AZƏRBAYCAN – LİTVA MÜNASİBƏTLƏRİ: BEYNƏLXALQ ZİRVƏYƏ DOĞRU TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Litva ilə Azərbaycan uzun illərdir strateji tərəfdaşdırlar"

PREZİDENT GİTANAS NAUSEDA: "Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır"

Yenə də Azərbaycan növbəti beynəlxalq tədbirə ev sahibliyi edir – mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva V Qlobal Bakı Forumunun keçirilməsi bir daha sübut edir ki, bu gün Azərbaycan ilə Avrasiya bölgəsinin mühüm birliklərindən biri olan Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir, tərəflər arasında konstruktiv dialoq mövcuddur və bu əlaqələr şaxələndirilmiş xarakter alıb. Tarixi əhəmiyyət daşıyan forumda “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan Forumun açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Beşinci Qlobal Bakı Forumunda 56 ölkədən 300 nəfərədək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər.

Forumun nüfuzlu qonaqları arasında Latviya prezidenti Raymonds Veyonis, Makedoniya prezidenti Georgi İvanov, Albaniya prezidenti Buyar Nişani, Monteneqro prezidenti Filip Vuyanoviç, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal da var. İki gün davam edəcək Forum Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda, lobbi quruculuğunda əhəmiyyətli rola malikdir. Qlobal Bakı Forumu Azərbaycanı tanıtmaq, ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün çox mühüm və əlverişli platformadır.

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Prezident İlham Əliyevə bu Foruma ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirərək Prezident İlham Əliyevin nitqini dinləmək şərəfindən məmnun olacaqlarını söyləyib.

Biznes forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda çıxış ediblər.

Qeyd edək ki, bu gün Azərbaycan ilə Avrasiya bölgəsinin mühüm birliklərindən biri olan Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir, tərəflər arasında konstruktiv dialoq mövcuddur və bu əlaqələr şaxələndirilmiş xarakter alıb. Ölkəmizin Avropaya inteqrasiya yolunda, həmçinin, diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb edən bu qurum Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, mövqeyinin möhkəmləndirilməsində böyük rol oynayır. Bu mənada təsadüfi deyildir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır. Elə Litva Respublikasının Prezidenti Gitanas Nausedanın ölkəmizə səfəri də bu əlaqələrin inkişafı baxımdan xüsusi önəm daşıyır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda çıxışı zamanı uzun illər Litva ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirib: «Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir. Bu gün cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir».

Dövlət başçısı bildirib ki, Litva Prezidentinin səfəri çərçivəsində bir sıra tədbirlər baş tutacaq ki, onların arasında biznes forum da var: “İşgüzar dairələrimiz arasında praktiki fəaliyyətlə bağlı qarşılıqlı böyük maraq var. Əlbəttə, siyasi əlaqələrimiz, siyasi dialoq və regional vəziyyət bu gün müzakirə edəcəyimiz məsələlər sırasındadır və mən həqiqətən də şadam ki, biz Bakıda görüşmək imkanı əldə etmişik”.

“BİZ CƏNUBİ QAFQAZI SÜLH, ƏMƏKDAŞLIQ VƏ QARŞILIQLI FƏALİYYƏT BÖLGƏSİ KİMİ GÖRMƏK İSTƏYİRİK”

“Biz bu gün Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti də müzakirə etdik. Mən bir daha Azərbaycanın mövqeyini ifadə etdim ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var»,- deyən dövlət başçısı bildirib ki, Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır: «Biz, həmçinin Gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir mübadiləsi apardıq və onlar da bu seçimi çox müsbət qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Postmünaqişə vəziyyətinə gəldikdə, bizdə müəyyən nikbinlik var. O fakta əsaslanaraq ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir».

İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycanın açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq. Dövlət başçısı onu da vurğulayıb ki, Azərbaycan Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət edib: «Çünki təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır”.

Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı aprelin sonuna qədər hər iki tərəfin işçi qrup yaratması barədə razılıq əldə olunduğunu xatırladan dövlətimizin başçısı deyib: «Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur”. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan hər zaman öhdəliklərə sadiq olub: “Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur”.

“BİZ TƏXMİNƏN 30 İL DANIŞIQLARA SADİQ QALDIQ, LAKİN ONLAR SIFIR NƏTİCƏ VERDİ”

“Azərbaycan BMT Nizamnaməsinin bizə verdiyi hüquqdan, özünü müdafiə hüququndan tam yararlandı. Biz təxminən 30 il danışıqlara sadiq qaldıq, lakin onlar sıfır nəticə verdi”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında İkinci Qarabağ müharibəsi barədə danışarkən səsləndirib. «Uzun müddət ərzində mən şəxsən hər zaman Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdım. Əgər sanksiyalar, özü də, ciddi sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistan çox xüsusi münasibətdən yararlandı və beynəlxalq hüququ kobud şəkildə pozduğuna, digər ölkənin ərazisini işğal etdiyinə baxmayaraq, Ermənistana heç bir sanksiya tətbiq edilmədi», - deyə dövlətimizin başçısı vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etməli oldu, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini özü icra etməli oldu. Nəhayət, döyüş meydanında və danışıqlar masasında Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur.

“BİZ LİTVAYA AZƏRBAYCAN-AVROPA İTTİFAQI YAXINLAŞMASINI DƏSTƏKLƏDİYİNƏ GÖRƏ MİNNƏTDARIQ”

Prezident İlham Əliyev çıxışı zamanı bu gün işğaldan sonra torpaqlarımızın yenidən qurulması olduğunu söyləyib: «İndi biz ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzəyik. Çünki hər şey dağıdılıb və yerlə-yeksan edilib”.Beynəlxalq ekspertlərin azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırdıqlarını diqqətə çatdıran dövlətimizin başçısı bir daha vurğulayıb ki, “biz sülhə sadiqik və ona mümkün ən tez bir zamanda nail olmaq istəyirik”. Litva Prezidenti ilə çox uğurla inkişaf edən Avropa İttifaqı-Azərbaycan əməkdaşlığını geniş şəkildə müzakirə etdiklərini bildirən Azərbaycan Prezidenti deyib: «Həmçinin yeni saziş üzrə danışıqların yekunlaşdırılması perspektivlərini, enerji, nəqliyyat təhlükəsizliyi məsələlərini, ticarət münasibətlərini müzakirə etdik. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, bu il bizim Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcmi, əlbəttə ki, artmaqdadır. Biz Litvaya Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəklədiyinə görə minnətdarıq. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır”. “Bizim ixrac potensialımız artır. Bu il ixrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Mən düşünürəm ki, bu, ölkənin dayanıqlı inkişafını göstərir»,-deyən dövlət başçısı enerji potensialının Azərbaycan xalqının rifahına xidmət etdiyini deyib: “Çünki enerji potensialı təbii sərvətlərimizə əsaslanır və Azərbaycan xalqının, dost və qonşularımızın rifahına xidmət edir. Eyni zamanda, qeyri-enerji sahəsində artım da iqtisadiyyatımızda islahat aparmaq üçün hökumətimizin istəyini və bacarığını nümayiş etdirir”.

Prezident İlham Əliyev onu da deyib ki, biz işsizlik səviyyəsini 5-6 faizə qədər azaltmağa nail olmuşuq: “Lakin bunu aşağı səviyyədə saxlamaq üçün biz hər il yeni iş yerləri açmalıyıq. Çünki Azərbaycanın əhalisinin sayı, 30 il əvvəl müstəqilliyimiz əldə olunandan bu günə qədər 7 milyondan 10 milyona qədər artmışdır və indi də artmaqdadır. Bu səbəbdən biz daha çox insan üçün iş yerlərinə sahib olmalıyıq. Xüsusilə də indi - dördüncü sənaye inqilabının nəticəsində bir çox işlərin artıq mövcud olmayacağı dövrdə biz özümüzü yeni iş sahələrinə hazırlamalıyıq”.

“BİZ AZƏRBAYCANDA NƏQLİYYAT ŞƏBƏKƏSİNİN ŞAXƏLƏNDİRİLMİŞ ZƏNCİRİNİ YARATMIŞIQ”

“Biznes dairələri və bir-birinə o qədər də yaxın yerləşməyən ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Biz Azərbaycanda bunun üzərində uzun illər işləmişik və nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirini yaratmışıq. Mən bunu Qafqazlarda, həmçinin Xəzər dənizi boyu və Asiyada regionun yeni nəqliyyat xəritəsi adlandırardım»,-deyən Prezident İlham Əliyev Azərbaycanın önəmli nəqliyyat mərkəzinə çevrildiyini vurğulayıb: «Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşirik. Həmçinin sizə deyə bilərəm ki, Azərbaycan şimaldan qərbə gedən yükləri də ötürür. Biz infrastruktura yatırımlar etdik. Lakin aydındır ki, qonşu ölkələrlə yaxşı işçi münasibətlər olmadan heç bir ölkə, xüsusilə də Azərbaycan kimi açıq dənizə çıxışı olmayan ölkə tranzit ölkəyə çevrilə bilməz. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik. Azərbaycanın rolu mütləq şəkildə artacaq».

Prezident İlham Əliyev qeyd edib ki, bu yaxınlarda nəqliyyat infrastrukturumuzun necə istifadə edilməsi ilə bağlı qonşularımızdan çox sayda yeni təkliflər almışıq: «Əlbəttə, əvvəlcə dediyim kimi, bu, Litva və Azərbaycandan olan biznes dairələrinin əməkdaşlığı və kommunikasiyanın ən yaxşı yollarının tapılması üçün çox önəmli olacaqdır».

“BU İL BİZ AVROPA İTTİFAQI İLƏ ENERJİ DİALOQUNA BAŞLAMIŞIQ”

“Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir». Bu barədə Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumundakı çıxışında bildirib. Dövlətimizin başçısı deyib: “Biz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik. Bizim planlarımıza qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Neft ixracına gəldikdə, ixracın bugünkü profili bizi və istehlakçıları qane edir. Eyni zamanda, bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyük olacaq. Bu il biz artıq Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlamışıq. O, bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir”.

“AVROPA İTTİFAQI AZƏRBAYCANI ƏLAVƏ ENERJİ RESURSLARINA TÖHFƏ VERƏN TƏRƏF KİMİ QƏBUL EDİR

Prezident İlham Əliyev Azərbaycana etibarlı və uzunmüddətli bazarlar, ədalətli nizamlama və qanunvericilik olan bazarların lazım olduğunu söyləyib: «Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, əlbəttə ki, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir”. “Bərpaolunan enerjinin 2030-cu ilə qədər ümumi balansımızda ən azı 30 faiz olması planlarımızı nəzərə alaraq, hesab edirəm ki, həmin planlara dəyişiklik edilə bilər. Fikrimcə, biz hətta enerji balansımızda 30 və ya 40 faiz bərpaolunan enerjini nəzərdə tuta bilərik. Onda, əlbəttə ki, Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər. Biz bunun üzərində işləyirik. Bu baxımdan, biz düzgün yoldayıq», - deyə dövlətimizin başçısı bildirib.

“AVROPA İTTİFAQININ ÜZVLƏRİ, XÜSUSƏN DƏ LİTVA İLƏ ƏMƏKDAŞLIQ BİZİM ÜÇÜN STRATEJİ ƏHƏMİYYƏT KƏSB EDİR”

Dövlət başçısı çıxışı zamanı Avropa İttifaqının əsas ticari tərəfdaş olduğunu deyib: “Biz yeni sazişlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindəyik. Əlbəttə ki, Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir. Şadam ki, bu əməkdaşlıq çox uğurla inkişaf edir”. Litva ilə ikitərəfli ticari və iqtisadi gündəlikdən danışan Azərbaycan Prezidenti qeyd edib ki, iqtisadiyyatlarımızın bir-biri ilə rəqabət aparmaması çox yaxşı haldır: «İqtisadiyyatlar Avrasiyanın fərqli hissələrində yerləşir. Beləliklə, biz birgə səylərimiz və layihələrimizlə, daha çox məlumat verməklə bir növ iş birliyi qura bilərik. Hesab edirəm ki, bu gün keçirilən biznes forumun üstünlüklərindən biri imkanların, biznes mühitinin, qaydaların, vergilərin, sərmayə imkanlarının və digər məsələlərin nümayiş etdirilməsindən ibarətdir. Əminəm ki, hər iki ölkənin biznes nümayəndə heyətləri bu fürsəti əldən verməyəcəklər».

LİTVA PREZİDENTİ GİTANAS NAUSEDA: “AZƏRBAYCAN QAFQAZ REGİONUNDA LİTVANIN ÇOX ÖNƏMLİ TƏRƏFDAŞIDIR”

Litva Prezidenti Gitanas Nauseda Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaş olduğunu söyləyib: “İkitərəfli münasibətlərin 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatın ruhuna uyğun şəkildə daha da inkişaf etdirilməsi bizim marağımızdadır”. Litva prezidenti Azərbaycanla Litva arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunun vurğulayıb: “Mən tam inanıram ki, bizim iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün böyük potensial var. Bu səbəbdən mən özümlə Azərbaycana bir çox biznes nümayəndələrini gətirmişəm. Biz bazar imkanlarını araşdırmaqda və ikitərəfli ticarət həcmlərini artırmaqda maraqlıyıq. Mən, həmçinin Azərbaycan biznes missiyasını bu ilin sonlarında Litvaya səfərə dəvət edirəm”.Prezident Gitanas Nauseda deyib ki, biz Avropa və onun təhlükəsizlik arxitekturası üçün önəmli dönəmdəyik: “Biz indi danışdığımız zaman Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edir. O, həmçinin qaydalara əsaslanan beynəlxalq nizamı müdafiə edir. İndi bütün mövcud praktiki vasitələrlə Ukraynanı dəstəkləmək vacibdir”.

LİTVA PREZİDENTİ: “AZƏRBAYCAN ENERJİ SEKTORUNDA AVROPA İTTİFAQININ ETİBARLI TƏRƏFDAŞIDIR”

«Litva Avropa İttifaqı ilə Azərbaycan arasında daha fəal əməkdaşlığın tərəfdarıdır. Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı platforması kontekstində çox önəmli ölkədir və strateji enerji tərəfdaşıdır. Biz Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə irəliləyişi dəstəkləməkdə davam edirik»,-deyən Litva Prezidenti Gitanas Nauseda Azərbaycanın enerji sektorunda Avropa İttifaqının etibarlı tərəfdaşı olduğun deyib: «Avropa İttifaqında enerji ixrac edən alternativ ölkələrlə, o cümlədən təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük maraq var. Azərbaycan enerji sektorunda Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Biz ölkələrimiz arasında Avropa və digər beynəlxalq inkişaf alətləri vasitəsilə əməkdaşlıq potensialını görürük. Biz öz uğurlarımızla və islahatlar sahəsindəki təcrübəmizlə bölüşməkdə maraqlıyıq”.

“Son on il ərzində biz artıq böyük elektrik istehsalı işlərini icra etmişik, qaz və maye qaz terminalının tikintisi layihələrini həyata keçirmişik. Həmin terminalın inşası 2014-cü ildə başa çatdırılmışdır. Hazırda enerji sektorumuz günəş və külək enerji parklarından ibarətdir. Biz bu yaxınlarda Baltik dənizində ilk dəfə olaraq külək enerji parkını yaradacağıq”,-deyən Litva Prezidenti Gitanas Nauseda forumundakı çıxışında bildirib. Azərbaycanın işgüzar dairələrini Litvanın ekosistemindən Avropa İttifaqı bazarına giriş nöqtə kimi istifadə etməyə çağıran Prezident Gitanas Nauseda hər iki ölkə üçün biznes əməkdaşlığının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: «Litvanın ərzaq və kənd təsərrüfatı sahəsinin gücü müxtəlif çeşidli məhsullarda görünür. Nəticədə, biz ərzaq məhsullarımızı 150-dən artıq ölkəyə ixrac edirik. Nəhayət, bütün iqtisadi sahələr ixtisaslı əmək qüvvəsi sayəsində bir-biri ilə bağlıdır. Gənclərin 56 faizi ali təhsilə malikdir və bu göstəriciyə görə Litva Avropa İttifaqında lider mövqeyindədir. İki onillik öncə Avropa İttifaqına qoşulduqdan sonra Litva iqtisadi uğur qazanmışdır. Mənim ölkəmdə adam başına düşən ümumi daxili məhsulun payı ən sürətlə Avropa İttifaqının orta göstəricisinə yaxınlaşıb və bu reytinqdə biz yalnız İrlandiyadan sonra gəlirik”. Litvalı həmkarı ilə bir çox məsələləri müzakirə etdiklərini bildirən dövlətimizin başçısı deyib: “Əlbəttə ki, biz məmnuniyyətlə ölkələrimiz arasındakı güclü siyasi əlaqələri, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoqu vurğuladıq. İki il öncə cənab Prezident ilə videokonfrans vasitəsilə danışmaq imkanımız olub, çox konstruktiv və məhsuldar müzakirələr aparılıb. İndi də canlı olaraq ikitərəfli gündəliyə dair çoxlu vacib məsələlər haqqında danışmaq imkanımız oldu”. Beləliklə, mayın 18-də tarixi əhəmiyyət daşıyan «Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumda vahid mövqedən çıxış edən hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub və hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər. Ən əsası isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının yenə də həmişə olduğu kimi, bu beynəlxalq konfransdakı çıxışı və konfrans iştirakçılarının suallarına cavablaları təkcə regionda deyil, həm də dünyada baş verən hadisələrə münasibəti, bu hadisələrə verdiyi qiymət bir daha göstərdi ki, Azərbaycan Prezidenti müdrik dövlət başçısı, dünya səviyyəli siyasətçi kimi dünya liderlərindən biri olmaqla, Azərbaycanın bugünkü reallıqları da təsdiqləyir ki, ölkəmiz, sözün əsl mənasında, müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilib.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...