Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun dünya miqyasında söz sahibi olmasının bariz nümunəsidir ŞƏRH

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun dünya miqyasında söz sahibi olmasının bariz nümunəsidir ŞƏRH

Azərbaycan növbəti beynəlxalq tədbirə ev sahibliyi edərək mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva V Qlobal Bakı Forumu bir daha aydın göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf etdirilir.Tarixi əhəmiyyət daşıyan forumda “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan Forumun açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Beşinci Qlobal Bakı Forumunda 56 ölkədən 300 nəfərədək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak ediblər.
Qlobal Bakı Forumu Azərbaycanı tanıtmaq, ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün çox mühüm və əlverişli platformadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda həmin gün mətbuata bəyanatlarla çıxış ediblər. Ölkəmizin başçısı öz bəyanatında bir sıra mühüm və vacib məsələlərə toxunaraq bildirib ki, Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini parlaq şəkildə əks etdirir.
Ölkə başçımız görüşdə qeyd edib ki, “Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır və bu belə də davam edəcək. Biz yeni sazişlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindəyik. Əlbəttə ki, Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir”.
İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycanın açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq. Dövlət başçısı onu da vurğulayıb ki, Azərbaycan Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət edib: «Çünki təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır”.
Prezident İlham Əliyev çıxışı zamanı bu gün işğaldan sonra əsas məsələnin torpaqlarımızın yenidən qurulması olduğunu söyləyib: «İndi biz ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzəyik. Çünki hər şey dağıdılıb və yerlə-yeksan edilib”. Beynəlxalq ekspertlərin azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırdıqlarını diqqətə çatdıran dövlətimizin başçısı bir daha vurğulayıb ki, “biz sülhə sadiqik və ona mümkün ən tez bir zamanda nail olmaq istəyirik”.
Litva Prezidenti Gitanas Nauseda Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşı olduğunu söyləyib: “İkitərəfli münasibətlərin 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatın ruhuna uyğun şəkildə daha da inkişaf etdirilməsi bizim marağımızdadır”. Litva prezidenti Azərbaycanla Litva arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunun vurğulayıb: “Mən tam inanıram ki, bizim iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün böyük potensial var.
Bundan sonra da iki ölkə arasında əlaqələr sürətlə inkişaf edəcəkdir.

Samirə Zeynalova

YAP Tərtər Rayon Təşkilatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə