Avropa İttifaqına inteqrasiya perspektivləri kontekstində Azərbaycan-Litva əlaqələrinin inkişafı ŞƏRH

Müasir dövrdə ölkəmiz Avropa İttifaqı ilə münasibətlərində öz xarici prioritetlərinə uyğun olaraq daha çox ikitərəfli əlaqələrə üstünlük verir. Avropa İttifaqının regional layihələrində iştirak etməklə yanaşı, Cənubi Qafqazdakı ümumi iqtisadi tərəqqidəki payına görə lider dövlət olan Azərbaycan İttifaqın xarici əlaqələrində müəyyən mövqe tutmağa çalışır. Odur ki, Azərbaycan dövləti Avropa İtifaqı ilə ikitərəfli əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək İttifaqın ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdirir. Müasir dövrümüzdə dövlətlərarası həm regional, həm də beynəlxalq səviyyədə bir çox sahələrdə əməkdaşlıq əlaqələri qurulur və inkşaf etdirilir. Regional səviyyədə bütün sferalarda əməkdaşlıq əsasən qonşu dövlətlər və regional təşkilatlar çərçivəsində qurulan əlaqələri xarakterizə edir. Beynəlxalq səviyyədə iqtisadi əməkdaşlıq isə dünyanın müxtəlif ölkələri ilə həm ikitərəfli həm də beynəlxalq təşkilatlar vasitəsilə qurulan əlaqələrin məcmusudur. Son illər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının prioritet istiqamətlərinin araşdırılması,təhlil edilməsi və inteqrasiya perspektivləri hər zaman aktual olmuşdur. Avropa ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin çoxşaxəli vektorlardan ibarət olmasının bariz nümunəsidir.

Müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin yeni dünya düzənində regional və qlobal inteqrasiyanın strateji xəttini milli inkişafın prioritet istiqamətlərindən biri kimi önə çəkməsi, onu ardıcıl olaraq həyata keçirməsi, bu yöndə aparılan bütün fəaliyyətini müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın dünyada özünütəsdiqinə nail olması, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin də bu siyasətin daha da inkişaf etdirməsi bu gün hamı tərəfindən qəbul olunmuş gerçəklikdir. Son dövrdə geniş vüsət alan, getdikcə daha da intensivləşən inteqrasiya, qloballaşma və regional əməkdaşlıq formalarının Azərbaycan üçün əlverişli və sərfəli olan ən optimal modellərini müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin siyasi irsinin geniş tədqiqi daim dəyişən dünyada inteqrasiyanın yeni istiqamətləri, formaları kontekstində daha da aktuallıq kəsb edir. Dövlət müstəqilliyinin ilk illərindən etibarən dünya birliyinə və xüsusən də Avropa İttifaqına inteqrasiya istiqamətində kompleks tədbirlər həyata keçirən Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü siyasətinin prinsipial məqamları Azərbaycan üçün böyük nəzəri-təcrübi əhəmiyyətə malikdir.

Azərbaycanın Avropa İttifaqına inteqrasiyası prosesində Ümummilli Lider Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezidentimiz İlham Əliyevin yorulmaz və əzmkar fəaliyyəti təqdirəlayiqdir. Prezident İlham Əliyevin uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşuldu. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çev­rildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı və bu proses bu gündə davam etməkdədir.İnteqrasiya prosesinin dərinləşməsi və əlaqələrin inkişafı baxımından Litva Respublikası ilə olan çoxtərəfli münasibətlər, xüsusilə iqtisadi sahə çox əhəmiyyətlidir. Hər iki ölkə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub və hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər.

Azərbaycanla Litva arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıq da mövcuddur. Həmçinin Azərbaycan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlıq edir. Bu münasibətlər ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilir.

Bütün bu proseslərdə cari ilin may ayının 18-də Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycan Respublikasına rəsmi səfəri böyük əhəmiyyət kəsb etmişdir. Qeyd edək ki, Azərbaycanın özünün son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır. Malik olduğu zəngin karbohidrogen ehtiyatları sayəsində Avropanın enerji təhlükəsizliyinin təminində əvəzolunmaz mövqeyə sahib olan Azərbaycanda yaradılan əlverişli biznes mühiti və geniş iqtisadi inkişaf potensialı da respublikamızın tərəfdaş ölkələrlə daha sıx əməkdaşlığına imkan verir. Öz növbəsində Avroatlantik məkana intensiv surətdə inteqrasiya edən Azərbaycan da Litva ilə əməkdaşlıqda maraqlıdır. Qarşılıqlı ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələr hər iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına cavab verir. Azərbaycanla Litva arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bir sıra sahələr üzrə imzalanan sənədlər mühüm hüquqi baza rolunu oynayır. Beləliklə, bu gün Azərbaycanla Litva bir-birini dəstəkləyən siyasi, iqtisadi, elmi-texniki və digər sahələrdə tərəfdaş ölkələrdir. Bu iki ölkə arasında münasibətlər başlıca olaraq qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi və bir sıra digər mütərəqqi prinsiplərə söykənir. Litva Avropa İttifaqına üzv olan ölkələrdəndir və iki ölkə arasındakı güclü siyasi münasibətlər deməyə əsas verir ki, Azərbaycanla Litva strateji tərəfdaşlardır. Litva Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq ölkələrimizin maraq dairəsindədir.

İkitərəfli əlaqələrin genişlənməsində Bakıda Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes formunun rolu danılmazdır. Formun əsas məqsədi hər iki ölkənin işgüzar dairələrinin fəaliyyətinin genişləndirilməsi və bu istiqamətdə qarşılıqlı dialoqların aparılması vacib məqamlardandır. Azərbaycan-Litva iqtisadi əlaqələrinin inkişafına xüsusi diqqət çəkən Cənab Prezidentimiz İlham Əliyev qeyd etmişdir: “Ölkələrimiz arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq və Prezidentin hazırkı səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. Düşünürəm ki, iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır. Əlbəttə ki, biznes forum planlarımız, ölkəmizdəki biznes mühiti, sərmayə də daxil olmaqla imkanlar haqqında bir-birimizi məlumatlandırmaq, həmçinin işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir. Fikrimcə, yaxın zamanlarda bir araya gələcək birgə hökumətlərarası komissiya bizim işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Bu gün nümayəndə heyətlərinin müzakirə edəcəyi məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji, təhsil ilə bağlı məsələlər vardır. Müzakirə etdiyimiz bütün məsələlərə dair bizdə ümumi anlayış vardır. Həmçinin həmin məsələlərə dair praktiki nəticələr əldə etməyə və əməkdaşlığı inkişaf etdirmək üçün başqa nə etməyi müəyyənləşdirməyə ehtiyacımız vardır”.

Qeyd edək ki, forumda hər iki ölkənin rəsmiləri ilə yanaşı, İKT, qida sənayesi, kənd təsərrüfatı, tikinti, təhsil, tibb və digər sahələri təmsil edən iş adamlarının iştirakı etmişdir. İki ölkə arasında tərəfdaşlıq qarşılıqlı hörmət və dostluq üzərində qurulub, keçirilən tədbirlər, aparılan müzakirələr əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə stimul verən əsas amillərdəndir. Bununla yanaşı, “Şərq Tərəfdaşlığı” təşəbbüsü, Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya əlaqələrimizin genişlənməsində, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli platformalardır. Bu platformada həmçinin Azərbaycanın əlverişli biznes və investisiya mühiti, güzəştlərin tətbiq edildiyi sənaye parkları, aqroparklardan istifadə edilməsi də ikitərəfli iqtisadi əlaqələrin inkişafında böyük əhəmiyyətə malikdir. Ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişaf prioritetləri Litva ilə tərəfdaşlığın inkişafına şərait yaradır. Belə ki, “yaşıl” iqtisadiyyatın genişləndirilməsi və işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətlərində əməkdaşlıq üçün böyük perspektivlər var. Göründüyü kimi, bu və digər istiqamətlərdə görülən işlər və əldə olunan müsbət nəticələr Azərbaycan-Litva əlaqələrində iqtsadiyyat sektorunun müsbət cəhətdən stimullaşdırılmasına və gələcək əməkdaşlığın daha da şaxələndirilməsində öz töhfəsini verəcəkdir.

Forumda enerji təhlükəsizliyi məsələlərinə də toxunulub.Məlumdur ki, Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə - iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır. Avropa ölkələri və aparıcı şirkətlərlə enerji sahəsindəki mövcud tərəfdaşlıq münasibətləri Azərbaycanın özünün böyük qaz ehtiyatlarını dünya enerji bazarlarına çıxarmaq imkanı yaradır. Avropa ittifaqının üzvü kimi Litva Respublikası ilə də bu sahədə əməkdaşlıq qarşılıqlı olaraq hər iki ölkənin inkişafına zəmin yaradacaqdır.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...