Heydər Əliyev irsi milli sərvətimizdir - ŞƏRH

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Yenə də tarixə nəzər salmağa zərurət duyuruq. Azərbaycanın dövlət müstəqilyini yenidən bərpa etdiyi illərdə yaşadığı durum yaddaşlardadır. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedir, torpalarımız bir-birinin ardınca ermənilər tərəfindən işğal edilirdi. Azərbaycan adlı dövlətin varlığı sual altında qalmışdı. Belə bir çətin məqamda xalqın səsinə səs verən dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni bir mərhələnin əsasını qoydu. 1993-cü il 15 iyunun tarixə Milli Qurtuluş Günü kimi daxil olması Azərbaycanın o illərdə yaşadığı durumun aydın təsəvvürünü yaradır. Qurtuluşdan başlanan yol Azərbaycanın bugünkü reallıqlarıdır. Ulu öndər Heydər Əliyev böyük qətiyyəti, siyasi iradəsi ilə xilaskarlıq missiyasını yerinə yetirdi, yeni, müasir Azərbaycanı qurdu. O, "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır" fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etməklə yanaşı, Azərbaycanın bir dövlət olaraq dünyada tanınmasını, yeri və rolunun möhkəmlənməsini yeganə həyat amalı seçdiyini diqqətə çatdırırdı. Ulu öndərin Azərbaycanın dövlət müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək, onun qorunmasını və möhkəmləndirilməsini hər bir vətənpərvər insanın qarşısında mühüm vəzifə kimi qoyması da bu hisslərinin böyüklüyündən irəli gəlirdi. Heydər Əliyev bildirirdi: "Respublikamızı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərlə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq".

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ümummilli lider HEYDƏR ƏLİYEV

Həqiqətən də biz bu gün Heydər Əliyev irsinin, vəsiyyətinin necə gərçəkləşdiyinin bir daha şahidi olduq. Bəli, bu gün xalq öz liderinin ətrafinda birləşib onunla yumruq olub düşmənin başını elə əzdi ki, dünya hələ belə bir qalibiyyət, belə bir zəfər görməmişdi. 44 günlük davam edən Vətən müharibəsi torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Azərbaycan xalqının tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gün. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin əli, şücaəti ilə yenidən yazdı. Ermənistan qəsbkarlıq niyyəti ilə başladığı işğalçılıq müharibəsində məğlub tərəf oldu. Əzəli Azərbaycan torpağı olan Qarabağın geri qaytarılması, Xocalının intiqamı uğrunda başladığımız müqəddəs müharibənin böyük və ehtişamlı Qələbə ilə sona çatması xalqın və haqqın Qələbəsidir! Vətən müharibəsi Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi.

Ali Baş Komandan İlham Əliyev Qələbə müjdəsini xalqa çatdırarkən, sevinc və həyəcanını bölüşərkən bu məqama xüsusi toxundu: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.

Bu qələbə illər öncə əsasını xalqımızın əbədiyaşar şəxsiyyəti, Ümummilli Lider Heydər Əliyevin qoyduğu güclü Azərbaycanın tarixi qələbəsi oldu. Azərbaycan xalqı bundan sonra tarix var olduqca bizə müstəqillik, azadlıq hissini yaşadan, azərbaycançılıq məfkurəsinin banisi olan Ulu öndər Heydər Əliyevi unutmayacaq və onun siyasi kursunun layiqli davamçısı dəmir iradəli Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək güclü Azərbaycan naminə daha da inamla mübarizə aparacaqdır.

Fidan Telmanlı,
YAP Zəngilan rayon təşkilatı, ərazi partiya təşkilatı sədrinin müavini

Bütün xəbərlər Facebook səhifəmizdə