Vətən müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün yeni imkanlar yaranıb ŞƏRH

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı vəziyyət dəyişib və regionun gələcək inkişafı üçün nadir imkanlar yaranıb. Bu imkanlar xüsusən də yeni kommunikasiyaların açılmasını, nəqliyyat dəhlizlərinin yaradılmasını şərtləndirir. Region ölkələrinin birgə əməkdaşlığı sayəsində həyata keçiriləcək müştərək layihələr əlbəttə ki, ilk növbədə bölgənin sürətli inkişafı üçün real zəmin yarada bilər. Yeni reallıqları dəyərləndirən Prezident İlham Əliyev də məhz bu prinsipləri nəzərə alaraq regionda yeni "3+3" əməkdaşlıq formatının yaradılması təklifini irəli sürüb. Bu, Azərbaycan, Türkiyə, Rusiya və İran, Gürcüstan, Ermənistan əməkdaşlığını nəzərdə tutan platformadır. Prezident cənab İlham Əliyev fərqli, yeni reallıqlar və yeni eranı meydana gətirib. 22 may tarixində Brüsseldə keçirilən sayca üçüncü görüşdə Azərbaycan beynəlxalq aləmə daim açıq olduğunu, ilk növbədə isə Ermənistanla münasibətlərin dəqiq müstəvisini bir daha göstərdi.İkili standartlar həyata keçirən müəyyən dairələr İkinci Qarabağ savaşında müəyyən qədər kənarda qaldılar. Müxtəlif dairələrin Azərbaycanı müəyyən sanksiyalara məruz qoymağa çalışmaları reallaşmadı, çünki bunun üçün hər hansı hüquqi, hərbi və ya digər əsaslar mövcud deyil. Azərbaycan bu mənada da tarixə fərqli bir müharibə modeli və mədəniyyətini təqdim etmiş dövlət kimi düşəcək.

Bəllidir ki, Azərbaycan məğlub Ermənistan istisna olunmaqla qonşu ölkələrlə hər zaman əməkdaşlıqda maraqlı olub və indiyə qədər müxtəlif layihələr həyata keçirib. Ölkəmizin Türkiyə, Rusiya, İran və Gürcüstanla birlikdə reallaşdırdığı müxtəlif beynəlxalq layihələr, ilk növbədə, Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Məhz bu layihələr iqtisadiyyatımızın sürətli inkişafında mühüm rol oynayıb. Prezident Cənab İlham Əliyev müharibədən sonrakı bütün çıxışlarında bəyan edir ki, regionun inkişafı naminə icra ediləcək hər bir layihə özündən sonra digər layihənin reallaşmasına real zəmin yarada bilər. Ona görə də ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsinə imza atmalıdır. Belə olan təqdirdə "3+3" formatı reallaşa bilər. Bu formatın reallaşması ilk növbədə Ermənistanın düşdüyü acınacaqlı durumdan qurtuluşu ola bilər.Prezident Cənab İlham Əliyev hər zaman vurğulayır ki, Ermənistan Azərbaycanla hesablaşarsa, yeni formatın yaranması ilə bağlı danışıqlar aparmaq olar. Bu gün artıq nikbinliyə səbəb olan digər amil odur ki, qonşu dövlətlər də Azərbaycanla eyni mövqeni bölüşür. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı fikir ayrılığı yoxdur. İlham Əliyev deyir ki, əgər təkcə Zəngəzur dəhlizinə fikir versək, bunun Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstanın maraqlarına cavab verdiyini aydın şəkildə görə bilərik. Yəni bu dəhlizin yaradılması, işə düşməsi ilə Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər.

Mansur Quliyev

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...