Ulu Öndər Heydər Əliyev – tarixi şəxsiyyət və Azərbaycanın xilaskarıdır ŞƏRH

Ulu Öndər Heydər Əliyev – tarixi şəxsiyyət və Azərbaycanın xilaskarıdır ŞƏRH

Bəşər tarixində hər hansı bir vətəndaşın öz dövlətinin timsalına çevrilməsi nadir hadisədir. Azərbaycan tarixində belə zirvəyə yüksələn dahi şəxsiyyətlərdən biri də xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Müasir Azərbaycanın dövlətçilik tarixi dedikdə, ilk olaraq, Azərbaycan xalqının öndəri, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş unudulmaz rəhbərimiz Heydər Əliyev yada düşür.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. O, Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzolunmaz xidmətlər göstərmişdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll etməklə yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.

Dünya səviyyəli siyasət və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının tarixində nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hər zaman politoloqların, tarixçilərin və müxtəlif profilli tədqiqatçıların daim diqqət mərkəzində olub və olacaqdır. O, Azərbaycan xalqının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır. Böyük Öndər çıxışlarının birində deyirdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub".

Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq, Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas ortaq cəhətləri isə bu dahi şəxsiyyətin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni tərəqqi meyillərinin geniş vüsət alması olub. Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır.

1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçilməsi, ilk dəfə ölkəmizdə hakimiyyət sükanına doğma xalqının taleyinə tam sahib çıxmaq iqtidarında olan Vətən oğlunun yüksəlməsi ilə Azərbaycanın həyatında həlledici və şərəfli bir mərhələnin başlanğıcını qoydu. Heydər Əliyevin respublikaya böyük uzaqgörənliklə və müdrikcəsinə rəhbərlik etdiyi 1969--1982-ci illər Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü.

Dərin zəkalı, yüksək enerjili lider olan Heydər Əliyev hakimiyyətə gələnə qədər sovetlər birliyinin geridə qalan respublikalarından sayılan Azərbaycan çox qısa bir müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötmüş oldu. 1969--1982-ci illərdə respublikada milli gəlir 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı istehsalı 2,3 dəfə artdı, 250-dək yeni iri sənaye müəssisəsi yaradıldı və ölkənin sənaye potensialı əvvvəlki 50 ildəkini 2 dəfə üstələdi. Həmin illərdə 800 mindən çox yeni iş yerləri açıldı, ölkə əhalisinin sosial rifahı qat-qat yüksəldi.

Həmin dövrdə respublikanın elmi-texniki potensialında da əhəmiyyətli yüksəliş yaşandı: müxtəlif elm sahələri üzrə 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Artıq ötən əsrin 80-ci illərinin əvvələrində ölkə xaricində ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi.

"Təhsil millətin gələcəyidir"- deyən Böyük tarixi şəxsiyyət Heydər Əliyev hər zaman elm və təhsilə böyük önəm vermiş, Azərbaycan elm və təhsili onun xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur.

Yurdsevər ölkə rəhbərinin böyük uğurla həyata keçirdiyi möhtəşəm fəaliyyət nəticəsində Azərbaycan keçmiş ittifaqın öz daxili iqtisadi imkanlarına və intellektual potensialına arxalanaraq özünü tam şəkildə idarə etmək iqtidarında olan iki respublikasından birinə çevrildi.

Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə, ölkəmiz üçün həlledici bir məqamda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və dövlətimizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratmış oldu. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Müstəqillik illərində böyük Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, rifahın, tərəqqinin Azərbaycan modelini yaratdı, müstəqil Azərbaycan xarici siyasətdə etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, Dövlət-Vətəndaş birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrildi.

1993-2003-cü illəri əhatə edən ikinci hakimiyyət dövrü Heydər Əliyevin dünyanın ən nadir şəxsiyyətlərindən, görkəmli siyasi xadimlərindən biri olduğunu növbəti dəfə nümayiş etdirdi. Heydər Əliyevin siyasi müdrikliyi, iradəsi və qətiyyəti, mükəmməl idarəçilik qabiliyyəti sayəsində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan keçid dövrünün çətinliklərini uğurla arxada qoyub, 1996-cı ildən etibarən yenidən dirçəliş mərhələsinə daxil oldu. 1996-2003-cü illərdə makroiqtisadi göstəricilər 2-3 dəfə artdı və ölkədə 3 min yeni sənaye müəssisəsi yaradıldı. Bu dövrdə iqtisadiyyatına 20 milyard dollar investisiya qoyulan Azərbaycanda ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş vüsət aldı və respublikamızın beynəlxalq nüfuzu durmadan yüksəlməyə başladı.

Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitliyin dayanıqlılığı, iqtisadi qüdrət və güclü sənaye potensialı, elmi-texniki tərəqqi, təhsil və səhiyyənin inkişafı, müasir ordu quruculuğu, xalqın rifahının və həyat tərzinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması və milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi Ümummilli Liderin başlıca strateji hədəflərinə çevrildi. Heydər Əliyevin Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək yolunda atdığı qətiyyətli addımlar onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər oldu.

Heydər Əliyevin həyat amalı və siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu.

Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük rəhbər misilsiz fədakarlıq göstərib. Bunun ən bariz nümunələrindən biri də onun özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığını təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı-varis yetişdirməsindədir.

Bu gün ümummilli liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yorulmaq bilməyən fəaliyyəti nəticəsində yaşayır və inkişaf edir. Dövlət başçısının apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Xalqımız əmindir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. 2003-cü ildən bəri müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı Heydər Əliyev cismən yanımızda olmasa da, onun ideyaları və böyük dühası əbədiyaşardır. Onun layiqli davamçısı Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99 ilini qeyd edirik. Hər bir ölkə vətəndaşına yaxşı məlumdur ki, Böyük Öndərimiz Heydər Əliyev zəngin, mənalı və şərəfli ömür yaşamışdır. Qısa zaman kəsiyində xalqımızın uzun əsrlər boyu uğrunda usanmadan çarpışdığı ən ümdə haqqını reallığa çevirmişdir. Azərbaycanı bir dövlət və millət üçün ən yüksək məqama–müstəqilliyə qovuşdurmuşdur. Dövlətimizin dünya birliyində layiqli yerini bütün dünyaya nümayiş etdirmişdir.

Xalqımızın görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Öz həyat və fəaliyyəti, keçdiyi ömür yolu hər birimiz üçün zəngin həyat məktəbidir. Onun ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir. Bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin sükanı möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında etibarlı əllərdədir və ölkəmiz davamlı və dinamik inkişaf tempinə malikdir. Ölkə Prezidenti Cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin ən şərəfli mərhələsini yaşayır.

Azərbaycan xalqı qəlbində əbədi abidəsini ucaltdığı Ümummilli Liderinin anadan olmasının 99-cu ildönümünü öz Dahi oğlunun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirməklə qeyd edir. Qədirbilən xalqımız Böyük Öndər Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, onun müqəddəs ruhu qarşısında baş əyir.

Saleh Məhərrəmov,

YAP Oğuz rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə