“Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilib - YENİLƏNİB FOTOLAR

“Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilib - YENİLƏNİB FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və Milli Məclisin Sosial Qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edib. Tədbirin əsas mahiyyəti Ümummili Lider Heydər Əliyevin siyasətini, Azərbaycan üçün verdiyi töhfələri gənc nəsillərə çatdırmaqdır.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında vurğulayıb ki, gələcəkdə Azərbaycanı idarə edəcək olan gənclər üçün Ulu Öndər Heydər Əliyev böyük miras qoyub: "Gənclik Azərbaycanın bu günü və sabahıdır. Azərbaycanın düşdüyü çətin vəziyyətdən çıxararaq həm ölkənin daxilində, həm də xaricində onu istəməyən qüvvələrə qarşı mübarizə aparıb. Ulu Öndər də hər zaman çıxışlarında qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı ən azı dövlətin 20-ci əsr tarixini dərindən bilməlidir. Ona görə ki, 20-ci əsrdə Azərbaycanı parçalamaq istəyən qüvvələr müəyyən mənada buna nail olublar. Amma bu qüvvələrə mane olmaq üçün xalq birlik olmuşdur və bu çox vacib bir məsələdir. Azərbaycan torpaqları ermənilər tərəfindən 4 dəfə işğal olunub. Xalqımız öz vətənini məcburi şəkildə tərk edib. Əsrin sonunda Azərbaycan torpaqları ermənilərin və onların havadarları tərəfindən işğal olunub. 30 il ərzində də ermənilər Qarabağımızı viran qoydular. Azərbaycanın kəndləri, tarixi abidələri demək olar ki, tamamilə məhv edilib. Bu ədalətsizliyə Azərbaycan dövləti heç bir zaman biganə yanaşa bilməzdi və Azərbaycan dövlətinin gücü hesabına torpaqlarımız işğaldan azad edildi. Həmçinin Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra Azərbaycan dövləti bir çox sahədə inkişaf edib. Onun iqtisadi əlaqələri xeyli genişlənib və bununla da iqtisadiyyatımız xeyli inkişaf etmişdir”.

Milli Məclisin Sosial Qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, Ulu Öndər bütün sahələri özündə ehtiva edən fəaliyyətə sahibdir: “Təbii ki, bu mövzu o qədər genişdir ki, bunu saatlarla danışsaq bitməz. Azərbaycan dövlətçiliyi üçün ən əsas struktur komponetlərindən olan azərbaycançılıq ideologiyasını sizin diqqətinizə çatdırmaq istərdim. Hər hansı bir xalq, hər hansı bir millət öz liderini tapır. Həmin lider həmin xalqı intibah səviyyəsinə gətirib çatdırır. Hər bir xalqın lideri öz dövlətini inkişaf etdirir. Bizim liderimiz isə Heydər Əliyevdir. Heydər Əliyev Azərbaycan xalqına bir dəfə yox, iki dəfə həlledici məqamda yardım edib.

Azəbaycanın bugünkü inkişafının təməlində elə məhz azərbaycançılıq ideologiyası yatır. Müasir azərbaycançılıq ideologiyasının banisi birmənalı şəkildə Heydər Əliyevdir. Düzdür Cümhuriyyət dövründə azərbaycançılıq ideologiyası ilə bağlı çox ciddi addımlar atılıb. Həqiqətən bu insanların haqqına girmək mümkün deyil. Lakin həmin işlər natamam qalıb. Bu işləri davam etdirən və bugünkü Azərbaycanın uğuruna töhfə verən məhz Heydər Əliyevdir”.

Tədbir daha sonra sual-cavab formasında davam etdirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə