Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaq
“Ömrünü ölkəsinə və xalqına xidmətə həsr edən dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaq. Azərbaycanda elə bir sahə yoxdur ki, orada ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmasın. Məhz bu səbəbdən də Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə isə Azərbaycan yada düşür. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır”.
Heydər Əliyev fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq edib:
“O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Heydər Əliyev güclü şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi.
Ulu öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanıb. Dahi şəxsiyyət hər zaman Azərbaycanı düşünmüş, xalqın milli maraqlarının qarantı olmuşdur. Hələ Sovetlər dövründə ölkəmizə rəhbərlik edən ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafı naminə mühüm siyasi qərarların verilməsinə nail olub. Eyni zamanda xalqın milli-mədəni dəyərlərinin qorunub-saxlanması da ulu öndərin adı ilə bağlıdır.
Hələ sağlığında “mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” - deyən ulu öndərin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ilə sıx bağlıdır.
Ümummilli liderimizin 1969-1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.
Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər Birliyi kimi dövlətin rəhbərliyində təmsil olunmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə orada da kəskin fərqlənmişdi. Heydər Əliyev görkəmli dövlət xadimi və müdrik siyasətçi kimi ən yüksək vəzifəyə çəkilməyə layiq bilinirdi. O, ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdir. Heydər Əliyev SSRİ rəhbərliyində olarkən Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsinin qeyri-mümkün olduğunu başa düşən məkrli qüvvələr onu vəzifədən uzaqlaşdırmağa çalışmışlar. Lakin buna baxmayaraq Heydər Əliyev hər zaman xalqımızın yanında olmuşdur.
Xalqımız 20 yanvar faciəsini yaşayarkən ümummilli liderimiz çoxlarının cürət etmədiyi qətiyyət göstərib Moskvada sovetlər birliyi rəhbərliyini ifşa etdi, imperiya siyasəti əleyhinə çıxdı, doğma xalqı ilə bir yerdə olduğunu bir daha nümayiş etdirdi.
Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur.
Məhz belə bir mürəkkəb vəziyyətdə 1993-cü ilin yayında ulu öndər xalqın çağırışı ilə respublikaya rəhbərliyə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş sovetlər birliyindən miras qalmış rejim əvəzinə demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu.
Təsadüfi deyil ki, 1993-cü ildə ulu öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir". Bütün işlərində ardıcıl olan və qarşıya qoyduğu məqsədlərə nail olan ulu öndər 1997-ci ildə deyəcək: "Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir".
Bu gün heç kəsə sirr deyil ki, XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı üzləşdiyi çətinlikləri, başına gətirilən bəlaları dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında aradan qaldırdı, müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirdi. Belə ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndərin Azərbaycanda rəhbərliyə qayıdışından sonra ölkədə ən başlıcası vətəndaş müharibəsinə, xaos və anarxiya mühitinə son qoyuldu, siyasi sabitlik formalaşdı, qanunçuluğun və hüquqi qaydaların bərpası istiqamətində kompleks tədbirlər həyata keçirildi, hərtərəfli hüquqi, siyasi və iqtisadi islahatlara başlanıldı.
Bütün bunlara görədir ki, Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və elə bütün bunlara görə Azərbaycan xalqının da xoşbəxtliyi ondadır ki, məhz 1993-cü ilin iyununda ölkə rəhbərliyinə yenidən dünya şöhrətli siyasətçi, dünyəvi və hüquqi dövlət quruculuğu sahəsində zəngin biliyə, böyük dövlətçilik təcrübəsinə malik, hadisələri qabaqcadan görməyi və qətiyyətlə adekvat tədbirlər həyata keçirməyi bacaran bir şəxsiyyət gəldi.
Ulu öndər ilk gündən hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, məqsədyönlü və konkret strategiyaya əsaslanan islahatları həyata keçirməyə başladı. Böyük şəxsiyyət olaraq ilk günlərdən cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görən Heydər Əliyev həyata keçirməyi nəzərdə tutduğu islahatlar strategiyasına uyğun olaraq ilk növbədə dövlətin təməlini möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanaraq qəbulunu vacib bildi. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyada əksini tapan mütərəqqi prinsiplər Azərbaycanda hüquqi islahatların aparılmasına hərtərəfli zəmin yaratdı.
Ulu öndərin rəhbərliyi altında hazırlanaraq qəbul edilən yeni və müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı, bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı.
Elə bunlara görədir ki, Heydər Əliyev ideyaları bu gün də yaşayır və qalib gəlir. Çünki Ulu öndər Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.
Heydər Əliyev öz ideyalarında yaşatdığı müstəqil Azərbaycan dövlətinin gələcəyini yaxşı bilirdi. Onu da yaxşı bilirdi ki, müstəqillik yolu bir çoxlarının düşündüyündən də uzun və əzablıdır. Ona görə də o, ilk növbədə Azərbaycanı taleyin ümidinə buraxılmış dövlət düşüncəsindən uzaqlaşdırdı, müstəqilliyimizin əbədiliyinə xələl gətirəcək amilləri vaxtında aradan qaldırdı. Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanılması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik uğurlar məhz bu böyük şəxsiyyətin misilsiz xidmətləri sayəsində əldə olundu.
Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan verdi. Ölkəmizdə icitmai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratdı. Bununla da Azərbaycan dünya dövlətləri içərisində özünəməxsus layiqli yerini tutdu, iqtisadiyyatımızdakı böhran aradan qaldırıldı və iqtisadi inkişaf dövrü başlandı. Demokratiya, siyasi sabitlik və ən başlıcası tərəqqi müstəqil Azərbaycanı xarakterizə edən mühüm amilə çevrildi.
Heydər Əliyev üçün hakimiyyət on minlərcə şəhid qanı ilə suvarılmış Azərbaycan torpaqlarının bütövlüyünü, milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin etmək, müharibədən və keçid dövrünün əzablarından əziyyət çəkən xalqın sosial vəziyyətini yaxşılaşdırmaq, müstəqil Azərbaycanı dünya birliyinin tamhüquqlu üzvü etmək üçün lazım idi. Bunu dərk edən xalq da Azərbaycan dövlətçiliyini və müstəqilliyini qorudu, daim rəhbərinə dəstək oldu.
Yeni siyasi kurs və inkişaf perspektivlərini müəyyən edən ümummilli liderin həyata keçirdiyi təcili islahatlar nəticəsində hakimiyyət boşluğu aradan qaldırıldı. Respublikanın müxtəlif bölgələrində baş qaldırmış etnik separatçı qüvvələr qətiyyətlə zərərsizləşdirildi. Vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Siyasi diplomatiya təcrübəsi ölkənin xarici siyasətinə tətbiq edildi, bu sahədə inamlı addımlar atıldı. Eyni zamanda, dünyaya səs salan yeni-yeni neft müqavilələri imzalandı, hüquqi-demokratik islahatlar dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildi. Bütövlükdə ölkə yeni inkişaf mərhələsinə keçdi.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, beynəlxalq normalara uyğun sivil və hüquqi dövlət quruculuğu başlandı. Milli ordunun formalaşması, nizami silahlı qüvvələrin yaradılması, torpaqların müdafiəsi ilə bağlı mühüm addımlar atıldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində atəşkəsə nail olundu. Məhz onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Azərbaycan yalnız Heydər Əliyevin qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qaldı, ölkəmiz dünyada özünə layiqli yer qazandı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
Artıq dünyanın bütün qurumlarında Heydər Əliyevin ucadan gələn səsi Azərbaycan həqiqətlərini dünyaya tanıtmağa başladı. Ölkəmiz beynəlxalq təskilatlar və dünya dövlətləri tərəfindən tanındı, beynəlxalq ictimai rəydə respublikamız haqqında müsbət fikir formalaşdırıldı, vətənimizdə hüquqi, demokratik dövlət quruculuğu geniş vüsət aldı. Müharibə şəraitində olan Azərbaycanın Silahlı Qüvvələrində həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hərbi hissələrin hərbi qaydaların tələblərinə uyğun idarə edilməsi Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi.
Məhz Heydər Əliyevin apardığı müdrik xarici və daxili siyasət sayəsində dövlətimizin milli müstəqillik xətti dönmədən həyata keçirildi. Ümummilli liderin rəhbərliyi ilə respublikada görülən təxirəsalınmaz islahatlar nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı. Beləliklə, 1994 - 1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu, dirçəliş dövrü başladı. İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşması, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artması təmin edildi.
Azərbaycanın xarici siyasətində nəzərəçarpacaq dəyişikliklər baş verdi. İlk növbədə müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi. Heydər Əliyevin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun ən mühüm uğurlarından biri də 2001-ci ilin əvvəlində Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi, Avropa ailəsinə qoşulması oldu. Ölkəmiz beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanındı, beynəlxalq ictimai rəydə respublikamız haqqında müsbət fikir formalaşdırıldı, vətənimizdə hüquqi, demokratik dövlət quruculuğu geniş vüsət aldı.
Ümumilikdə, hər addımında ulu öndər Heydər Əliyevin yüksək ideallarına sadiqlik nümayiş etdirən dövlət başçısı möhtərəm İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi ölkədə baş verən intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir.
Dövləti xalqa, xalqı dövlətə bağlayan da bu qarşılıqlı inam və etibardır. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz bu gün ulu öndərimizin Azərbaycan xalqına ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaq, onun ideyalarını uğurla həyata keçirməkdir.
Hüsnüyyə Xancanova
Bakı şəhər 92 N0-li tam orta məktəbin Tarix müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB