Putini “Ukrayna cəhənnəmi”nə kim sürüklədi?

Həm özünü, həm də Rusiyanı batırır...

Rusiya Ukrayna torpaqlarında, sözün bütün mənalarında BATIR. Təəssüf ki, Rusiya ilə bağlı aylar öncə yazılarımdakı qeydlər çox acı şəkildə Ukrayna torpaqlarında ard-arda isbatlanır. Həm də qanlarla isbatlanan Rusiya gerçəkliyidir bu. 1999-cu ilin 31 dekabr axşamında Boris Yeltsindən hakimiyyəti təhvil alan keçmiş KQB generalı, o zaman parçalanmaqla üz-üzə qalan və daxili xaos içərisində çabalayan Rusiya üçün çox-çox önəmli idisə, bunun tam əksinə olaraq bu gün Ukrayna torpaqlarında BATIRILAN böyük rus dövləti üçün ən arzuolunmaz simaya çevrilib.

Açıq-aşkar görünən odur ki, artıq bundan sonra V.Putinin Kremldəki hər hakimiyyət saatı Rusiyanı daha çıxılmaz vəziyyətlə qarşı-qarşıya qoyur. Çünki hazırda V.Putin öz hakimiyyəti ilə yanaşı, Rusiyanı da tarixin batağlığına sürükləyir. Çıxılmaz bir bataqlıqa. Rusiyanın hazırkı rentgenini ehtiva edən bir sual var: NƏDƏN PUTİN BU BATAQLIĞA SÜRÜKLƏNDİ, NƏDƏN?

Putin “Kiyev batağlığında” nə axtarır?

Bu boyda rus dövlətinin sahibi nədən dağdakı çobanın belə təxmin edə biləcəyi gerçəkliyi “görməyib” Ukrayna batağlığına sürükləndi? Çox-çox qaranlıq tablodur. Dünyanın iki super nəhəngindən birinin rəhbəri olasan, amma bütün qərbin Ukraynanı sənə qarşı qanlı plastarma çevirəcəyini, bütün NATO və ABŞ resurslarının var gücü ilə Ukrayna torpaqlarında sənə qarşı qanlı cəbhə açacağını bilməyəsən? Hələ öz ordunun və neçə illərdir korrupsiyanın çökdürdüyü iqtisadi potensialını qiymətləndirməyəsən. Sovetdən qalma tankları toy karvanı kimi Ukrayna çöllərində səpələyə-səpələyə qalasan, əsgərlərin yemək üçün həyətlərə girib toyuq-cücə oğurlasınlar. Tutaq ki, rus ordusu Donetsk və Luqanskı, habelə ətraf əraziləri götürdü tam nəzarətə. Bu boyda həngamə elə bunun üçündürmü? Bununla Rusiyanın gücünə gücmü qatılacaq? Yaxud Ukraynanı “zərərsizləşdirməklə” Rusiyanın sərhədlərində NATO qoxusumu itəcək? Yox, bunları V.Putin bilməmiş olmaz, bu, mümkün deyil. Bəs onda bu həngamənin məqsədi nədir? Yoxsa qərb Rusiya üçün ikinci Qorbaçov ssenarisi hazırlayıb?...

Böyük rus dövləti yarada bilmədi, əvəzində “Putin doktorinası” yaratdı...

90-cı illərin sonunda prezidentliyindən daha çox, alkoqol qəbulu ilə ad çıxaran B.Yeltsinin zəif idarəçiliyi ucbatından dağılmaqla və daxili böhranla çabalayan Rusiya üçün V.Putin əsl nəfəslik idi. Boris Nikolayeviçin başsız buraxdığı Rusiya, sözün əsl mənasında, möhkəm “dəmir əl” axtarırdı. Ta ki balacaboy Vladimir Vladimiroviç Kreml qapısında peyda olana qədər.
O gəldi, dağılan və xaos içində olan Rusiyanın cilovunu yığdı, Çeçenistan və başqa qiyamçı subyektləri zərərsizləşdirdi, federasiya subyektlərini elə sıxdı ki, bir də heç kimin ağlından Rusiyadan ayrılmaq kimi “cəfəng fikirlər” keçmədi. Çünki V.Putin o fikirlərin toplaşacağı beyinləri də “təmizləyirdi”...

O gəldi Rusiyada dəmir intizam yaratdı, Ağ Evdə lağlağı hədəfi olan Rusiya dövlətini cəmi 7-8 ildən sonra dünya siyasətinin ağır çəkili güc mərkəzinə çevirdi, sərt inzibati sistem yaratdı və ən əsası Rusiyanı sovetdən daha cəzbedici QORXU MİFİNƏ çevirdi. 2008-ci ildə rus tankları Gürcüstanın paytaxtına qədər soxulub gürcüləri qanına boyayanda, qərbdəkilər V.Putin mifindən daha çox lərzəyə gəlirdilər. O, qərbə ən kəskin reaksiya göstərib onu qorxu altında saxlamağı bacardı. Sözün əsl mənasında, sovet dövlətinin qorxunc mifi, V.Putinin qorxuducu və vahiməli imici ilə müqayisədə fil ilə qarışqanın müqayisəsinə bənzədi. Bir çoxları onun SSRİ-nin bərpası üçün hazırlıq gördüyündən duyuq düşmüşdülər. Qorxunc Moskva mifi qərbdəkiləri lərzəyə salmışdı. Sözsüz ki, İngiltərə kəşfiyyatından başqa...

2022-ci ilin bir soyuq fevral axşamında rus tankları Kiyevə, - qədim rus dövlətinin ana ocağına tərəf şütüyəndə artıq bütün dünya balacaboy Kreml rəhbərinin əsl niyyətini anladı: sovet coğrafiyasını deyil, Böyük Rusiyanı bərpa etmək, öz hikkəsini dünyaya qəbul etdirmək. Və həm də bir uşaq səhvinə qədər əyiləcək Kreml rəhbəri obrazı!
Amma elə həmin fevral günlərində dünya bir də ayıldı ki, bu qorxunc Kreml sahibi sən demə Rusiyada total diktaturadan başqa heç bir iş görməyib. Əsl dövlət, geniş və dayanıqlı iqtisadiyyat, güclü ordu mexanizmi,- heç biri qurulmayıb. Sən demə əziz Vladimir Vladimiroviç sovetdənqalma ordu ilə qərbə “xox gəlib” və onun “əzəmətli ordusu” Ukrayna çöllərində qərb qüvvələri qarşısında pərən-pərən düşüb həyət-bacadan toyuq cücə oğurlamaqla qarın doyurur. Fakt budur.

Bəli, əlahəzrət həqiqət budur ki, V.Putin Rusiya dövləti qura bilmədi. İqtisadiyyatı, ədəbiyyatı, intellektual insan resursu olmayan bir Rusiya dayanır qarşımızda bu gün. Dediyimiz kimi, Ukrayna çöllərində təkcə rus ordusu deyil, Rusiya dövləti də pərən-pərən düşüb...

Bəs V.Putin Rusiyadan daha nələri aldı? 1999-cu ilin son dekabr günü Kremlə ayaq basan V.Putin Rusiyada müstəqil düşüncə və fikir azadlığını, intellektual və azad fikirlilik üzərində qurulmuş televiziya efirlərini, Lermantovun, Puşkinin, Dostoyevskinin, Qoqolun, Çexovun nüvəsində durduğu böyük rus ədəbiyyatını üçün əsl cəhənnəm yaratdı, KQB generalı Rusiyaya çox itki yaşatdı. V.Putin Rusiyanı daxili parçalanmadan qurtardısa, əvəzində böyük iqtisadiyyatı, ədəbiyyatı və mədəniyyəti olan Rusiya dövləti qura bilmədi. İqtisadiyyatı olmayan, əsasən də kriminal məmur irerxiyasının gənə kimi daraşdığı Rusiya tablosu ortaya çıxdı. V.Putin böyük Rusiya dövləti yaratmaq üçün çalışmadı, əvəzində keçmiş sovet respublikalarının əksəriyyətini şəxsi poliqonuna çevirən böyük Putin rejiminin “qayğısına qaldı”. Bugünkü tabloda ortada: Böyük rus dövləti yox, əvəzində hər kəsə qanlı müharibə hədəsi ilə hücum edən şəxsi Putin doktirinası “at çapır”...

Putini öz “allahları” elan edən Sovalyev, Marqarita Simonyan kimi iyrənc “propoqanda qaranquşları”

B.Yeltsin zamanındakı fikir azadlığı və müstəqil media, xüsusilə sərbəst telekanallar 2000-ci illərin ortalarından məhv edildi, əvəzində V.Putini öz “Allahları” elan edən Sovalyev, Marqarita Simonyan kimi iyrənc və müti “propoqanda qaranquşları” önə çıxdılar, intellektual Rusiya ziyalı elitası yox edildi, əvəzində müti demaqoqlar və Vladimir Jirinovski kimi xəstə təxəyüllü siyasi meymunlar ortalıqda dolaşdı, Puşkin, Lermontov, Dostoyevski, Qoqol kimi nəhənglərin izi ilə gedən və böyük tarixi olan rus ədəbiyyatı və mədəniyyəti silinib yox oldu, oxuyan və düşünən Rusiya cəmiyyəti öz tarixinə və həyatına laqeyd olan müti ictimai sürü ilə əvəzləndi. V. Putin Rusiyanı dağılmaqdan qurtardısa, əvəzində şəxsi diktaturası ilə bütöv bir Rusiya cəmiyyətini manqurt sürüyə çevirdi. Dilsiz-ağızsız müti sürüyə...

Moskva Ukraynada sınıq-salxaq sovet tankı ilə imperiya “axtarır” ...

Ta ki... bu ilin fevralın 24-ü axşamı Ukrayna torpaqlarına soxulana qədər. Rus əsgərinin Ukraynaya ilk hücum günü dünyanı V.Putin qorxusu bürümüşdüsə, sonrakı üçüncü və dördüncü günlərdəki baş verənlər açıq-aydın bu mifi sabun köpüyünə çevirdi. Soyuq qış günündə Ukrayna torpaqlarında sınıq-salxaq köhnə sovet tankları ilə yollarda qalan, ac-susuz, ukraynalılardan yanacaq dilənən, həyətlərə girib toyuq-cücə oğurlayan rus əsgəri artıq qorxulu xoxandan lağlağa, məzxərə həfədi oldu. Ağlına güc versən də, anlaya bilmirsən ki, bu rəzil durum V.Putinin nəyinə lazım idi, kimi qorxudurdu, məqsədi nə idi? Nədən 150 minlik ordunu ac-yalavac, sınıq-salxaq sovet tankına mindirib qışın bu kəsə-kəs vaxtında Ukraynaya soxdu, yüzlərlə günahsız ukraynalını qanına qəltan elədi, milyonlarla insanı dondurucu şaxtada evindən-eşiyindən didərgin saldı. Niyə, nə qazandı, məqsədi nə idi? Bu, cavabı hələ də müəmmalı olan sualdır. Əgər göründüyü kimi rus ordusu bu şəkildə müharibə aparıb itkilər verərək heç bir nəticə qazanmırsa, bu, sözsüz ki, əsl fiaskodur. Xüsusilə, son bir həftədə rus ordusu Almaniya, Polşa və digər NATO ölkələri tərəfindən çox güclü silah və təchizatla gücləndirilən Ukrayna ordusu qarşısında zəif duruma düşüb. Yox, əgər V.Putin Ukraynanı keçmiş Almaniya kimi iki yerə parçalayıb sərhədlərini bu slavyan ölkəsinin içərilərinə qədər genişləndirməyi düşünürsə, bu da çox təhlükəli və yanlışdır. Çünki bu halda heç zaman sülh olmayacaq, Rusiya ilə Ukrayna arasındakı onsuz da mövcud olan düşmənçilik əbədi və şiddətli qanlı müharibəyə səbəb olacaq. Burası bəri başdan aydındır. Çünki bu qədər dəhşətli faciədən sonra Ukrayna xalqı onu iki yerə bölən ruslarla heç zaman barışmayacaq, burası dəqiq belədir. Yox, əgər Vladimir Vladimiroviç yeni rus imperiyası yaratmaq üçün son çarə kimi ənənəvi “rus ayısı” taktikasına baş vurubsa, o zaman bu məsələdə də “əlini üz-gözünə bulaşdırıb”. Özü də Rusiyaya yaraşmayan bir qeyri-peşəkar şəkildə.

İraqda müsəlman qadınları və körpələri itlərə yedizdirən qərbdəkilər Putindən daha qorxuncdur...

Düzdür, İraqda qadın və uşaqları itlərə yedizdirən, müsəlmanlara məhz müsəlman olduğu üçün cəhənnəm yaşadan, yaxın Şərqdə yalançı “ərəb baharı” adlı xaosu yaradıb bu torpaqları cəhənnəmə çevirən ABŞ və qərbdəkilər, insan qətlində V.Putini yüz dəfələrlə qabaqlayırlar. Həmin bu qərb İraqda müsəlman uşaqları məhv olanda səslərini belə çıxarmırdılar. Həmin bu ABŞ qırıcıları “səhvən” müsəlman körpələri bombalayanda qərb diplomatları “təəssüfləndiklərini” məzə ilə dilə gətirirdilər. Ukraynanı bu gün V.Putinin gücünü sınamaq üçün qanlı test laboratoriyasına çevirən qərbdəkilər Kreml sahibindən az günahkar deyillər. Onların bu siyasi testi üçün növbəti qurban ukraynalılar oldu. Soyuq fevral günündə rus əsgərlərindən qaçıb avropaya qaçmaq üçün qarda-şaxtada yollarda donan, at-anasız qalan günahsız körpələr, zavallı qocalar, qadınlar...

Bəs şərti adı Rusiya-Ukrayna adlandırılan, amma əslində Rusiya-qərb müharibəsi olduğu heç kimə sirr olmayan bu qanlı laboratoriya nə zaman bitəcək? Sözsüz ki, hər şeyin bir sonu var və bu qaranlıq planın da məntiqi sonluğu olacaq. Çünki bu müharibə ya Rusiyanın acı iflası, ya Rusiyada böyük inqilab və dəyişiklik, ya da V.Putindən sonra da olsa Rusiyanın ildırımsürətli müharibə ilə yeni torpaqlar zəbt etməsi ilə başa çatacaq. Çünki “Kiyev batağlığı”ndan sonra Rusiyanın başqa heç bir yolu qalmır...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə