Böyük Britaniya-Yaponiya hərbi əməkdaşlığı – Rusiyaya qarşı koalisiya?

Böyük Britaniya-Yaponiya hərbi əməkdaşlığı – Rusiyaya qarşı koalisiya?

Britaniyalı baş nazir yapon həmkarını Rusiyanın Ukraynada hərbi əməliyyat keçirməsinə qarşı sərt mövqe nümayiş etdirməsini alqışlayıb

Böyük Britaniyanın silahlı qüvvələri müdafiə razılaşması çərçivəsində Yaponiya ilə daha dərin əməkdaşlıq edəcək. Qeyd edək ki, bu barədə britaniyalı baş nazir Boris Conson yaponiyalı həmkarı ilə danışıqlar apardığı zamanı demişdi. Əslində, bənzər hərbi-müdafiə əməkdaşlıqları son vaxtlar bir sıra ölkələr tərəfindən həyata keçirilir və xüsusilə Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlardan sonra mövcud vəziyyət mütəmadiliyi ilə müşahidə olunmaqdadır.

Onu da qeyd edək ki, sözügedən münaqişədə Böyük Britaniya Ukraynanı ən çox dəstəkləyən ölkələrdən biridir və eyni zamanda, ukraynalılara istər kəşfiyyat, istərsə də silah təchizatı məsələsində də britaniyalılar aktivlik nümayiş etdirirlər. Əbəs deyil ki, Boris Conson Ukraynaya müharibə zamanı səfər edən ilk ölkə başçılarından biridir və belə olan halda Yaponiya ilə də hərbi əməkdaşlıq faktoruna önəmin verilməsi digər maraqlı məqamları üzə çıxarır. Məsələn, Yaponiyanın Rusiya ilə uzun illərə söykənən Kuril adaları problemi yaşaması və həmin məsələdə Britaniya tərəfindən birmənalı dəstək görməsi həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, artıq Qərbdə deyil, eləcə də Uzaq Şərqdə anti-Rusiya hərbi koalisiyası formalaşdırılmağa başlayıb.

Yeri gəlmişkən, Yaponiyanın dövlət başçısı Fumio Kisidanın Böyük Britaniyaya ilk rəsmi səfəri xüsusi özəlliyi ilə seçilib. Belə ki, yapon baş nazirin şərəfinə Londonun hava məkanına Britaniya krallığına məxsus hərbi hava qüvvələrinin üç hərbi təyyarəsi qaldırılıb.

Boris Conson Fumio Kisidaya: “Biz daha sıx əməkdaşlığa doğru addımlamağı vacib sayırıq”

“The Diplomat” nəşrinin yazdığına görə, Conson Yaponiyanın baş nazirini Dauninq-Strit - 10 iqamətgahında qarşılayıb. Üstəlik, görüş zamanı britaniyalı baş nazir yapon həmkarını Rusiyanın Ukraynada hərbi əməliyyat keçirməsinə qarşı sərt mövqe nümayiş etdirməsini alqışlayıb. Conson Avropanın Şərqində davam edən hərbi münaqişənin Asiyanın təhlükəsizliyinə də mənfi təsirlər göstərə biləcəyini istisna etməyib. Rusiyanı hədəfə alan Boris Conson deyib: “Avropalı avtokratların güc vasitəsinə əl atmaları Şərqi Asiyada da təkrarlana bilər. Məhz buna görə də biz daha sıx əməkdaşlığa doğru addımlamağı vacib sayırıq”.

Bu arada, Conson məlumat verib ki, G7 ölkələrinin iki üzvü – Böyük Britaniya və Yaponiya silahlı qüvvələri birgə hərbi manevrlərdə iştirak edə, eləcə də təbii fəlakətlərin aradan qaldırılması istiqamətində təlimlərə qatıla bilərlər. “Bütün dünya demokratiyası avtoritar rejimlərə qarşı birləşməlidir”, deyə Rusiyanı hədəfə alan iki ölkənin baş nazirləri bundan sonra daha sıx əməkdaşlıq edəcəklərini bəyan ediblər.

Tokio Ukraynanı ən müasir hərbi dəbilqələrlə və s. amunisiyalarla təmin edir

Böyük Britaniyanın anti-Rusiya koalisiyasında yer alması və sanksiyalar tətbiq etməsi faktorunda Yaponiyanın da rolu az deyil. Belə ki, Tokio Ukraynanı ən müasir hərbi dəbilqələrlə və s. amunisiyalarla təmin edir. O cümlədən, Yaponiya Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlarının Şərqi Asiyaya da təsir edəcəyindən narahatdır. Çünki yalnız Rusiya faktoru deyil, həmin istiqamətdə Çin amili də mövcuddur və bu gün Çinin Tayvana haqqı olduğunu bəyan etməsi də həmin mövcud təlaşı aktuallaşdırır.

Böyük Briraniya “Hind və Sakit okeanları hərəkəti” adlandırılan maraqlarını özünün xarici siyasətinə daxil edib. Məhz bu istiqamətdə Yaponiya Böyük Britaniya üçün Şərqi Asiya istiqamətində əsas və həlledici partnyorlardan sayılır. Birləşmiş Krallıq eyni zamanda Avstraliya və ABŞ-ın yer aldığı yeni AUKUS üçtərəfli təhlükəsizlik alyansında da yer alır. Bu alyansa Yaponiyanın da daxil olması mümkünlüyü isə artıq müzakirə olunmaqdadır.

Yaponiya xarici ölkələrlə hərbi ittifaqlarını gücləndirir

Bu arada, Uoriks universitetinin beynəlxalq siyasət və yaponiyaçılıq üzrə professoru Kriz Hyuz hesab edir ki, Kisidanın səfəri Brotaniya-Yaponiya kvazialyansını möhkəmləndirəcək. Üstəlik həmin istiqamətdə artıq 10 ildir ki, işlər aparılırdı. Onun sözlərinə görə, Yaponiya ilə Böyük Britaniya arasındakı münasibətlər möhkəmləndirilsə də həmin möhkəmlik ara-bir yoxlanılmalı, təftiş edilməlidir. Çünki bu məsələdə Yaponiyanın da öhdəsinə bir çox məsuliyyətlər düşür - Ukrayna böhranı fonunda Tokionun Şərqi Asiya regionundan kənardakı dayanıqlığı və hərbi-müdafiə imkanlarının nümayişini təqdim etməsi buna misal göstərilə bilər.

Ancaq buna baxmayaraq, Yaponiya xarici ölkələrlə hərbi ittifaqlarını gücləndirir. 2015-ci ildə ölkə konstitusiyası yenidən nəzərdən keçirilib və həmin imkanlar daha da artırılıb. Britaniyaya qədər Yaponiya Hind və Sakit okeanları regionunda qonşu ölkələrlə hərbi partnoyrluğunu artırıb. 2020-ci ildə Tokio Dehli ilə hərbi-logistika razılaşmasını imzalayıb. 2022-ci ilin yanvarında isə Yaponiya və Avstraliya qarşılıqlı hərbi əməkdaşlıq sazişi imzalayıblar. Böyük Britaniya ilə münasibətlərin hərbi müsəvidə inkişaf etdirilməsi isə artıq nəinki Yaponiyanın imkanlarını artırır, həm də anti-Rusiya koalisiyasında Moskvanın qarşısında yeni hərbi gücü göstərmiş olur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə