Bu gün Şuşamız yenidən bayram libası geyindi. Yazın bu çağında 29 il yolumuzu gözləyən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalına start verilib. Hər tərəfi daşı, dağı musiqi ilə yoğrulmuş Şuşamızda belə bir tədbirin keçirilməsi əzəli torpağımızda bir DİRÇƏLİŞ, QAYIDIŞ himninə çevrilib. Bu himn milyonlarla insanın qəlbinin musiqisidir ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qəlbi ilə həmahənglik təşkil edir.
Yolumuzu həsrətlə gözləyən, dərddən torpağı cadar olmuş Şuşamız 29 ildən sonra yenə doğmalarını, qonaqlarını sevinclə qarşıladı. Şuşamız Zəfər Qurultayı dünyaya səpələnmiş soydaşlarımızı - həmrəylik, birlik nümayiş etdirən insanları bir araya gətirdi. Şuşa əzəməti, Şuşa qüdrəti daha aydın çalarları ilə nura boyanmış dünyamıza bir mayakdır. "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan Şuşamız böyük sevgi ilə hər kəsə qucaq açır. Hər dəfə qəlbimizin dərinliklərində böyük həsrətlə baş qaldıran hissləri bu gün yaşaya biləcəyimiz Şuşamızın hər yerindən xalq ruhunu əks etdirən musiqi sədaları eşidilir. İllərdir bayramlarımızı Şuşada, Cıdır düzündə qeyd edəcəyimizi arzuladığımız məkanda əbədi məşəlimizi yandırdıq və bu məşəl bizim xoşbəxt gələcəyimizdir. Toy-büsata, bayramlara susamış ocağımızda Novruz tonqalı yandırıldı. Şuşa məscidində azan səsi eşidildi, bayram namazı qılındı. Qələbəmizin möhtəşəmliyini könlü dolusu yaşayırıq.
Şuşa yeni bir qaynar dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyevin "Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" sərəncamları artıq Şuşada yeni bir həyatın başlanmasından xəbər verir. Bu müjdə hər tərəfə yayılır və bütün dünyamıza işıq salır. Şuşaya gedən yol Zəfər yoludur.
DÜNYA ÖLKƏLƏRİNDƏN GƏLMİŞ MUSİQİÇİLƏR İŞĞALDAN AZAD OLUNAN ŞUŞAMIZDADIRLAR
Bəli, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa "Xarıbülbül" musiqi festivalına ev sahibliyi edir. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunan "Şuşa İli"ndə keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq sayca beşinci festivalda xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak edirlər. Bu, o deməkdir ki, dünya ölkələrindən gəlmiş musiqiçilər işğaldan azad olunan Şuşamızdadırlar və öz ölkələrində bu gözəl diyarın nağılvari təbiət gözəlliklərindən danışacaqlar.
Xatırladaq ki, Şuşa şəhərində ilk "Xarıbülbül" festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. Tədbir həmin ilin mayında – Şuşada Xarıbülbülün çiçəklənmə dövründə təşkil olunub. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya (Başqırdıstan), Litva və Belarusdan da musiqi qrupları iştirak ediblər. 1990-cı ildən "Xarıbülbül" festivalı beynəlxalq status alıb. İkinci festivala Hollandiya, Almaniya, İsrail və Türkiyədən də folklor qruplarının dəvət edilməsi böyük marağa səbəb olub. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada ağır vəziyyət yarandığından əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib. Ümumilikdə ikinci festivalda müxtəlif ölkələrdən 170-ə yaxın nümayəndə iştirak edib. Festivalın keçirilmə tarixlərinə nəzər salsaq görərik ki, 1991-ci ildə keçirilən III "Xarıbülbül" festivalına 25 ölkədən 300-ə yaxın nümayəndə qatılıb. ABŞ və Avstraliyadan olan rəssamlar da festivala təşrif buyurublar. Tamaşaçıların çoxluğu səbəbindən festivalın əsas konsertləri stadionlarda keçirilib. II və III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub. Dördüncü festival 1992-ci il mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildiyindən "Xarıbülbül" festivalını burada təşkil etmək mümkün olmayıb. Festival yalnız qısa müddətdə Ağdam şəhərindəki İmarət kompleksində keçirilib.
"BİZ BU GÖZƏL ƏNƏNƏNİ BƏRPA ETDİK"
Bu gün Zəfər qazanmış Azərbaycan yenidən əzəmətli torpağında festivalını təşkil edir və bütün dünya bu möhtəşəm tədbirə diqqət kəsilib. İndi Şuşa şəhəri yenidən ənənələrini bərpa edərək yeni dövrünü yaşayır. Şuşada qeyd etdiyimiz kimi, "Xarıbülbül" festivalı keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsindən sonra ənənəvi "Xarıbülbül" festivalı yenidən Şuşa şəhərində təşkil edildi. İşğaldan azad olunan Şuşada 2021-ci il mayın 12-13-də Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılışında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak etmişdilər. Cənab Prezident festivalın açılışında çıxışında "Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək", - deyərək festivalın Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə etdiyini bildirmişdi. "Xarıbülbül" musiqi festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm" mövzusunda təqdim edilməsi də təsadüfi deyildi. "Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər" – deyən Prezident bildirmişdi ki, bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna Mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayırlar. Təsadüfi deyil ki, işğaldan sonra birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış etdilər.
AZƏRBAYCANIN TARİXİ TORPAQLARINDA BEYNƏLXALQ TƏDBİRLƏR REALLAŞDIRILIR
Bu gün yenə də dünyaya səs salacaq festivalın açılışında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik musiqi əsərləri təqdim olunub.
Təbiətin gözəl bir çağında hər tərəfin yaşıl, al rəngə boyandığı vaxtda Şuşada təşkil olunan festival səsimizi dünyaya yayır. Dünya görür ki, Azərbaycan xalqı tarixi torpaqlarında beynəlxalq tədbirləri reallaşdırır və bu torpağın əzəməti bir daha təqdim olunur.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Təbii ki, bu uğulu yolda necə-neçə oğullarımız canlarından keçdi, şəhidlik zirvəsinə yüksəldilər. Onların qarşısında baş əyirik və Azərbaycan xalqı hər zaman onların xatirəsini yad edəcək. Belə oğulların keçdiyi yollar ərənlik məktəbi olaraq öyrəniləcəkdir. Bu gün o torpaqlarda keçirdiyimiz tədbirlər bizi qürurladırır. Uzun fasilədən sonra keçirilən "Xarıbülbül" musiqi festivalı qazandığımız Zəfər sorağıdır. Bu qələbənin qazanılmasında xalq birləşdi, xalq həmrəylik göstərdi. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi". Dövlət başçısı onu da bildirib ki, bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi: "Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi".
Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılır. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradılır. Qısa bir zamanda ölkənin Mədəniyyət paytaxtı elan edilmiş Şuşada Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olunub. Həqiqətən də Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, "Şuşa Azərbaycan xalqının milli sərvətidir".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB