Ümummilli Lider Heydər Əliyev yaşayır və yaşayacaq - TƏHLİL

Ümummilli Lider Heydər Əliyev yaşayır və yaşayacaq - TƏHLİL

Dünyanın bir çox xalqlarının öz xilaskar, dahi, müdrik nümayəndələri ilə hər zaman fəxr etdiklərinin, qürur hissi keçirdiklərinin şahidi olmuşuq və onların bu hissi, qürur hissini keçirmələri tam şəkildə anlaşılan, başadüşüləndir, çünki həmin dahilər mənsub olduğu xalqı sabitliyə, əmin-amanlığa, inkişafa, tərəqqiyə, irəliyə doğru aparıblar və onlar heç zaman yaddaşlaran da silinən deyillər. Azərbaycan xalqı da Ümummilli Lider Heydər Əliyevlə hər zaman fəxr edib, onunla qürur duyub və Ulu Öndərin xalqımızın firavanlığı, tərəqqisi, daim zəfərlərə, qələbələrə doğru irəliləməsi üçün misilsiz xidmətləri unudulan deyil, əksinə, bu gün qalib ölkə, qalib xalq kimi dünyada tanınmağımızda Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və son nəfəsinə qədər davam etdirdiyi, bizlərə miras qoyduğu müdrik siyasətin rolunu hər kəs etiraf etməkdədir.

Ölkəmizin inkişafı, tərəqqisi istiqamətində əldə edilən uğurlarımızdan, qələbələrimizdən danışdıqca bitməz və bütün bunlar heç də təsadüfi deyil, təməli Ulu Öndər tərəfindən qoyulan və onun siyasi varisi, cənab Prezedent İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasətin məntiqi nəticəsidir. Bütün dünya ölkələri Azərbaycanın uğurlarını, qələbələrini etiraf etməkdədirlər və bütün bunların kökündə məhz həmin o müdrik siyasətin dayandığının da fərqindədirlər. Fərqindədirlər ki, Azərbaycan doğru yoldadır, mükəmməl, balanslaşdırlmış siyasət yürüdür, siyasi, iqtisadi, hərbi baxımdan qüdrətli ölkədir, öz suverenliyinin, ərazi bütövlüyünün keşiyində durmağa qadirdir və artıq bütün dünyada söz sahibi olan ölkədir. Biz bu münasibətin hər dəfə beynəlxalq platformalarda keçirilən görüşlərdə şahidi oluruq və ölkəmizə münasibətin nə qədər yüksək səviyyədə olduğunu da öz gözlərimizlə görürük. Ölkəmizin bu qüdrəti, bu üstün məqamı isə, əlbəttə ki, Ümummilli Lderimizin ideyalarının, təməlini qoyduğu doğru, düzgün siyasətin sayəsindədir və şübhə yoxdur ki, bu müdrik siyasətin müəllifi Azərbaycan var olduqca yaşayır və yaşayacaq.

Əbəs yerə deyildi ki, ötən əsrin sonlarında, ölkəmizdə xaos yaratmaqda maraqlı olan qüvvələrin meydana atıldığı bir zamanda, hakimiyyətə təsadüfi adamların gəldiyi bir dövrdə və dövlətimizin, dövlətçiliyimizin onlar tərəfindən uçuruma doğru aparıldığı bir zamanda, hətta vətəndaş müharibəsi təhlükəsinin olduğu bir anda Azərbaycan xalqı təkidlə Ulu Öndər Heydər Əliyevi bir daha hakimiyyətə dəvət etdi. Xalqımız dahi rəhbərin, Ümummilli Liderin təcrübəsinə, yüksək idarəçilik məharətinə, müdrikliyinə artıq əmin idi, ona güvənirdi, inanırdı və məhz bu səbəbdən də xilas yolunu haqlı olaraq belə gördü. Məhz tarixin həlledici məqamında Ulu Öndər Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə dəvət olundu, hansıki Azərbaycanın bugünkü inkişaf mərhələsinə çıxmasını şərtləndirən əsas amil də elə bu oldu.

Ölkəmizdə və dünyada baş verən mürəkkəb proseslərin mahiyyətini dəqiq qiymətləndirməyi, dəyərləndirməyi və bu prosesləri milli mənafelərin tələb etdiyi aydın bir istiqamətə, məcraya yönəltməyi məharətlə bacaran Ümummilli Lider Heydər Əliyev Azərbaycanı çətin durumdan çıxardı. Məhz onun uzaqgörən, məqsədyönlü, müdrik siyasəti sayəsində müasir, inkişaf etmiş, qüdrətli Azərbaycan dövlətinin inkişaf təməli qoyuldu və elə bu səbəbdəndir ki, Ulu Öndər müasir Azərbaycan dövlətinin memarı, qurucusu sayılır və yaddaşlarda yaşayır, ehtiramla yad olunur. Ən çətin anda ən düzgün, ən doğru qərarlar qəbul edən Heydər Əliyev həm ölkəmizi fəlakətli vəziyyətdən xilas etdi, həm də dövlətimizin yüksələn xətt üzrə inkişaf yoluna qədəm qoymasına nail oldu. Azərbaycanda ötən əsrin sonlarında mövcud olan xaosun, hərcmərcliyin aradan qaldırılması da, inkişaf yoluna qədəm qoyulması da məhz bundan sonra, dahi rəhbərin hakimiyyətə gəlişi ilə reallaşdı. Çünki, vətəndaş müharibəsi həddinə gəlib çatmış, silahlı qarşıdurmaların belə baş qaldırdığı bir zamanda liderlik keyfiyyətləri, bacarığı, müdrikliyi ilə yalnız Heydər Əliyev dühası bunun öhdəsindən gəldi və ilk öncə ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi, ardınca da Azərbaycan inkişaf yoluna qədəm qoydu, regionun ən etibarlı və güclü dövlətlərindən biri kimi özünü dünyaya təqdim etməyi bacardı.

Azərbaycan xalqının təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkəmizin müstəqilliyinin qorunub saxlanılması və müstəqil siyasət həyata keçirilməsi üçün bütün səy və bacarıqlarını əsirgəmədi. Nəticədə ictimai-siyasi sabitlik təmin edildi, iqtisadi inkişafa nail olundu, Azərbaycan güclü iqtisadiyyata sahib oldu, əsaslı islahatlar həyata keçirildi, güclü ordu quruculuğu reallaşdırıldı və onun miras qoyduğu doğru, düzgün siyasətlə işğal altında olan ərazilərimiz Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi, qətiyyəti ilə işğaldan azad edildi, ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi. Ulu Öndər bu günün gələcəyi, bir gün torpaqlarımızın işğaldan azad ediləcəyi barədə qətiyyətlə bildirirdi, çünki buna inanırdı və əmin idi ki, təməlini qoyduğu yol, siyasət ölkəmizi zəfərə, qələbəyə aparır və biz buna nail olacağıq. Məhz bu məntiqi nəticə, yəni qazandığımız Zəfər Ulu Öndərinin özünün də, onun ideyalarının da yaşadığını təsdiq edir.

Ümummilli Lider Heydər Əliyev çox çətin bir dönəmdə, çox mürəkkəb bir şəraitdə, torpaqlarımızın bir hissəsi işğal olunduğu zamanda, hərcmərcliyin, hakimiyyətsizliyin hökm sürdüyü vaxtda, ölkənin vətəndaş müharibəsi astanasında olduğu bir məqamda hakimiyyətə qayıtmışdı və bu çətinliklərin öhdəsindən də layiqincə gəldi və ölkəmizdə mövcud olan bütün sıxıntıları da dəf etdi, üstəlik öz müdrikliyi ilə zəfər yolunu, qələbə xəritəsini çızdı, hansıki cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə, qətiyyəti ilə xalqımız bu yolu uğurla addımlayaraq qələbələrə imza atdı. Cəsarətlə, həm də fəxrlə deyə bilərik ki, xalqımızın qazandığı Zəfər, Ulu Öndər Heydər Əliyevin güclü, müstəqil, suveren Azərbaycan naminə başladığı və cənab Prezident İlham Əliyevin müvəffəqiyyətlə başa çatdırdığı taleyüklü, şanlı bir mərhələdir və yaddaşlardan silinən deyil, daim yaşayacağına da zərrə qədər şübhə ola bilməz.

“Torpağı qorumadınsa, onu əkib-becərməyə, əkib-becərmədinsə, qorumağa dəyməz”, deyən Dədə Qorqudun timsalında biz öz əcdadlarımızın tövsiyyələrini unutmadıq, onların ənənələrinə sadiq qaldıq və bütün dünya da şahidi oldu ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik ideyası özündə real müstəqillik, suverenlik, milli-mənəvi dəyərlərə bağlılıq və müasir inkişaf kimi vacib prinsipləri üzvi şəkildə birləşdirdi. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi və Azərbaycan öz torpaqlarını yağıların əlindən aldı, işğaldan azad etdi, ərazi bütövlüyünü qorudu. İndi də işğaldan azad etdiyimiz, ümumiyyətlə, ərazi bütövlüyünü qoruduğumuz torpaqlarımızda aparılan abadlıq-quruculuq işləri diqqətdən yayınan deyil və dünya ictimaiyyəti bunun fərqindədir. Fərqindədir ki, Azərbaycan öz Ümummilli Liderinin miras qoyduğu yola, öz ənənəsinə sadiq qalaraq öz torpaqlarını həm yağılardan qorudu, həm də onu abadlaşdırmaqda, əkib-becərməkdə davam edir və burada ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, ölkəmiz atıq bütün bu işləri görmək, davam etdirmək əzmində, qüdrətindədir. Bu əzmi, bu qüdrəti Azərbaycana bəxş edən Ulu Öndər, onun müdrik siyasəti, təməlini qoyduğu doğru yol və bu yolun davamçısı, onun siyasi varisi cənab Prezident İlham Əliyevdir və məhz bütün bunlara görə əminik ki, Ümummilli Lider Heydər Əliyev yaşayır və yaşayacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə