12 may 2022-ci il tarixdə YAP Ucar rayon təşkilatının Ayaz Əhmədov adına Xələc kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidi Rzayev Habil Müslət oğlunun yubiley doğum günü - 60 illiyi qeyd olunmuşdur. YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Vətən müharibəsi şəhidlərinin – şəhid leytenant Elnur Vəliyevin atası Əli Vəliyev,şəhid gizir Kərim Əliyevin atası Məhəmmədəli Əliyev,şəhid əsgər Hikmət İbrahimovun atası Zaur İbrahimov,şəhid əsgər Xəyal Cəbrayılovun atası Rafiq Cəbrayılov, Ayaz Əhmədov adına Xələc kənd tam orta məktəbin kollektivinin və şagirdlərinin bir qrupunun, Xələc kənd ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə şəhid Rzayev Habil Müslət oğlunun rayonun Xələc kənd qəbiristanlığında məzarı ziyarət olunmuş,məzarın önünə çiçəklər qoyulmuş,ruhuna dualar oxunmuşdur.
Tədbir iştirakçıları həmçinin Habil Rzayevlə eyni qəbiristanlıqda uyuyan şəhidlərin – Həsənov Natiq Həsənqulu oğlunun və Məmmədov Qeys Məmməd oğlunun məzarlarını ziyarət etmiş,məzarların önünə çiçəklər qoyulmuş,ruhuna dualar oxunmuşdur. Daha sonra tədbir Habil Rzayevin ümumi orta təhsil aldığı Ayaz Əhmədov adına Xələc kənd tam orta məktəbdə davam etmişdir.Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda kompozisiya təqdim olunmuşdur.
Çıxış edənlər Vətən şəhidlərinin əziz xatirəsini daima uca tutacaqlarını vurğuladılar. Şəhid Habil Rzayevin həyat yoldaşı Rəna Rzayeva və qardaşı Əlirza Rzayev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.Habil Rzayev 03 may 1962-ci ildə Ucar rayonunun Xələc kəndində anadan olmuşdur.Habil Rzayev Xələc kənd səkkizillik məktəbini(o zaman orta məktəbə çevrilməmişdir),Lək kənd tam orta məktəbini bitirmişdir.Sovet Ordusu sıralarında Macarıstan Respublikasında hərbi xidmətdə olmuşdur.Daha sonra Bakı şəhəri 101 saylı Texniki Peşə Məktəbində təhsil alaraq 3-cü dərəcəli traktorçu-maşinist ixtisasına yiyələnmişdir. 02 yanvar 1987-ci ildə həmkəndlisi Rəna xanımla ailə həyatı qurur.1989-cu ildə Mingəçevir şəhərinə köçürlər və Mingəçevir Toxuculuq Kombinatında işə başlayır. 1 oğul,1 qız atası olur.
02 sentyabr 1992-ci ildə Mingəçevir Şəhər Hərbi Komissarlığından səfərbərliyə alınaraq Qarabağ bölgəsində döyüşə qoşulur, 11 aprel 1994-cü ildə Ağdam bölgəsində şəhid olmuşdur. Habil Rzayevin xidmətinin ömrü 1 il 7 ay 9 gün, ömür payı isə 31 yaş,11 ay 8 gün olub. Habil Rzayev şəhid olduqdan sonra Rəna xanım Mingəçevir şəhərində yaşamağa davam edərək Habilin yadigarlarını—Nüsrət və Təranəni atalarının adına layiq böyütmüş, ailə qurmuşlar. 5 nəvədən biri—15 mart 2015-ci ildə anadan olmuş oğul nəvəsi babası Habil Rzayevin adını daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB