Prezident İlham Əliyev: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik"
Bəli, hər il 8 may tarixini hüznlə qarşılayırdıq. Ancaq bu gün – 30 ildən sonra fəxr və qürur hissə ilə deyirik ki, artıq Şuşanın işğalı günü yoxdur. Tarixi şəhərimiz 8 mayı azad şəkildə qarşılayır. Azərbaycan ordusu nəinki düşməni diz çökdürərək onların 29 il qeyd etdikləri işğal “bayram”larını - 8 may gününü tarixdən sildi, Müzəffər Ali Baş Komandan əsl sərkərdəlik, siyasi iradə nümayiş etdirərək bizi həsrətində olduğumuz yurd yerlərimizə, tarixi ərazilərimizə qovuşdurdu.
29 ildən sonra ikinci dəfədir ki, 8 may tarixini Şuşanın işğal edildiyi gün kimi yox, işğaldan azad olunan, tikilən, qurulan və Azərbaycanın mədəniyyət paytaxtı kimi qarşılayırıq. Bu il ermənilərin təqvimdə Şuşanın zəbt edildiyi gün kimi qeyd etdikləri 8 mayı hüznlə deyil, sevinclə yaşayırıq. İşğal gününün ötən il XXI əsrin müharibəsini aparan ordumuz tərəfindən tarixin zibilliklərinə atılması gələcək nəsilləri də qürurlandıracaq!
Çünki Azərbaycan hərbçiləri bir gecədə Şuşa qalasını, sıldırımlı qayaları, aşılmaz dağları fəth etməklə ordumuzun hansı potensialda olduğunu, Vətən, torpaq anlayışının qəhrəman əsgərlərimiz, xalqımız üçün nə qədər böyük məna kəsb etdiyini bir daha sübut etmiş oldu. Təsadüfi deyil ki, Şuşaya qədər işğaldan azad edilən ərazilərdən qaçan, itkilər verərək geri çəkilən erməni hərbçiləri haqqında yaradılan mif Şuşada birdəfəlik darmadağın edildi. Çünki 44 günlük müharibənin gedişində Azərbaycan ordusunun guya müasir texnikalar, PUA və digər üstünlüklər sayəsində uğurla irəlilədiyi fikirləri ortaya atılsa da, Şuşaya heç bir ağır texnikadan istifadə etmədən daxil olan hərbçilərimiz burada əlbəyaxa döyüşlərdə düşmənə yerini göstərməyi bacardı, işğalçılar qısa müddətdə darmadağın edildi.
1992-ci il 8 mayda itirdiyimiz Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi hər günü bir tarixi qələbə olan 44 gün davam edən İkinci Vətən Müharibəsində düşmənə “Dəmir yumruğun” zərbəsi ilə qürur yerimiz - Şuşamız azad edildi! Azərbaycanın 28 illik ŞUŞA yarası sağaldı! Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.
“Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox". Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Şəhidlər Xiyabanında Azərbaycan xalqına müraciətində deyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli qürurumuz olan Şuşanın azad olunması haqqında verdiyi müjdə Böyük Qələbəmizi təmin edən tarixi hadisədir. Yaşa, Cənab Ali Baş Komandan! Yaşa, Güclü Azərbaycan Ordusu! Yaşa, Rəşadətli zabit və əsgərlərimiz! Gözün aydın, AZƏRBAYCAN! ŞUŞA bizimdir! Qarabağ Azərbaycandır!
Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdik. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayraqlarımız dalğalandıraraq bir daha Bayrağımıza, qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. Noyabrın 9-da isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev özünün "Twitter" hesabında Müzəffər Azərbaycan Ordusunun 72 kəndin, 1 qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyini bildirməklə, bir daha göstərdi ki, Ali Baş Komandanımızın, Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin, Azərbaycan xalqının birliyinin, gücünün qarşısında heç kəs tab gətirə bilməz. Budur, Azərbaycanın, hər bir azərbaycanlının Prezidenti olmaq! Budur, dünya səviyyəli LİDER olmaq!
"Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
Noyabrın 10-da isə 30 ildən çox gözlədiyimiz "Qarabağ Azərbaycandır! NİDA. BAŞQA YOL YOXDUR! Bu nidanı noyabrın 10-da üçtərəfli - Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan Bəyanat uzun illər davam edən işğala son qoydu. Ancaq yenə də Ermənistanın baş naziri Paşinyan Bəyanata imza atmaqdan imtina edib. Ali Baş Komandanımız noyabrın 10-da xalqa müraciətində bildirdiyi kimi: “Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdir. Mən fürsətdən istifadə edərək, Ağdam, Laçın, Kəlbəcər rayonlarının sakinlərini, bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə erməni riyakarlığından danışaraq bildirirdi ki, Azərbaycan xalqının səbri ilə oynamayın: "Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil. Amma nə etdilər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, o cümlədən Cenevrə konvensiyalarını kobudcasına pozaraq nümayişkaranə şəkildə xaricdən erməniləri gətirib özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orada iştirak edib. Bu, bizə sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayacaqdımı?! Hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq! Onun-bunun ətəyindən yapışıb bu 40 gündən çox bir müddətdə adam qalmayıb ki, zəhləsini tökməsin, yardım istəməsin, özünü alçaltmasın. Biz alçaltmışıq onu, əcəb də etmişik. Bizim üçün müqəddəs olan Şuşa şəhərinin Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə fikirləşəydi ki, bu gün gələcək, cəzasını alacaq, siçan kimi gizlənib bax bu sənədi götürüb ağlaya-ağlaya imzalayacaq. Yerini göstərdik, dərsini verdik. Qovmuşuq onları torpaqlarımızdan, iti qovan kimi qovmuşuq. Demişdim ki, qovacağıq, iti qovan kimi qovacağıq və qovmuşuq, iti qovan kimi qovmuşuq. Qorxularından indi bu sənədə imza atır, bilir ki, biz Ağdama da, Kəlbəcərə də, Laçına da gələcəyik. Heç kim bizi saxlaya bilməz. Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. Ona görə qovmuşuq onları, əcəb də etmişik”.
Ulu Öndərimizin dediyi kimi, “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur”
Bəli, o gün gəldi, müjdə olsun, gözəl Şuşa, cənnət Şuşa. Azərbaycan Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev müraciətində demişdir: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.
Ali Baş Komandanın tarixi müraciətindən: "Dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir".
Bu gün artıq təqdir olunası haldır ki, Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşaya təyin edildi. Bundan əlavə, Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı sərəncamla Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində 32 ildən sonra Heydər Əliyev Fondu tərəfindən təşkil olunan “Xarıbülbül” musiqi festivalı Şuşanın əsrarəngiz Cıdır düzündə keçirildi. 2021-ci il 14 yanvar tarixindən - Prezidentin Şuşa səfərindən etibarən Şuşanın bərpası başlandı və qısa müddət ərzində böyük işlər görüldü. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsi bərpa olundu. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı. Məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. "Qarabağ" və “Xarıbülbül” otelləri istifadəyə verildi. Şuşanın baş planı təsdiq edildi, yeni yaşayış kompleksinin təməli qoyuldu, 2022-ci il “Şuşa İli” elan edildi.
Şuşa həmrəylik məkanı - Dünya Azərbaycanlılarının Zəfər Qurultayı
Aprelin 22-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən işğalından azad etdiyi, Qarabağın döyünən ürəyi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində zəfər yolu ilə gələn 65 ölkəinin 400 nəfərdən çox diaspor nümayəndəsini birləşşdirən Dünya Azərbaycanlılarının Zəfər Qurultayı keçirildi.
Ali Baş Komandanımızın dediyi kimi: "Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır".
Bəli, 8 mayda itirdiyimiz Şuşa 30 il sonra 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı. Əziz Şuşa, 30 ildən sonra 8 mayı azad qarşılayırsan!
Dövlət başçımızın dediyikimi: "Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Bəli, 8 noyabr 8 may qara tarixi yer üzündən sildi.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB