Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi ŞƏRH

Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi ŞƏRH

“Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”

Heydər Əliyev

Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətdə islahatları hərəkətə gətirən zümrə hesab olunur, Gənclər cəmiyyətin dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Hər hansı bir xalq kimi Azərbaycan xalqı üçün də mühüm tarixi nailiyyət olan dövlət müstəqilliyinin qazanılmasından böyük hadisə yoxdur. Müstəqil dövlətçilik çoxəsrlik Azərbaycan tarixinin ən böyük hadisəsidir. XX əsrin əvvəllərində Azərbaycanda qazanılmış birinci dövlət müstəqilliyi bütün türk-müsəlman dünyasının tarixində dönüş mərhələsi yaratmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli istiqlalının acı taleyi müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsinin onu qazanmaqdan da zəruri olması faktını meydana qoymuşdu. Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük səyi olmuşdur. Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüş, 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Ulu Öndər Heydər Əliyev şəxsən iştirak etmişdir. 1 fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ümummilli lider Heydər Əliyev “2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Məhz Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra digər MDB və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada isə yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib. Bu fakt da Heydər Əliyevin gənclər siyasətinin unikallığının və uzaqgörənliyinin göstəricilərindəndir.1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” fərmanın qəbulu, 1996, 1999 və 2003-cü illərdə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi, bura xaricdə yaşayan həmvətənlərimizin də dəvət olunması, Ulu öndərin dərin məzmunlu nitqləri gəncliyini həyatında mühüm siyasi dönüş yaratdı O, dövlətin beynəlxalq arenada çəkisinin artmasında dərin elmi biliyə və müxtəlif ixtisaslara yiyələnmiş peşəkar kadrların vacib olduğunu daim diqqət mərkəzinə çatdırırdı. 1995-ci ildə yaranmış Gənclər Təşkilatlarının Milli Şurası 2000-ci ilin aprel ayında Avropa qitəsində ən nüfuzlu qeyri-hökumət təşkilatı olan Avropa Gənclər Forumuna tamhüquqlu, 2002-ci ilin yanvar ayında isə BMT-nin İqtisadi və Sosial Şurasına müşahidəçi üzv seçildi. Ulu öndər Heydər Əliyev yeni nəslin dövlətçiliyimizin milli-mənəvi dəyərlərinə layiq tərbiyələnməsi və təhsil alması üçün elmi və mənəvi sferada islahatların həyata keçirilməsinə rəhbərlik edirdi. Keçid dövrünün çətinlikləri ilə mübarizə şəraitində məhz gəncliyin mənəvi yetkinlik qaynağı olan Azərbaycançılıq ideologiyası düşüncələrə hakim kəsildi. Gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli, hüquqlarının müdafiəsi sahəsində daha ciddi tədbirlər görmək, həyata keçiriləcək gənclər siyasətini tənzimləmək məqsədilə hazırlanmış “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 6 may tarixli Fərmanla qüvvəyə mindi. Bütün bu faktlar bizə deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev yalnız dövlətçiliyimizin, müstəqilliyimizin qurucusu deyil, eyni zamanda, gənclər siyasətinin yeni forma və çalarlarla zənginləşməsinin, gənclərin inkişafı və onların potensialından cəmiyyətin inkişafı üçün istifadə edilməsində özünü göstərən elmi, mənəvi əsaslara dayanan gənclər siyasətinin də qurucusudur. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.

Vasif Nəbiyev

YAP Yasamal rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə