Zəngilan rayonunda çox böyük turizm potensialı var - DEPUTAT ŞƏRH ETDİ
“Bir neçə gün öncə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndənin təyin olunması ilə bağlı Prezident İlham Əliyev keçirdiyi görüş zamanı vacib məqamlara toxundu. Biz unutmamalıyıq ki, Zəngilan rayonu işğaldan azad edilmiş digər rayonlar kimi böyük dağıntılara məruz qalıb, daşı daş üstündə saxlamayan erməni quldurları rayonun hər tərəfini talan edib. Faktiki olaraq, Zəngilan rayonunda cəmi 1-2 normal şəraiti olan bina qalmışdı ki, onlardan da Ermənistan hərbçiləri istifadə edirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışı zamanı Zəngilan rayonunun önəmini xüsusi vurğuladı: "Həmçinin keçmiş məcburi köçkünlərin qayıdacağı ilk ərazinin Zəngilan rayonunun Ağalı kəndi olduğunu bildirdi. Ağalı kəndi çox ehtimal ki, yaxın aylarda məskunlaşma üçün hazır vəziyyətə gətiriləcək. Keçmiş məcburi köçkünlər ilkin olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ümumi ərazisi üzrə məhz Ağalı kəndinə köçürüləcəklər. Artıq Zəngilan rayonunda böyük infrastruktur layihələrinin icrasına başlanılıb. Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu da məhz həmin rayonunun ərazisindən keçir. Həmçinin, Zəngilanda beynəlxalq hava limanının da tikilib istismara verilməsi planlaşdırılıb. Rayonun ərazisi beynəlxalq əhəmiyyətinə görə böyük maraq kəsb edir. Ərazidən keçən həm dəmir yolu, həm də avtomobil yolu nəinki Azərbaycanı əsas hissəsi olan Naxçıvanla birləşdirəcək, eyni zamanda beynəlxalq yükdaşımalar üçün də yeni imkanlar yaradacaq. Biz tezliklə bütün Qarabağ və Şərqi Zəngəzuru birləşdirən vahid nəqliyyat şəbəkəsini qura biləcəyik”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, işğal dövründə Azərbaycan əhalisinə və tarixi abidələrə qarşı həyata keçirilən vandalizm siyasətini, ermənilərin ekoloji terror faktlarını unutmaq olmaz: “Ermənilər Oxçuçay vasitəsilə Azərbaycan ərazilərini və Zəngilanda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunu məhv etməyə çalışıblar. Nəzərə almaq lazımdır ki, Bəsitçay Dövlət Təbiət Qoruğu Avropanın ən təbii çinar meşələri hesab edilir. Elə buna görə də ermənilər həmin meşəliyi qəsdən məhv etməyə çalışırdılar. Lakin Azərbaycan dövləti işğaldan azad edilmiş bütün ərazilərin yaşıllıq örtüyünü bərpa edəcək və həmin əraziləri əvvəlki görkəminə qaytaracaq. Nəhayət, ermənilər törətdikləri bu ekoloji terrora görə təzminat ödəyəcəklər. Təyin olunmuş xüsusi nümayəndənin görəcəyi işlər də çoxdur. Çünki Zəngilan rayonunda çox böyük potensial, həmçinin turizm imkanları var. Hesab edirəm ki, yeni təyin olunmuş nümayəndə bu şərəfli və məsuliyyətli işin öhdəsindən layiqincə gələcək”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB