Ukrayna savaşında əsl məqsəd: Çinin Avropaya yolunu kəsmək - ANALİZ
Dünya güclərinin geosiyasi oyununun növbəti hədəfi Çinin hələ də öz ərazisi hesab etdiyi Tayvan ola bilər. Geostrateqlər hesab edirlər ki, dünya yeni “Soyuq müharibə”nin və ya bəlkə də nüvə müharibəsinin astanasındadır. Bu isə bütün bəşəriyyətin sonu demək olacaq. Əslində, “demokratiya və azadlıq” uğrunda mübarizənin qiyməti belədir.
ABŞ Ukraynadakı münaqişədən istifadə edərək Avropanı Avrasiyadan qopardı. Bu, İkinci Dünya Müharibəsindən sonra ən mühüm geosiyasi hadisədir. Tanınmış siyasətçilər, araşdırmaçılar belə qənaətdədirlər ki, Tayvan növbəti hədəf ola bilər. Dünya yeni soyuq müharibənin və ya bəlkə də yeni dünya müharibəsinin astanasındadır. Əslində soyuq deyil, nüvə müharibəsi də adlandırmaq olar. Nüvə müharibəsi isə bütün bəşəriyyətin sonu demək olacaq.

"Demokratiya və azadlıq" uğrunda mübarizənin arxasında minlərlə insanın Amerika və "Qərb" transmilli şirkətlərinin maraqlarına yemi kimi istifadə edilməsi faktı dayanır. Vaşinqton Rusiyanı zəiflətməyə və öz hərbi sənayesinin inkişafını stimullaşdırmağa çalışır və bunun üçün avropalıları sıxışdırmaqda davam edir, Rusiyadan gələn nüvə bombası təhlükəsinə və gözlənilən qaz, buğda, taxıl, ərzaq və digər mallar qıtlığına baxmayaraq, onları öz kursunu saxlamağa məcbur edir.
Bəzi geostrateqlər ABŞ-ın “proksi müharibəsi” apardığını iddia edirlər. ABŞ Rusiyaya qarşı mübarizə aparır, lakin Ukraynadan bir icraçı və meydan kimi istifadə edir və hökumətdə ifrat sağçıların köməyinə müraciət edir (MKİ və NATO-nun dəstəyi, maliyyəsi və rəhbərliyi sayəsində). Lakin ABŞ-ın planı təkcə Ukrayna ilə məhdudlaşmır, o, daha genişmiqyaslı, qlobal hücumun bir hissəsidir və Çinə və onun mümkün müttəfiqlərinə qarşı yönəlib.
Zaman keçdikcə münaqişə hərbi şirkətlər üçün yaxşı biznesə çevrilməyə başlayır və ondan tələb mənbəyi və iqtisadiyyatı yenidən aktivləşdirmək üçün resurs kimi istifadə oluna biləcəyini göstərir. Baxmayaraq ki, hərbi xərclər inflyasiyaya daha çox səbəb olur. Hamımız bilirik ki, istənilən müharibənin ilk qurbanı həqiqətdir.
Qısa müddətdə ən çox avropalılar, xüsusən də Rusiyadan gətirilən neft, qaz və ərzaq idxalçıları zərər çəkəcək. Onlar artıq çatışmazlıq və inflyasiyadan əziyyət çəkməyə başlayıblar ki, bu da şübhəsiz ki, sosial etirazlara səbəb olacaq. Lakin ilkin olaraq ABŞ və Qərbi Avropada müşahidə olunan inflyasiya sonda kapitalistlərin periferiyasına, Latın Amerikasına çatacaq ki, bu da iqtisadi inkişafı ləngidəcək və yoxsulluğu artıracaq.
Çox güman ki, münaqişə dolların beynəlxalq ehtiyat valyutası roluna xələl gətirəcək (avro öz mövqelərini itirməkdə davam edir). Dollar dünyanın ehtiyat valyutası kimi zəifləsə və ya çökərsə, ABŞ xarici kəsiri “dollar çap etməklə” həll edə bilməyəcək. Bu, ən ağır zərbə olar və onun nəticələri də inanılmaz dərəcədə təhlükəli olar.

Otuz il hədər getmədi
Berlin divarının uçmasından 30 il sonra Avropa keçmiş SSRİ-nin mərkəzində, sovetlərin ürəyində - Ukraynada yeni "Dəmir Pərdə" inşa edir. Görünür, Şərqi Avropada münaqişə təxminən yüz il əvvəl ingilis geostrateqi Halford Con Makkinderin “Dünya adası”, yəni Avrasiya uğrunda mübarizəni proqnozlaşdırdığı ssenari üzrə inkişaf edir. Makkinder bildirib ki, “Dünya adası"nın mərkəzində “Heartland” – Şərqi Avropadan Sibirə qədər olan region yerləşir. O, “Demokratik ideallar və reallıq” (1919) əsərində yazırdı: “Şərqi Avropaya nəzarət edən kəs “Heartland”ə hökmranlıq edər, “Heartland”ə nəzarət edən isə dünyaya hökmranlıq edər”.
1970-ci illərdən başlayaraq Amerikanın xarici siyasətinin memarı, Ukrayna və Polşanın qızğın anti-kommunisti Zbiqnev Bjezinski ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri kimi Cimmi Karteri Əfqanıstanın kommunist hökumətinə qarşı döyüşən islamçı üsyançıları dəstəkləməyə inandıra bilmişdi. 1979-cu ildə Mərkəzi Kəşfiyyat İdarəsi indiyədək həyata keçirilən ən bahalı "Siklon" adlı gizli əməliyyata başladı. 1987-ci ildə əməliyyatın dəyəri artıq 630 milyon dollara çatdı. Əvvəlcə MKİ əfqan islamçılarını Britaniyanın köhnə "Lee-Enfield" tüfəngləri ilə təmin etdi və 1986-cı ildə əfqan üsyançıları "Stinger" zenit-raket sistemlərini aldı. İllər keçdikcə məlum olacaqdı ki, "Siklon" əməliyyatı Bjezinskinin Sovetləri Əfqanıstana müdaxiləyə təhrik etmək üçün işlədiyi ən böyük planın tərkib hissəsi imiş.
Bjezinskinin planı bu idi ki, SSRİ Əfqanıstana daxil olmaqla öz “Vyetnamı” ilə baş-başa qalsın. Plan işə düşdü və səkkiz illik müharibədən sonra SSRİ Əfqanıstandan qoşunlarını çıxarmağa məcbur oldu. Bjezinski Makkinderin “Heartland” nəzəriyyəsindən ilhamlanaraq növbəti addımlarını atırdı. O bildirirdi ki, ABŞ-ın qlobal üstünlüyünü qoruyub saxlamağın yeganə yolu “Dünya adası”nda bir gücün yaranmasının qarşısını almaqdır.
Bjezinski doktrinası hələ də ABŞ-ın xarici siyasətinə təsir edir. Və onun himayədarları, o cümlədən ukraynalı miqrantların nəvəsi, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland ABŞ Dövlət Departamentində söz sahibidir.
2014-cü ildə Kiyevin Müstəqillik meydanında etirazların qızğın vaxtında Rusiya kəşfiyyat orqanları Nulandın ABŞ-ın o vaxtkı səfiri Geoffrey Pyatt ilə Ukraynanın yeni hökumətinin formalaşdırılması ilə bağlı telefon danışığını dinləmişdi. Söhbət zamanı ABŞ-ın strateji siyasətinə qarşı çıxan Avropaya nifrətini nümayiş etdirən Nulandın səfirə “Avropa İttifaqına getsin...” (müəl: söyüş söyülür) deməsi eşidilir.
Avromaydandan sonrakı illərdə ABŞ Ukraynada Əfqanıstan ssenarisini təkrarladı və gözlənilən nəticə ilə milyonlarla dollarlıq hərbi yardımı Rusiyaya cavab olaraq bu ölkəyə göndərdi. Bjezinski Əfqanıstanda, himayədarı isə Ukraynada uğur qazanmışdı.
Avropanın Avrasiyadan qoparılması İkinci Dünya müharibəsindən sonra ən mühüm geosiyasi hadisə sayılır. Bəlkə də bu, bütün XXI əsrə təsir edəcək. Bir növ, Makkinder haqlı idi. Dəmir yolu dəniz gücləri üçün təhlükə yaradırdı, lakin hərbi deyil, kommersiya mənasında. Buna görə də amerikalı siyasətçilərin silahı altında Çinin “Bir kəmər - bir yol” təşəbbüsü dayanırdı.
Bu proqram Şanxaydan Rotterdama qədər olan "Dünya Adası"nı nəhəng iqtisadi rayona çevirə bilər. Bunu dayandırmağın yeganə yolu bütün ticarət yolu boyunca problemlər və qeyri-sabitlik yaratmaq, həmçinin əsas oyunçulara meydan oxumaqdır. Ukraynadan sonra Bjezinskinin davamçılarının növbəti hədəfi çox güman ki, Tayvan olacaq.
Qərb dünyanın ən çox əhalisi olan iki ölkəsindən, eləcə də Rusiyadan mənəvi cəhətdən təcrid olunub. Bu üçbucaq 21-ci əsrdə qüvvələr balansında əsas rol oynayacaq. Çinin rəhbərliyi altında dollar-avro sisteminə paralel yeni valyuta sistemi və Qərbin “qaydalara əsaslanan sistemi”ni tətbiq edən Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər beynəlxalq təşkilatlara alternativlər hazırlanacaq.

ABŞ Ukraynanın NATO-ya daxil olması məsələsinə baxmaqdan imtina edib
Münaqişədən əvvəl bir çox analitik problemlərdən qaçmaq üçün Ukraynanın NATO-ya daxil olmasını rədd etmək və ya gecikdirmək kimi addımların daha müdrik olacağını düşünürdü. Lakin Co Bayden administrasiyası özü etiraf edir ki, Rusiya Ukraynaya qoşun yeritməkdən əvvəl Vaşinqton əsas məsələlərdən birini - Ukraynanın NATO-ya üzvlüyü məsələsini Putinlə müzakirə etmək üçün heç bir səy göstərməyib. ABŞ-ın xarici siyasət və müdafiə araşdırma portalı “War on the Rocks” bu həftə ABŞ dövlət katibinin müşaviri Derek Çolletdən NATO-nun Ukraynaya genişlənməsinin münaqişə başlamazdan əvvəl “müzakirə edilib-edilmədiyini” soruşduqda, o, “yox” cavabını verib. Çolletin şərhləri də Co Bayden administrasiyasının münaqişənin qarşısını almaq üçün kifayət qədər iş görmədiyinə dair şübhələri artırır. O cümlədən, Ukraynanın NATO-ya üzvlüyünün rədd edilməsi və ya təxirə salınması ilə bağlı ondan heç bir təklif irəli sürülməyib.
"Biz ruslara açıq şəkildə bildirdik ki, onlarla həqiqətən qorxulu və müəyyən mənada qanuni hesab etdiyimiz məsələlər haqqında danışmağa hazırıq, mən silaha nəzarət kimi şeyləri nəzərdə tuturam", deyə Çollet bildirib. O, həmçinin bəyan edib ki, ABŞ Administrasiyası “Ukraynanın gələcəyi”nin həmin problemlərdən biri olduğunu düşünmür və NATO-ya mümkün giriş “problem” deyil. "Bu, NATO ilə bağlı deyildi" deyən Çollet sonradan özü ziddiyyət təşkil edən açıqlama verib: "Bu əsassız münaqişəyə başlamaqla Putin qarşısına ABŞ və Avropanı parçalamaq və NATO-nu zəiflətmək məqsədini qoydu".
Təbii ki, qoşun yeritməzdən əvvəl Putin özü dəfələrlə bəyan edib ki, Ukraynanın potensial NATO üzvü olması Rusiyanın əsas təhlükəsizlik məsələsidir. Rusiyanın Ukraynada əməliyyatına başlamazdan həftələr əvvəl Putin bildirib ki, Rusiyanın NATO-nun genişlənməsi ilə bağlı narahatlığına məhəl qoyulmur. "Biz bu məsələni indi, elə indi, yaxın gələcəkdə - danışıqlar prosesi zamanı, sülh yolu ilə həll etmək istəyirik. Biz bu mövqedən çıxış edirik və çox ümid edirik ki, bizim narahatlığımız tərəfdaşlarımız tərəfindən eşidiləcək və ciddi qəbul olunacaq", - Rusiya prezident bildirib.
Çollet Putinin NATO ilə bağlı bəyanatlarını "ciddi" qəbul etdiyini və "NATO-nun genişlənməsi haqqında danışmaqdan belə imtina etməsinə" təəccübləndiyini bildirib: "Biz NATO-dan müdafiə alyansı kimi danışırıq. NATO Rusiya üçün təhlükə yaratmır".
Rusiyanın Ukraynada hərbi əməliyyatlarından əvvəl Quincy İnstitutunun Rusiya və Avropa üzrə aparıcı tədqiqatçısı Anatoli Lieven münaqişənin qarşısını almaq üçün atılacaq addımlar haqqında yazırdı. Onun fikrincə, ABŞ “Ukraynanın NATO-ya üzvlüyünə 20 il müddətinə moratorium” təklif etməli, bununla da Rusiya da daxil olmaqla, Avropa üçün yeni təhlükəsizlik arxitekturasına dair danışıqlara vaxt verməli idi.

Ən pis vəziyyət
Rusiya Qərbə deyir ki, Kiyevə silah tədarükünü dayandırmalıdır. ABŞ və müttəfiqləri isə Moskvaya Ukraynaya artırdıqları hərbi yardımla meydan oxumaqla cavab verdilər. Moskva da öz növbəsində Polşa və Bolqarıstana qaz nəqlini dayandırdı. Ukrayna böhranı Rusiyanın düşmənləri üçün ən uyğun olmayan anda baş verdi. ABŞ, Yaponiya və Avropa İttifaqı misli görünməmiş borc səviyyəsi və rekord yüksək inflyasiya ilə mübarizə aparır, müflisləşmə və hətta defolt dalğası yaratmadan faiz dərəcələrini artırmaqla öhdəsindən gəlmək mümkün deyil.
Bəzi iqtisadçılar Ukrayna böhranının Qərbin hərbi gücünün dayağı olan dollar-avro sisteminin hökmranlığına son qoyacağını proqnozlaşdırırlar. 4 milyarda yaxın əhalisi olan Asiya paralel maliyyə sistemini inkişaf etdirəcək və Qərbdən asılılığını azaldacaq. Bəlkə də bu ssenari qaçılmaz idi.

Müharibə biznesdir
Biz yeni soyuq müharibənin astanasındayıq? Hər şey onu göstərir ki, Vaşinqton Rusiyanı dayandırmaq üçün heç nə etməyib və NATO ölkələrini hərbi əməliyyatlara sürükləyib. Bu, azadlıq və demokratiya adına hegemonluğu bərpa etmək strategiyasının bir hissəsidir. NATO üzvləri yenidən alyansa sadiq qalıb və Rusiyanı Ukraynadakı hərəkətlərinə görə cəzalandırmaq üçün ona qarşı sərt sanksiyalar tətbiq ediblər.
Quincy İnstitutunun beynəlxalq siyasət eksperti və tədqiqatçısı Uilyam Hartunq xəbərdarlıq edir ki, Vaşinqtondakı yırtıcılar ABŞ-ın hərbi büdcəsini ildə 800 milyard dollara yaxın artırmağa davam edirlər:
“Münaqişənin Ukraynadan kənara çıxması təhlükəsi var və ABŞ bundan Rusiya, Çin və ya İranın gücünə qarşı mübarizə bəhanəsi ilə həyata keçirəcəyi bütün dünyada daha aqressiv siyasətə haqq qazandırmaq üçün istifadə edəcək”.
Hartunq Səudiyyə Ərəbistanının Yəməndəki müharibəsi mövzusuna da toxunub. ABŞ-ın dəstəyi bu münaqişənin bir neçə il alovlanmasına imkan verdi. Bu müharibədə ABŞ-ın təsirinin daha məhdud olduğu Ukraynadan fərqli olaraq 400 minə yaxın insan həlak olub. Co Bayden hökuməti “sabah bu qırğına (Yəməndə) son verə bilər.
Rusiyanı məhv etmək və öz növbəsində Çinə aparan Avrasiya yolunu kəsmək istəyində olan, azadlıq və demokratiya haqqında manixey anlayışını müdafiə edən Qərb (daha doğrusu ABŞ və onun avropalı dostları) dünyada bərabərsizlik, viran edilmiş torpaqlar, ərzaq böhranı və aclıq kimi xoşagəlməz fikirləri hələ çox eşitməli olacaqlar. Hələlik bizi nə gözlədiyini təsəvvür belə edə bilmirik.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB