ABŞ Azərbaycan dövlətinin apardığı siyasəti dəstəkləyir və təqdir edir! ANALİTİKA+AKTUAL

Cozef Baydenin İlham Əliyevə ünvanladığı təbrik məktubunda bir sıra mühüm və diqqət çəkən məqamlar yer almaqdadır

Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Bayden Azrbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibəti ilə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda bir sıra əhəmiyyətli məqamlara toxunan ABŞ-ın dövlət başçısı ilk olaraq ölkəsinin Azərbaycanla 30 illik münasibətində mövcud olan müxtəlif sahələrdəki əməkdaşlıqlara yüksək dəyər verdiyini xüsusilə vurğulayıb. Belə ki, istər beynəlxalq təhlükəsizlik, istərsə də Avropa və dünya bazarlarındakı təhlükəsizlik faktorunda əsas təminatçı rolunda çıxış edən ölkəmiz eyni zamanda sabitləşdirmə siyasəti baxımından da öz önəmli məqamını tutmaqdadır. Məhz bu gerçəkliklərdən çıxış edən Cozef Bayden 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa verilən üstün dəyərlərdən bəhs edib.

Azərbaycanın müxtəlif siyasi proseslərə ədalətli prizmadan yanaşması, beynəlxalq terrorizmə qarşı mübarizəsi ABŞ tərəfindən təqdir olunmaqdadır

Daha bir məqam isə budur ki, Azərbaycan dünyada sülhün və sabitliyin tərəfdarı olaraq çıxış edir və müxtəlif siyasi proseslərə ədalət prizmasından yanaşır. Bu xüsusda, Amerikanın dövlət başçısının Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyinə, davamlı humanitar yardımlarına yüksək qiymət verməsi də diqqət çəkməkdədir.

O da sirr deyil ki, Azərbaycan müxtəlif dövrlərdə beynəlxalaq terrorizmə qarşı çıxışlarda dünya ölkələri sırasında öncül yerlərdən birini tutmaqdadır. Belə ki, bəşəriyyətə təhlükə saçan terrorizmlə qlobal mübarizədə Azərbaycanın verdiyi töhfələri kifayət qədərdir və sözügedən məktubda həmin məqama da toxunularaq vurğulanıb ki, ABŞ ölkəmizin bu mübarizəsini təqdir edir, dəstəkləyir.

ABŞ-ın Azərbaycanın terrorizmlə mübarizəyə verdiyi yüksək dəyəri həm də belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, ölkəmizin regional sabitliyin, sülhün əldə olunması istiqamətindəki fəaliyyəti alqışlanır. Beləliklə, Cənubu Qafqazda davamlı sülhə nail olmaq üçün yaranmış mövcud və mühüm imkanlar ABŞ-ın dövlət başçısı tərəfindən yüksək dəyərləndirilir, ABŞ regionumuzda yaranmış reallığı qəbul etdiyini, dəstəkləndiyini bəyan edir.

Azərbaycanın regiondakı və beynəlxalq aləmdəki mövcud rolu yüksək dəyərləndirilir

ABŞ ın Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətində olması da sözügedən məktubda qeyd olunub. Təbii ki, bu anlamda Azərbaycanın sülh təşəbbüsləri dəstəklənir, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində görülən işlərlə bağlı ABŞ rəhbərliyi öz köməkliyini göstərməsi üçün daim hazır olduğunu bildirir.

Beləliklə, hazırkı dövrdə cərəyan edən proseslırin mürəkkəb xarakterini nəzərə almaqla Amerikanın Azərbaycanın müstəqilliyinə və suverenliyinə öz dəstəyini bir daha təsdiq etməsi həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, ABŞ Azərbaycanın yalnız regionda deyil, həm də beynəlxalq məkandakı yüksək nüfuzunu təqdir edir, ölkəmizin əldə etdiyi çoxşaxəli tərəqqisini alqışlayır. Əbəs deyil ki, ABŞ qarşıdan gələn illərdə və onilliklərdə Azərbaycanla münasibətlərini daha da genişləndirmək arzusunda olduğunu özəlliklə vurğulayır.

Bütün bunlar əlbəttə ki, cənab İlham Əliyevin qətiyyətli liderliyi, həmçinin, siyasi-diplomatik arenadakı şəxsi nüfuzu ilə izah edilə bilər

Ümumiyyətlə, ABŞ Prezidenti Cozef Baydenin müraciətində Azərbaycana verilən böyük dəyəri bilavasitə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətinə əsaslanır. Bütövlükdə isə, bu kimi yüksək qiymətləndirilmə gerçəkliyi həm də belə bir nəticə hasil edir - burada əhəmiyyətli məqam olaraq dövlət başçımızın dünya dövlətlərinin liderləri arasında məxsusi, yüksək məqama malik olması reallığı dayanır. Və bütün bunlar əlbəttə ki, cənab İlham Əliyevin qətiyyətli liderliyi, həmçinin, siyasi-diplomatik arenadakı şəxsi nüfuzu ilə izah edilə bilər. Məhz bütün bu kimi amilləri nəzərə almaqala əminliklə qeyd etmək olar ki, ABŞ Azərbaycanla əlaqələrə yüksək dəyər verir və bu dəyərin möhkəm bağlara sahib olması üçün maraqlı olduğunu özəlliklə nümayiş etdirir.

Ən əsası isə, məhz Müstəqillik Günü ərəfəsində ünvanlanan məktubda Azərbaycan xalqına ən xoş arzularını ifadə etdiyini qeyd edən Cozef Bayden xalqlarımız arasında inkişaf və tərəqqinin davamlı olmasını diləyir, ölkələrimizin də bu istiqamətdə münasibətlərini möhkəmləndirməsində daima dəstək göstərəcəyini vurğulayır.

Bəhruz QULİYEV,

"SƏS" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...