Ermənistan repressiyalarına QƏRB MÖVQESİZLİYİ – TƏHLİL

Ermənistan repressiyalarına QƏRB MÖVQESİZLİYİ – TƏHLİL

Nikol Paşinyanın istefası tələbi ilə meydanlara çıxan Ermənistan vətəndaşlarına qarşı güc tətbiq edildiyi göz önündədir və bunu hətta həmin ölkənin mətbuat səhifələri də açıq-aşkar yazır, hansıki bu dünyanın diqqətindən yayına bilməz. Az qala iki həftəyə yaxındır ki, davam edən aksiyalar zamanı Ermənistanda nələrin baş verdiyi də dünya ictimaiyyətinə bəllidir və bu ölkə hakimiyyəti özü belə vətəndaşlara qarşı tətbiq etdiyi təzyiqləri gizlətmir, əksinə, nümayişkəranə şəkildə edir. Ermənistanda repressiyalar müşahidə edilir və bu artıq adi hal kimi davam edir. Bəs nəyə görə bu ölkədə müşahidə olunan repressiyalara aparıcı Qərb dövlətləri, özlərini demokratiyanın qoruyucusu kimi göstərən qurumlar, demokratik təsisatlar və insan haqlarının müdafiəçisi rolunda çıxış edənlər susurlar, mövqesizlik nümayiş etdirirlər?

Bir zamanlar küçə nümayişçisi kimi tanınan, sonra isə Qərbin marianeti olduğu bəlli olan Nikol Paşinyan meydanlarda belində çanta aksiya keçirəndə Qərb buna laqeyid deyildi. Necə oldu ki, indi həmin Nikol əleyhinə aksiya keçirənləri, onların təzyiqlərə, repressiyalara məruz qalmalarını indi Qərb görməməzliyə vurur? Bu hansı mövqedir, yaxud mövqesizlikdir ki, Qərb açıq-aşkar ortaya qoyur? Yüzlərlə etirazçı erməni polis məntəqələrinə zorla aparılanda niyə bir zaman Paşinyanın müdafiəsinə qalxan Qərb susur? Buna ikili standartdan, mövqesizlikdən başqa nə ad vermək olar?

Ermənistanda müxalifətə, ələlxüsus keçmiş hakimiyyət nümayəndələrinə, onların tərəfdarlarına qarşı açıq-aşkar təzyiqlər edilir. Hətta Paşinyanın bir zaman özünün təyin etdiyi polis rəisinin, Valeri Osipyanın da etiraz aksiyalarında iştirak etməsi səbəbindən saxlanılması barədə xəbər bu ölkənin mətbuat səhifələrində yayımlanıb. Bu isə o deməkdir ki, Paşinyan hakimiyyəti heç kimə güzəşt edilməyəcəyi mesajını verir və bundan zərrə qədər çəkinmədiyini də bəyan edir. Bu ölkənin mövcud hakimiyyəti belə hərəkətlərlə bir növ, onlara qarşı hər zaman olduğu kimi, bundan sonra da qətiyyət göstəriləcəyini aydın şəkildə nümayiş etdirir, çünki Qərbin mövqesizliyinə, ikili yanaşmasına əmindir və buna arxalanır. Paşinyan hakimiyyəti əmindir ki, Qərbə heç də demokratiya lazım deyil, əksinə, bu məsələdə də əvvəlki kimi öz maraqlarını güdəcək. Məhz bu arxayınlıq və əminlik Ermənistanın mövcud hakimiyyətinin apardığı repressiyalarda özünü biruzə verir. Ermənistanda baş verənlər, qeyi-demokratik proseslər müzakirə mövzusu deyil. Onsuz da bu ölkədə demokratiyanın heç zaman olmadığı bəlli məsələdir, baxmayaraq ki, özləri özlərini demokratik cəmiyyət kimi göstərməyə çalışırlar. Müzakirə mövzusu bu qanunsuzluqlara, bu repressiyalara, insan haqlarının bu şəkildə pozulmasına Qərbin, demokratik təsisatların susması və mövqe bildirməməsidir.

Etiraz aksiyalarında iştirak etdiklərinə görə polis məntəqələrinə aparılanlar aydın şəkildə bəyan edirlər ki, onlara qarşı zor tətbir edilir, qanunsuzluğa yol verilir və yenə də Qərbin heç bir reaksiyası yoxdur. Ən dəhşətlisi isə odur ki, etirazçılar arasında olanlardan bir nəfərinin ölümü təsirsiz olub və mövqesizlik hələ də davam edir. Başqa ölkələrdə qanunsuz aksiya keçirən, hüquq pozuntularına yol verən nümayişçilərin qanunlara riayət olunmasına çağırış edilməsi belə Qərb tərəfindən şişirdildiyi halda, Ermənistanda aksiya iştirakçısının ölümü laqeyliklə qarşılanırsa, buna ancaq ikili standart, mövqesizlik adı vermək olar. Əgər Azərbaycanda təsdiqlənmiş konkret bir cinayət əməlinə görə hansısa cinayətkar saxlanıldığı halda, barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tədbirlər görüldüyü təqdirdə Qərb hay-küy qoparırsa, Ermənistanda isə nümayişçinin ölümünə belə susursa, deməli bu, sadəcə mövqesizlikdir, ədalətsiz yanaşmadır və hətta qərəzdir, hansıki heç bir məntiqə sığışa bilməz.

Sual oluna bilər ki, bəs nəyə görə özünü bir zaman xalqın nümayəndəsi kimi qələmə verən Nikol Paşinyanın, onun hakimiyyətinin öz xalqına qarşı təzyiqlər tətbiq etməsi, repressiyaları Qərbin gözünə görünmür? Bu həmin o Qərb deyildimi Nikolun əlində gördüyü sarğını, yəni yaralanmasını əlində bayraq etmişdi? İndi nə baş verdi ki, həmin o Qərb bir aksiya iştirakçısının ölümünü belə ya görmür, ya da görməməzliyə vurur? Bir neçə il bundan əvvəl küçə nümayişçisinin hər addımını izləyən, hər addımından da xəbəri olan Qərbin gözü indi bağlandı, yoxsa artıq görə bilmir? Təbii ki, görmək sərf eləmir, çünki gördüyü və etiraf etdiyi halda Qərb Ermənistanın anti-demokratik dövlət, ölkə olduğunu etiraf etməli olar. Bunu isə, görünür istəmir, əks halda etiraf edərdi.

Müşahidə olunan mənzərə və məntiqi nəticə onu deməyə əsas verir ki, Qərb bu ölkə haqqında yaratmaq istədiyi görüntünün yalançı olduğunu etiraf etməkdən çəkinir. Bu ölkənin demokratiyadan uzaq bir ölkə olduğu barədə hətta fikir belə ifadə etmək niyyətində deyil. Bir sözlə, Qərb həqiqəti etiraf etmək fikrində deyil və məhz ona görə susqunluq münayiş etdirir. Reallıq, həqiqət qalır bir tərəfdə, onlar isə başqa tərəfdə, amma bunu da qəbul edirlər. Bunun isə bircə adı, bircə qiyməti var və bu da, Qərb mövqesizliyi, ikili yanaşmadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə