Azərbaycanın növbəti zəfəri – GÖRÜNMƏZ DÜŞMƏN ÜZƏRİNDƏ QƏLƏBƏ – TƏHLİL

Azərbaycanın növbəti zəfəri – GÖRÜNMƏZ DÜŞMƏN ÜZƏRİNDƏ QƏLƏBƏ – TƏHLİL

Bəşəriyyəti həyəcana salan, saysız-hesabsız canlar alan, hələ də bir çox ölkələrdə insanları qorxu içərisində saxlayan koronavirus üzərində Azərbaycan mükəmməl qələbə qazandı və bu gözəgörünməz düşmənə də ölkəmiz qalib gəldi. Hazırda bir sıra ölkələrdə hələ də müvafiq təhlükələr gözlənildiyi halda, Azərbaycanda sözügedən bu virusun cilovlandığı göz önündədir və bu, yoluxma hallarının belə yox dərəcəsinə düşdüyü son günlərin göstəricilərində bir daha öz təsdiqini tapıb. Təbii ki, bu, hal Azərbaycanın 44 günlük müharibə ilə yanaşı, gizli, gözəgörünməz düşmən üzərində də növbəti zəfəridir, hansıki bu həm sevindirici, həm də qürurvericidir.

Xatırladığımız kimi, bir qədər öncə bəşəriyyət ona tamamilə yad olan, tanınmamış bir virusun peyda olduğu xəbərini aldı və bu, insanları qorxuya saldı. Təbii ki, qorxunun olması da anlaşılan idi, çünki peyda olan yeni virus, yəni koronavirus haqqında, onun müalicəsi barəsində bütün dünya, xüsusilə təbabət elmi tamamilə məlumatsız idi və bu virusa qarşı nə kimi tədbirlərin görüləcəyi bəlli deyildi. Əslində, virusun araşdırılması, barəsində məlumat əldə edilməsi, müalicəvi preparatların, peyvəndlərin müəyyənləşdirilməsi, tapılması müəyyən bir vaxt tələb edirdi və bu vaxt ərzində həmin virusa yoluxanların həyatına son qoyacağı riski çox böyük idi ki, bir çox insanın bu xəstəlik səbəbindən dünyasını dəyişməsi də bu baxımdan başadüşüləndir.

Bütün dünyada koronavirusa görə həyəcan təbili çalındığı vaxtlar yaddaşlardan silinən deyil. Hələ 2019-cu ilin sonu və 2020-ci ilin əvvəllərində dünya ölkələri bu virusla, koronavirusla nə edəcəyini, onun qarşısının alınması üçün nə kimi tədbirlər görəcəyini bilmirdi. Dünyanın bir çox fövqəl dövlətləri belə sözügedən virusla mübarizə tədbirlərində ləngidiyi səbəbindən böyük insan tələfatı ilə üzləşməli oldular. Xüsusən, Avropanın ən inkişaf etmiş ölkələrində, ABŞ kimi bir ölkədə koronavirus tüğyan etdi və çoxlu sayda insanın həyatına son qoydu. Hətta vəziyyətin nəzarətdən çıxma təhlükəsi də mövcud idi və ən qorxulusu da bu hesab olunurdu. Bütün dünya ölkələrində qapanmaların tətbiq edilməsi əbəs yerə deyildi və məqsəd həmin nəzarəti ələ almaq, itgiləri mümkün qədər azaltmaq idi. Lakin etiraf etmək lazımdır ki, peyda olan, hələ məlum olmayan virusa qarşı həmin ölkələr çox ləng hərəkətə keçmişdilər və ardınca da bunun acı nəticələri ilə qarşılaşmalı oldular.

Həqiqətən də sevindirici və qürurverici haldır ki, Azərbaycan bəşəri bəlaya ən tez reaksiya verən, ona qarşı ən tez tədbirlər planı hazırlayan, tətbiq edən ölkə oldu. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiya olaraq qeydə aldığı bu xəstəliyin yayıldığı ilk zamanlardan ölkəmiz müvafiq tədbirlərə əl atdı. Hətta bütün hazırlıq işləri də görüldü. Xatırladığımız kimi, xəstəliyin daha sürətlə yayılmaması üçün insanların evdə qalmasına, məsafədən işlərini aparmalarına, idarə etmələrinə şərait yaradıldı. Bir qrup insanların evdə qaldıqları zaman maddi sıxıntılarının qarşılanması üçün dövlətimiz onlara maddi köməkliklər göstərdi, gəlirlərinin qarşılanması üçün müvafiq tədbirlər həyata keçirildi, hansıki bu dövlət büdcəsi üçün böyük vəsaitlər hesabına başa gəlirdi, amma bunlar nəzərə alınmadı, insanların həyatı daha vacib hesab olundu. Bütün bunlar təbii ki, Azərbaycanda insan amilinin, vətəndaş amilinin prioritet olduğunu bir daha təsdiqlədi. Ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyev dəfələrlə vurğuladı ki, vətəndaşların sağlamlığı, onların həyatının qorunması bütün məsələlərdən öndə durur və ölkə vətəndaşları daim diqqət mərkəzindədirlər. Biz vətəndaşlar da bu diqqətin, üstəlik qayğının dəfələrlə şahidi olduq və hələ də şahidi olmaqdayıq.

Bəşəri fəlakət insan həyatı üçün çox təhlükəli idi və bunu bütün dünya belə qəbul edirdi, hansıki ilk növbədə qabaqlayıcı tədbirlər görülməsi tələb olunurdu. Məhz belə bir vəziyyətdə yoluxmanın, müalicəyə ehtiyacı olan insanların sayının artacağı riski nəzərə alınaraq Azərbaycanda modul tipli xəstəxanaların sürətlə tikilib istifadəyə verilməsinə başlanıldı. Təkcə paytaxt Bakıda deyil, bölgələrdə də modul tipli xəstəxanalar istifadəyə verilirdi ki, yoluxmaya məruz qalan, müalicəyə ehtiyac duyan insanlara tibbi xidmət göstərilsin. Bunun üçün dövlətimiz külli moqdarda vəsait xərcləməli oldu və bu məqamda yenə də insan amili, vətəndaş amili ön planda dururdu və biz hər zaman bunun şahidi oluruq.

Xüsusilə qeyd etmək lazımdır ki, koronavirusa yoluxanların, xəstələrin dərmanlarla, peyvəndlərlə özü də pulsuz olaraq təmin edilməsi də dövlətimizin, dövlət başçımızın diqqət və qayğısının bariz nümunəsi hesab olunur. Haqqından qeyd etdiyimiz virusun ortaya çıxdığı hələ ilk vaxtlardan cənab Prezidentin tapşırığı və rəhbərliyi ilə hökumətimiz ölkəyə dərman preparatlarının gətirilməsini, eləcə də bütün xəstəxanalara pulsuz paylanmasını reallaşdırdı. Bunun ardınca vətəndaşlarımızın hər birinin pulsuz olaraq bir neçə mərhələdə peyvənd edilməsi də həyata keçirildi. İstənilən vətəndaşımız peyvənd olunmaqla bağlı müraciət etdiyi zaman heç bir çətinliklə qarşılaşmadı, əksinə, ən tez zamanda pulsuz olaraq peyvənd aldı ki, bu da ölkədə koronavirusa qarşı immun sisteminin möhkəmlənməsi ilə nəticələndi. Beləliklə də vətəndaşlarımız həm xəstəliyə yoluxmaqda, həm də yoluxsa belə onunla mübarizədə böyük immunitet qazanmış oldu ki, bu da hazırki nəticələrə, qazandığımız zəfərə vəsilə oldu, qələbəmizi şərtləndirdi.

Azərbaycan bütün dünyada belə koronavirusla mübarizəyə öz tövhəsini verdi. Ölkəmiz koronavirusa yoluxan xəstələrin müalicəsi üçün öz imkanlarını əsirgəmədi. İstər maddi yardımlar olsun, istər dərman vasitələri ilə təmin etmək olsun, istərsə də mübarizə tədbirlərinin aparılması olsun, hər bir istiqamətdə ölkəmiz əməli tədbirlərə imza atdı. Azərbaycan bu bəşəri bəlaya qarşı bütün dünya ölkələrini birliyə səslədi və təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkəmizin bu fəaliyyətini yüksək qiymətləndirdi. Təsadüfi deyil ki, bu gün həmin təşkilat, yəni ÜST Azərbaycanı koronavirusla mübarizdə ən uğurlu ölkələr siyahısında görür və təbii ki, bunu çox yüksək qiymətləndirir.

Bildiyimiz kimi, artıq may ayının ilk günündən etibarən ölkəmizdə qoruyucu tibbi maskalardan istifadəyə qoyulan tələblər aradan qaldırılıb. Doğrudur, vətəndaşlar öz istəkləri ilə bundan istifadə edə bilərlər, amma artıq bu heç də məcburi sayılmır. Tibbi maskalardan istifadə, yaxud onun aradan qaldırılması müzakirə mövzusu deyil, amma ölkəmizdə qoruyucu tibbi maskalardan istifadəyə qoyulan tələblərin aradan qaldırılması bir sıra məqamlara aydınlıq gətirir və elə müzakirə mövzusu da, düşündürən də budur. Nəyə görə qoruyucu tibbi maskalara qoyulan tələblər aradan qaldırıldı və buna səbəb nədir? İndi hər kəsi bu sual düşündürə bilər və düşünməkdə də hər kəs haqlıdır. Axı bir çox ölkələrdə qoruyucu maskaların istifadəsinə qoyulan tələblər hələ də aradan qaldırılmayıb.

Sözsüz ki, adından da göründüyü kimi, haqqında qeyd olunan tibbi maskalar qoruyucu funksiya daşıyır və virusdan mühafizə, onun yayılmaması üçün nəzərdə tutulub, istehsal edilib. Deməli, yalnız virus üzərində qələbəyə nail olunduğu zaman bu maskaların istifadəsinə qoyulan tələblər aradan qaldırıla bilər. Yalnız virusa qalib gəldikdən sonra insanlar qoruyucu tibbi maskalardan imtina edə bilərlər və bütün bunlar Azərbaycanın qələbəsi, Azərbaycanın növbəti zəfəri deməkdir. Diqqətə çatdırmaq yerinə düşərdi ki, koronavirus deyilən virus səbəbindən həyatını itirən vətəndaşlarımızın sayı müharibədə, düşmənlə savaş zamanı itirdiyimiz vətəndaşların sayından dəfələrlə çox oldu. Bu isə, koronavirusun da bir düşmən, özü də gözəgörünməz düşmən olduğunu təsdiqləyir. Bəli, artıq Azərbaycan növbəti zəfərə, görünməz düşmən üzərində də qələbəyə imza atdı və bunun bütün dünya da şahidi oldu. Şahidi oldu ki, Azərbaycan qüdrətli, güclü, doğru siyasət yürüdən humanist bir dövlətdir və hansı prizmadan, hansı rakursdan baxılırsa baxılsın, ölkəmiz qalib adına layıqdir, qalib ölkədir və ardıcıl olaraq zəfərlərə imza atır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə