycanın dövlət müstəqilliyi bizim xalqımız üçün nə qədər əzizdirsə, о qədər də Türkiyə üçün əzizdir, türk xalqı üçün əzizdir və bizim qardaşımız Süleyman Dəmirəl üçün əzizdir”.

Ümummilli Lider 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə gəlişi, ilk növbədə, Azərbaycanı təlatümlərdən xilas etdi, dövlətimizi məhv olmaq təhlükəsindən qurtardı. Balanslaşdırılmış xarici siyasət dövlət strategiyası olaraq, eləcə də qardaş Türkiyə ilə münasibətlərin inkişaf tendensiyası qərbyönümlü siyasi kurs kimi qəbul edildi. Ümummilli lider Heydər Əliyev ilə Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəl arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətləri Ulu Öndərimizin tarixlərə işıq saçan “Bir millət, iki dövlət!” kəlamının həyat gerçəyinə çevrilməsi üçün möhkəm təməl yaratdı.

Hazırda dünyanın aparıcı aeroportları sırasında ciddi rəqabət aparmaq qabiliyyətində olan Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksinin 1999-cu il oktyabrın 18-də türk dünyasının görkəmli şəxsiyyətləri Heydər Əliyev və Süleyman Dəmirəl tərəfindən birgə açılması tarixi qardaşlıq ənənələrimizə yeni bir çalar qatdı. Həmin gün Prezident Süleyman Dəmirəlin Azərbaycana növbəti səfərinin məhz bu açılışla başlaması iki qardaş ölkənin birlik və həmrəyliyinin sarsılmazlığının nümayişi kimi tarix qazandı.

...Mütləq vurğulamalıyıq ki, Süleyman Dəmirəlin Azərbaycan sevgisi tükənməz olduğu kimi, onun unudulmaz və həmişəyaşar adı bundan sonra da Azərbaycan xalqı tərəfindən sevilə-sevilə xatırlanacaq, əziz xatirəsi, ruhu ehtiramla yad olunacaq.

Proseslərin təhlili göstərir ki, ənənələrin qorunması ortaq milli dəyərləri zənginləşdirən mühüm amildir. Onun qorunması və inkişaf etdirilməsi liderlər üçün tarixi missiyadır. Bəli, ötən il oktyabrın 26-da Füzuli, bu il mayın 14-də isə Rize-Artvin Beynəlxalq Hava limanlarının Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə açılmasını Ulu Öndərimizdən əmanət olan milli ənənələrimizi zənginləşdirən tarixi hadisələr kimi dəyərləndirə bilərik.

Nə üçün Rize-Artvin bölgəsi?

Rizə-Artvin Hava Limanının tikintisi üçün məkan nə üçün məhz bu bölgədə seçilmişdi? Bu suala cavab tapmaq üçün qəhrəman türk xalqının cümhuriyyət tarixində bəzi məqamlara diqqət etmək lazımdır. Cümhuriyyətin quruluşundan sonra Türkiyədə elm və təhsilin yüksəlişini pozmağa qarşı edilən bütün cəhdlərə baxmayaraq, elmi inkişafa doğru mühüm addımlar atılmışdır.

Elmi mənbələrdən məlum olduğu kimi, Rize-Artvin bölgəsinin Anadolunun çayçılıq regionuna çevrilməsi təbiət fədaisi Zihni Derinin adlı ilə bağlıdır. Müəllimi Ali Rıza Ertendən Batum və Rizenin iqlim və torpaq tərkiblərinin bənzər olduğunu eşidərək, yeniyetmə yaşlarından bu fikri beynində yaşadan Zihni Derin bəzi subtropik ağacların bölgədə yetişdirilməsi, o cümlədən çayçılığın inkişafı üçün böyük səylər göstərib. Nəhayət Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk öz sahəsinin fədakarı olan Zihni Derinlə görüşdə Türkiyədə kənd təsərrüfatının inkişafı ilə bağlı elmi mühakimələri dinləmiş və qəti qərarlar vermişdir. Beləliklə, Zihni Derinin elmi mülahizələri özünü doğrultmuş və Rize-Artvin bölgəsi ən qısa zamanda çayçılığın mərkəzinə çevrilmişdir.

Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi hakimiyyəti dövründə hər zaman Türkiyənin mürəkkəb relyefə və iqlimə malik bölgələrində sosial həyatın yüksəlişi diqqətdə saxlanılıb. Bu mənada dövlət başçısının ötən il sentyabrın 3-də Rizəyə səfərini xatırlayaq. Prezident Rəcəb Tayyib Ərdoğan həmin səfər çərçivəsində İyidere-İkizdere avtomobil yolunun və tunellərin açılışında iştirak edib. Bu mərasimdə bölgənin gələcəyi, yeni qurulan təsisatların müjdələri arasında məhz haqqında bəhs etdiyimiz hava limanının da adı açıqlanmışdı.

Həyata keçirilən strateji nəqliyyat və infrastruktur layihələri əsasında Qara dənizin cənub sahillərindəki magistral yollar tunellər və körpülər məkanına çevrilib. Kırıkkale-İstanbul-Kocaeli-Sakarya-Düzcə-Zonquldağ-Bartın-Kastomonu-Sinop-Samsun-Ordu-Giresun-Trabzon-Rize-Artvin avtomagistralı Qara dəniz bölgəsinin ən uzun sahil yoludur. Bölgədə təsis edilən yeni nəqliyyat və kommunikasiya infrastrukturu bir tərəfdən türkün qurub-yaratmaq eşqini tərənnüm etdirirsə, digər tərəfdən Türkiyənin dinamik inkişafını göstərir.

Türkiyə hökuməti ölkədə yaş çay (yaşıl, yeni yığılmış çay yarpaqları) yarpağının təhvil alınmasında nəzarəti əlində saxlayır. Bununla bir tərəfdən möhtəkirliyə qarşı tədbirlər görülürsə, digər tərəfdən xüsusilə də Rize-Artvin bölgəsində yerli əhalinin torpağa bağlılığı təmin edilir. Regionların sosial-iqtisadi inkişafı əhalinin bir yerdən digərinə köçməsinin qarşısını alır.

Qeyd edək ki, təməli 2017-ci il aprelin 3-də qoyulan Rize-Artvin Hava Limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton daş və torpağın tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işlər aparılıb. Bu hava limanının nə üçün dənizin üstündə tikilməsi maraq doğuran suallardandır. Məlum olduğu kimi, Rizə-Artvin bölgəsi Anadolu ərazisində ən mürəkkəb coğrafi relyefə və iqlimə malik regiondur. Türkiyədə həyata keçirilən regionların inkişafı və mövcud potensiallardan daha səmərəli istifadə edilməsi strategiyasına uyğun olaraq, yeni hava və dəniz limanlarının qurulması, eləcə də dəmir yolu və avtomagistralların tikintisi, körpülərin salınması, tunellərin çəkilişi mühüm istiqamətlərdəndir. Məhz bu strategiya sayəsində həyata keçirilən layihələr bütün növ daşımalarda əhəmiyyətli irəliləyişlər yaradıb.

Füzuli və Rize-Artvin Beynəlxalq Hava limanları Avrasiyada ən perspektivli aeroportlar sırasındadır

Prezident Rəcəb Tayyib Ərdoğan ötən il Qarabağa səfəri zamanı demişdi: “Şuşaya gəlmişdik. Buradan (Füzulidən) Şuşa yaxındır. “Xarıbülbül” də Şuşanın simvoludur”.

Əvvəlcə sözügedən strateji obyekt barədə kiçik arayış təqdim edək: Hələ bu il aprelin 14-də həyata keçirilən ilk texniki test uçuşu uğurla başa çatan bu aeroport Ordu-Giresun aeroportundan sonra Türkiyədə və Avropada istifadəyə verilən dəniz üstündə tikilmiş ikinci, bütün dünyada mövcud olan beşinci nəhəng hava limanıdır.

Rize mərkəzindən 34 və Artvindən 125 kilometr məsafədə yerləşən, müasir tipli böyük təyyarələri qəbul etmək imkanına malik yeni hava limanı dünya standartlarına tam uyğundur. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir.

Ümumi sahəsi 2 milyon 800 min kvadratmetr olan Rize-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək. İlkin hesablamalara görə, bu hava limanı hər il ən azı 3 milyon sərnişin qəbul edəcək.

Xatırladaq ki, hazırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rize-Artvin Hava Limanının bu sıraya daxil olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrlə turizm daşımaları üçün böyük imkanlar yaradır.

Əlbəttə, təbii ki, Türkiyədə sürətlə yeniləşən nəqliyyat və infrastrukturun Azərbaycana təsir imkanlarını analiz etmək birbaşa maraq dairəmizə daxildir. Qırx dörd günlük Vətən müharibəsinin parlaq nəticəsi sayəsində Qarabağda aparılan quruculuq və bərpa işləri yalnız Azərbaycan üçün deyil, başda qardaş Türkiyə olmaqla, bütün region ölkələri üçün yeni bir inkişaf mərhələsinə təkan verib. Digər tərəfdən, 30 il işğal altında qalmış Qarabağa və ətraf bölgələrə tam qayıdış strategiyası çərçivəsində Azərbaycanın həyata keçirdiyi mədəniyyət layihələri Qafqazın incisi Şuşa şəhəri başda olmaqla, bütün bölgənin beynəlxalq miqyasda tanınması üçün əhəmiyyətli nəticələr qazandırıb.

Müasir dövrdə nəqliyyat sahəsində mövcud rəqabəti nəzərə alaraq söyləyə bilərik ki, Türkiyənin Rize-Artvin və Azərbaycanın Füzuli Beynəlxalq Hava limanları arasında birbaşa uçuşların həyata keçirilməsi ümumilikdə Anadolu və Qafqaz arasında yeni kommunikasiya xətti ola bilər, bu da Avrasiyada ən strateji aviasiya dəhlizlərindən birinə çevrilmək imkanı formalaşdırır. Başqa sözlə ifadə etsək: Azərbaycan və Türkiyənin inşa etdiyi yeni hava limanları Anadolu ilə Qafqaz arasında səma körpüsünü şaxələndirir.

Nəzərə almaq lazımdır ki, mövcud pandemiya məhdudiyyətlərinin tədricən aradan qaldırılması ilə həyatın normala qayıtması nəticəsində Türkiyənin gəmilərlə qəbul etdiyi turistlərin sayı sürətlə artmağa başlayıb. Buraya Qara və Aralıq dənizlərinin sahil ölkələrinin, o cümlədən Misir və Liviya səyahətsevərlərinin axını da daxildir. Məhz bu amil adıçəkilən mühüm bölgənin fəal turist təbəqəsinin Rize-Artvin Hava Limanından Azərbaycan başda olmaqla, birbaşa Qafqaza, eləcə də Azərbaycandan Rizeye axın etməsinə təkan verə bilər.

Tam məsuliyyətlə deyə bilərik ki, Füzuli və Rizə-Artvin Beynəlxalq Hava limanları regionda ən perspektivli sayılan aeroportlar sırasına daxil olub. Eyni nikbin proqnozlarla demək olar ki, məhz adıçəkilən hava limanları əsasında hər iki bölgədə həyat canlanacaq, turistlərin rahat hərəkəti təmin ediləcək. Rizə-Artvin Beynəlxalq Hava Limanının tikintisinin Türkiyəyə bəxş etdiyi ən böyük faydalardan biri də odur ki, bu aeroportun şimal istiqaməti Qara dənizdə ən perspektivli dəniz limanının tikintisi üçün münbit məkana çevrilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...