O qələbə, bu qələbə... –TƏHLİL

O qələbə, bu qələbə... –TƏHLİL

1941-ci ildə-İkinci Dünya Müharibəsi başlananda Azərbaycan Sovet Sosialist Respublikaları İttifaqının tərkibində əsarət zəncirlərinə vurulmuş 15 müttəfiqdən biri idi. Artıq 1920-ci ildən Azərbaycanda sovet hakimiyyəti qurulmuş, 28 aprel bizim üçün “bayrama” çevrilmiş, təqvimimizə salınmış, “əlamətdar” günlərimizdən birincisi olmuşdu. O bayrama ki, 1918-ci ildə bizə müstəqilliyimizi bəxş edən Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün - 28 may 28 aprellə əvəzləşmışdi... Bu iki tarixi rəqəm arasındakı zaman fasiləsi isə heç də azərbaycanlıların xeyrinə işləməmişdi.

28 may... 28 aprel

Bu tarixlərin belə oxşar olması da məncə ozamankı rus imperiyasının həyata keçirdiyi siyasətin tərkib hissəsi idi. İnsanlara mənəvi təsir vasitəsi olan həmin rəqəmlər hər dəfə xatırlananda bu 28-lərdə çox məqamlar açıqlanırdı. Bizim 28, onların 28-i. Bizim əlimizdə saxlaya bilmədiyimiz 28, onların zorla həyatımıza daxil etdikləri 28.

Niyə əlimizdə saxlamaya bilmədik müstəqilliyimizi. Çünki əsrlərdən bəri gözü torpaqlarımızda, sərvətimizdə olanların iştahı idi Azərbaycan. Məqam gözləyirdilər ki, vəziyyətdən istifadə edib, yüzillik arzularını həyata keçirsinlər. Bu məqam isə cəmi 23 ay yaşamağı bacaran cümhiriyyət dövrünə təsadüf etdi. Qızışdırılıb ortalığa salınan ermənilərin parlamentdə çıxardıqları min bir oyun, kənardan müdaxilələr, içəridəki qarşıqurmalar bu müstəqilliyin ömrünü hər gün bir az da azaldırdı. Lakin bütün bu təzyiqlər şəraitində cümhuriyyətimizin qəbul etdiyi qərarlar, irəli sürdüyü məsələlər müstəqil Azərbaycan, onun gələcəyi üçün çox böyük əhəmiyyətə malik idi. Düşünəndə ki, 1918-ci ildə müstqilliyimiz əlimizdən alınmasaydı, indi onun 100-dən artıq yaşı vardı və bugünkü inkişafımızın iki qatına malik idik, bunu yalnız təəssüf hissi ilə qarşılayırıq. Həqiqətən də əlimzidən alınan 70 il müstəqillimizlə yaşasaydıq, indi daha nələrə qadir idik. Lakin zamanın diqtəsi tam ayrı imiş. Bu xalq min bir əziyyətlə qazandığı, uğrunda qan tökdüyü müstəqillinin dadını cəmi 23 ay yaşayacaqmış. Və sonrakı 70 ildə müstəqillik 28-i ilə əsarət 28-i arasındakı zaman kəsiyinə baş əyməli olacaqmış. Çünki bu, xalqın taleyi, alın yazısı idi.

İkinci Dünya Müharibəsi: yaşanan tarix...

Bəli, 1941-ci ildə İkinci Dünya Müharibəsi başlananda biz SSRİ-nin tərkibinə sığdırılmış 15 xalqdan biri idik. Artıq illər idi ki, Rusiyanın rəhbərliyi altında yaşayırdıq. Artıq bu bizim həyat tərzimiz idi. SSRİ özünü zorla bizə vətən etmişdi. Şüurlara yeridilirdi ki, SSRİ bizim vətənimizdir. Lakin biz içimizdə vətənimiz Azərbyacanla yaşayırdıq. “Vətənin haradır” sualının bir cavabı vardı: Azərbaycan.

Biz elə bir xalqıq ki, köməyə çağıranın harayına yetmişik həmişə. Bu da qürurumuzdan, mənəvi zənginliyimizdən irəli gəlib. Kiminsə çağırışına səs verməyi, ona kömək göstərməyi lazım bilmişik. Çünki milli mentalitetimiz, adət-ənələrimizə əsaslanan xarakterimiz belə formalaşıb. Bu səbəbdən də İkinci Dünya Müharibəsində Rusiyaya vətənimiz olaraq kömək etməyə yox, bizdən kömək istədiyi üçün yollanmışdıq. Mənəvi və maddi, bütün olanımızla yardım etmişdik.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Azərbaycan xalqı İkinci Dünya Müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunəsi göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir”.

Bəli, xalqımız həm canıyla, həm də sərvətiylə bu maharibəyə köməklik göstərmişdir. Azərbaycan nefti Rusiyanın Almaniya üzərində qələbə çalmasında böyük amil olmuşdur. Minlərlə oğul, qızlarımız müharibədə böyük şücaət göstərmiş, adlarını bu tarixin səhifələrinə yazmış, həm SSRİ, həm də dövlətimiz tərəfindən mükafatlara layiq görülmüşlər. Minlərlə azərbaycanlı ailəsinə müharibədən “qara kağız” gəlmiş, minlərlə qadın həyat yoldaşını, minlərlə uşaq ata-anasını itirmişdir.

Düz beş il azərbaycanlılar arxa cəbhədə böyük əzmlə çalışmış, əldə olunanlar cəbhəyə göndərilmişdir. Qadınlarımız zinət əşyalarını, ana yadigarı cehizlərini, qiymətli ev əşyalarını cəbhəyə yardım fonduna təhvil vermişlər ki, müharibə SSRİ-nin xeyrinə bitsin. Ona görə ki, gedənlər sağ-salamat geri qayıtsın, müharibənin coğrafiyası böyüməsin, insanlar dinc yaşaya bilsinlər.

Beləliklə, İkinci Dünya Müharibəsi bizim xalq üçün də yaşanan tarixə çevrilmişdir. 1990-cı illərdə dövlətimizə rəhbərlik edənlər bu tarixə də kölgə salmaq istəyirdilər. “Bizim tarix deyil 9 may, bizim ölkədə də qələbə günü kimi qeyd olunmamalıdır” deyirdilər. Lakin xalqımızın ümummilli lideri hakimiyyətə qayıdandan sonra bu məsələyə də öz dəyərli münasibətini bildirdi. Həmin müharibəyə yollananlar, həyatını itirənlər, xalqın bu müharibəyə sərf olunan sərvətləri barədə danışaraq İkinci Dünya Müharibəsini azərbaycanlılar üçün yaşanan tarix adlandırmış, bu səbəbdən də 9 mayın hər il qeyd olunacağını vurğulamışdır. Bu addım xalqın qədir-qiymətini, yaşadığı tarixi, itkiləri düşünməyən ozamankı rəhbərlərin məhdud dünyagörüşləri fonunda xalqa canıyananlıq, onun yaşadığı tarixə dərin hörmət, millətə böyük sevgi göstəricisi idi.

9 may azərbaycanlıların yaşadığı 5 illik ağrılı-acılı günlərin qələbə ilə bitdiyi, cəbhəyə yollananların o tarixdən etibarən evlərinə döndüyü gün idi. O qələbə insanlara bundan sonra dinc həyat vəd edirdi. İtirdikləri minlərlə övladının, müharibəyə sağ gedib, həyatının qalan hissəsini əlil kimi yaşamaq məcburiyyətində qalan minlərlə qazinin olmasana, 5 il ərzində insanların arxa cəbhədə dəridən-qabıqdan çıxmasına, sübhdən gün batanadək çalışmasına, sərvətlərinin öz ölkəsinin çiçəklənməsi-yeni məktəb, xəstəxana, mədəniyyət ocaqlarının tikilməsi, yolların çəkilməsi, insanların rifahının artırılması əvəzinə cəbhəyə göndərilməsinə baxmayaraq 9 may insanlara dinc, sakin bir həyat vəd edirdi...

8 may... 9 may

Lakin bu əzmkar, qəhrəman, zəhmətkeş insanlar xəbərsizdilər ki, zaman gələcək, qələbəsinə can qoyduqları xalqın ordusu üzərlərinə gələcək, kimlərinsə havadarına çevrilib bu vətənə müharibə “bəxş” edəcəkdir. Bilmirdi ki, Almaniyaya qarşı birlikdə döyüşdüyü ordu 1990-cı il yanvar ayının 19-dan 20-nə geçə Bakıya hücum çəkəcək, azadlıq mücadiləsinə qalxan günahsız insanlar harada qarşısına çıxdısa, həyatına son qoyacaqdır. Bilmirdilər ki, 1992-ci ildə həmin ordu Xocalıda elə bir faciənin iştirakçısı olacaqdı ki, dünyada bərabəri olmayan bir dəhşətlə yadda qalacaqdı. Bilmirdilər ki, gün gələcək, 9 may-qələbə günündən bircə gün əvvəl-8 may Azərbaycanın əzəli torpağı Qarabağın baş tacı Şuşanın işğalı günü olacaqdı. O işğalı ki, erməni adlı qonşuluqdan kənarlar bir addım belə Şuşaya yaxınlaşa bilməzdilər, havadarları olmasaydı. Bilmirdilər ki, Şuşa həsrəti 30 ilə qədər zaman kəsiyini əhatə edəcək, 30 ilədək 8 maydan sonra 9 may hər gəlişində ürəkləri göynəldəcək, yurd hicranlı insanların göz yaşına çevriləcəkdi. Ata-baba ocaqlarından zorla qovulmuş, ölkəsinin dörd bir bucağına yayılmış evsiz-eşik, yurd həsrətli insanların ahına çevriləcəkdi. Sonrakı gün 9 mayda isə azərbaycanlılar 40, 50, 60, 70 il öncə imperiyanı qorumaq üçün cəbhəyə gedən və qayıtmayan oğul-qızlarını anacaq, bilməyəcəklər ki, bu qələbəyə sevinsinlər, ya kədərlənsinlər.

Bilmirdilər ki, 8 mayın üzüntülü Şuşa xatırlamasından sonra 9 mayda hər yerdə toy-bayram qurulacaq, qələbə günü qeyd olunduqca yeni bir qələbəyə can atılacaq, ürəklər bir an o qələbənin içində olmağı arzu edəcək. İki tarixi gün arasında tarixin dolanbac yollarında qalacaq, çıxış yolunun harada olacağını arıyacaqdılar. Bu iki bir-birinə zidd tarix azərbaycanlıların uzun illər ürək ağrısına çevriləcəkdi. O zamana qədər ki, 2020-ci il yetişəcək, payız gələcək, o payızdan 44 gün ötəcək. O tarix Qarabağ Zəfəri ilə tarixin səhifələrinə düşəcək. O Zəfər ağrılı-acılı günləri silib aparacaq...

O qələbə... bu qələbə...

77 il öncəki qələbə... 2 il öncəki qələbə... İlk baxışdan deyə bilərik ki, bunların bir-biri ilə nə əlaqəsi var. Ancaq əslində çox əlaqəsi var. Yuxarıda bu əlaqənin bir qədərini təhlil etməyə çalışdım. Lakin bu o qədər böyük tarixi prosesdir ki, barəsində danışmağa günlər, yazmağa səhifələr lazımdır. Qəzet yazısı olaraq bu qədərini desək də, deyə bilmədiyimiz çox nüanslar var.
2020-ci ilin payızı o qələbə ilə bu qələbənin məkanından, insanlarından, dövründən, kimlərindən, nələrindən söhbət açır. Söhbət açır ki, biz əzmkar, qürurlu xalqıq. Qonşuluq üçün gözəl keyfiyyətlərimiz var. Söhbət açır ki, biz kimik, ətrafımızdakılar kimdir. İki illik qələbəmiz böyük bir tarixi keçmişimizi gündəmə gətirir. Günahkarları, günahsız olanları, sözündə bir olanları, sözündə min olanları, ədalətli, haqlı olanları, ədalətdən xəbərsizləri gətirir ortaya. Onlardan söhbət açır ki, Azərbaycanda bir atalar sözü var: haqq nazilər, lakin üzülməz. Üzülmədi də.

44 günlük Vətən müharibəsi tarixi ədalətin bərpası oldu. Xalqımız xoşbəxtmiş ki, bu ədaləti bərpa etmək üçün Ulu Tanrı bizə böyük şəxsiyyətlər qismət edibmiş. Onların bir qərinəyə yaxın apardıqları əməli iş sayəsində ədalət bərqərar oldu. Bu dünyanın ədalətsizlikləri qarşılığında həll olundu. Ədalətə göz yumanların, kar olanların gözləri qarşısında bərpa olundu. Ulu öndərimizin işğal altında olan torpaqlarımızın azad olunması ilə bağlı vəsiyyəti dövlət başçısı, Ali Baş Komandan tərəfindən yerinə yetirildi. Bir xalqın 30 illik şərəf məsələsi öz həllini tapdı. Yurd həsrətli minlərlə insanın hicranına son qoyuldu. Ölkənin inkişafı, Milli Ordunun gücləndirilməsi, dünya səviyyəsində illərlə aparılan siyasət nəticəsində Qarabağ məsələsi öz həllini tapdı. Bu vətənin gəncləri tarixə qızıl hərflərlə Zəfər sözünü yazdılar. Düşməni torpaqlarımızdan əbədiyyən qovub özləri əbədiyyətə qovuşdular.
Biz indi müzəffər dövlət başçısının rəhbərlik etdiyi qalib ölkənin vətəndaşlarıyıq. Biz indi qürurla yaşayırıq. Torpaq-şərəf-namus məsələsini həll etmişik. Qələbə qazanmışıq. Düşmənin başına dəmir yumruq ağıl gətirib. Hədlərini bildirib. Bu gün ölkəmizdə həm 77 il öncəki müharibə iştirakçıları, həm Birinci, həm İkinci Qarabağ müharibələrində iştirak edənlərə diqqət və qayğı ilə yanaşılır. Onlara mənzillər, avtomobillər verilir, mükafatlar təyin olunur, adları əbədiləşdirilir. Bu, dövlətimizin hər hansı dövrdən asılı olmayaraq vətəndaşına göstərdiyi dəyərdir. Biz bu dəyərlərlə qürur duyuruq.

O qələbə... bu qələbə... Onların hər biri ayrı-ayrı vaxtlarda baş versə də, məzmunca ayrı-ayrı mövzuların müharibəsi olsa da, hər ikisində Azərbaycan vətəndaşı var. Bu vətəndaşlar 77 il öncə də, 2 il öncə də dinclik, sakitlik, əmin-amanlıq, ümumilikdə öz vətənləri Azərbaycan üçün döyüşmüş, şəhid, qazi olmuşlar. Tarixin çox məqamlarını üz-üzə gətirən bu qələbələr elə tarixin səhifələrindəcə hər an azərbaycanlılardan söhbət açır. Əsrlər sonra da dəyişməz qalacaq bu tarix vaxtilə kimlərin haqlı, kimlərin haqsız olduğunun göstəricisidir. Bütün zamanlarda isə haqq bizimlədir. Çünki biz haqq insanlarıyıq...

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə