Prezident İlham Əliyev: “Zəngəzur dəhlizi artıq reallıqdır”
Prezidenti İlham Əliyev mayın 4-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar dövlətimizin başçısı qəbulda çıxışında göstərilən etimadı görülən işi ilə doğrultmağı tapşırdı. Digər işğaldan azad olunan torpaqlarda olduğu kimi, Zəngilan rayonunda da böyük dağıntılara məruz qaldığını vurğulayıb: “Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları - hərbçilər istifadə edirdilər. Bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir”.
“HEYDƏR ƏLİYEV FONDUNUN MALİYYƏ DƏSTƏYİ İLƏ ZƏNGİLAN ŞƏHƏR MƏSCİDİ İNDİ ƏSASLI ŞƏKİLDƏ TƏMİR OLUNUR, FAKTİKİ OLARAQ YENİDƏN QURULUR”
“Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur»,-deyən dövlət başçısı söyləyib ki, azad edilmiş bütün torpaqlarda bərpa-quruculuq işləri aparılacaq: “Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf”.
Dövlət başçısı Azərbaycanın digər rayonları kimi, Zəngilan rayonunda böyük turizm potensialı olduğunu vurğulayaraq söylədi ki, gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. Dövlətimizin başçısı Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa şəhərinə də məsafənin çox qısa və rahat olacağını bildirib: “Yəni, Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq. Yeni otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq”.
Prezident qeyd edib ki, bütün sahələrdə ən mütərəqqi təcrübə, ən şəffaf mexanizmlər, insanlar üçün rahatlıq təmin edildiyi halda biz istədiyimizə nail olacağıq: «İstədiyimiz isə odur ki, keçmiş məcburi köçkünlər tezliklə öz dədə-baba torpaqlarına qayıtsınlar, orada rahat yaşasınlar və maksimum çox adam oraya qayıtsın, orada yaşasın. Biz elə şərait yaratmalıyıq ki, onlar da həvəsli olsunlar”. Azərbaycan Prezidenti, həmçinin qarşıda duran digər vəzifənin - keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmaları ilə bağlı olduğunu, bu problemin həllində də dövlət bütün imkanlarını səfərbər edərək nə mümkünsə ediləcəyini, maliyyə vəsaiti səfərbər edildiyini deyib: “Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Bu il bizim iqtisadi inkişafımız daha sürətlidir və ilin birinci rübündə iqtisadiyyat təxminən 7 faiz artıb, gəlirlərimiz də artıb. Ona görə mən hesab edirəm ki, təxirəsalınmaz işlərin görülməsi üçün biz əlavə vəsait ayırmalıyıq. Azad edilmiş torpaqların bərpası üçün əlavə vəsait ayırmalıyıq. Hökumətə bu məsələ ilə bağlı göstəriş verildi. Yəqin ki, yaxın gələcəkdə biz bunu rəsmən təsdiqləyəcəyik ki, daha çox işi bu il görə bilək”. Prezident İlham Əliyev qeyd edib ki, görüləcək işlər çoxdur. Keçmiş məcburi köçkünlərin qaytarılması üzrə birinci layihə yaxın zamanlarda icra olunacaq, digər layihələrə də mütləq başlamaq lazımdır.
“BİZİM MƏRKƏZİ İCRA ORQANLARI “CRONİMET” ŞİRKƏTİ İLƏ BAĞLI MƏSƏLƏ QALDIRIBLAR VƏ BUNUNLA MƏŞĞUL OLURLAR”
“Ermənistan rəhbərliyinin hər bir addımı, hər bir hərəkəti biabırçılıq olub. Amma beynəlxalq auditlə işləyən beynəlxalq şirkət bu çirkin əməllərə əl atırsa, burada həmin o şirkətin yerləşdiyi ölkələrin hüquq-mühafizə orqanlarının işi olmalıdır»,-deyən dövlət başçısı qeyd edib ki, “Cronimet” şirkəti ilə bağlı rəsmi müraciətlərə Almaniyanın hüquq-mühafizə orqanlarından cavab verilmir. “Cronimet” şirkətinə müraciət etmişik: gəlin, təmizləyin bu ekoloji terrorun fəsadlarını. Cavab yoxdur. Hüquq-mühafizə orqanlarından cavab yoxdur. Axı, biz bilirik ki, Avropada ekologiyaya nə qədər böyük diqqət göstərilir. Biz bilirik ki, havanın yarım dərəcə istiləşməsi indi bütün dünya, Avropa üçün böyük problem kimi qəbul edilir. İqlim dəyişikliyi problemi bu gün dünya gündəliyinin diqqətini cəlb edib. Amma burada açıq-aşkar görünür ki, təmiz qaynaqlardan axan çay sarı rəngə boyanır. Yəni, oradan götürülən nümunələr, o cümlədən işğal dövründə götürülən nümunələr bunu göstərir. Birinci olaraq erməni ekoloqları bu məsələni qaldırmışdılar. Onlar qeyd edirdilər ki, burada təbii fəlakət baş verir. Əlbəttə ki, onlar Azərbaycana, necə deyərlər, xoş münasibət göstərən adamlar deyildilər, onlar hesab edirdilər ki, bu torpaqlar Ermənistanın əlində əbədi olacaq. Ona görə məsələ qaldırmışdılar və əvvəlki rəhbərliyi, kriminal xunta rejimini - Serjik Sarkisyanı və onun qohumlarını ittiham etmişdilər. Onların da əlində sübutlar var. Amma bir addım atıldı? Yox. Ona görə bu məsələni də indi bizim mərkəzi icra orqanları qaldırıblar və məşğul olurlar”, - deyə Azərbaycan Prezidenti əlavə edib. Azərbaycan Prezidenti Ermənistanın Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etdiyini, Zəngilanda Vejnəli qızıl yatağını vəhşicəsinə istismar edərək oranı da ekoloji fəlakət zonasına çevirdiklərini, qanunsuz olaraq orada çıxarılan qızıl xaricə aparılıb satıldığını söyləyib. Dövlətimizin başçısı deyib ki, indi bütün hüquqi prosedurlara start verilib. Bir cinayət də cavabsız qalmayacaq: “Birincisi, biz dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və biz beynəlxalq məhkəmələrə də müraciət etmək əzmindəyik, hazırlıq işləri gedir. Həmçinin Vejnəli qızıl yatağının xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz o adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa edəcəyik və bizə təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər”.
“ERMƏNİSTANIN İŞĞAL DÖVRÜNDƏ EKOLOGİYAYA VURDUĞU ZƏRƏR VƏHŞİLİK VƏ TALANÇILIQDIR”
Dövlət başçısı çıxışı zamanı vurğulayıb ki, Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurub. Əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilib. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələr kütləvi surətdə qırılıb. Yəni, bu, faktiki olaraq vəhşilik və talançılıqdır. “Hər kəs yaxşı bilir ki, Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub - Bəsitçay təbiət qoruğu. O Bəsitçay təbiət qoruğunun böyük hissəsi məhv edilib və mən Zəngilanda olarkən o kəsilmiş ağacların kötüklərini görmüşəm və eyni zamanda, yandırılmış ağacları da görmüşəm. Eyni çirkin əməlləri onlar Kəlbəcər və Laçın rayonlarında müharibədən dərhal sonra etmişdilər. Onlara möhlət verilmişdi o ərazilərdən çıxmaq üçün, iyirmi gün vaxt verilmişdi. O günləri onlar yenə də bəd əməllər üçün istifadə etmişdilər”, - deyə Prezident əlavə edib. “Azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilib. Biz kəndləri də planlı şəkildə bərpa edəcəyik”,-deyən Prezident İlham Əliyev bu prosesin mərhələli və planlı şəkildə aparılmalı olduğunu qeyd edərək bildirib ki, hər bir yeni yaradılacaq, bərpa ediləcək kəndin baş planı olmalıdır və baş planlar hazırlanır: «Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni, biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq. Ona görə hər şey şəffaf, tenderlər və baş planlar əsasında yaradılacaqdır. Ona görə azad edilmiş bütün rayonlarda, o cümlədən Zəngilan rayonunda da bu işlərə artıq hazırlıq gedir".
“ZƏNGİLAN RAYONUNDA YARADILAN “DOST AQROPARK”I BİRİNCİ VƏ NÜMUNƏVİ AQROPARK OLACAQ”
Dövlət başçısı azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradırıldığını deyərək, vurğulayıb ki, keçən il mən qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti ilə birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın təməlini qoyduq: «Bu yaxınlarda aqroparkın fəaliyyəti ilə bağlı mənə məlumat verildi. Çox şadam ki, hər şey plan üzrə gedir. Bu, birinci, nümunəvi bir aqropark olacaq”.Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, azad edilmiş torpaqlarda aqroparkların sayı çox olacaq. İndi Cəbrayıl və Ağdam rayonlarında sənaye zonaları yaradılır: «Hesab edirəm ki, Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Çünki təbii iqlim çox əlverişlidir və yenə də “DOST Aqropark”ın timsalında biz azad edilmiş bütün torpaqlarda gələcəkdə yaradılacaq mənzərəni görməliyik”.
“AZAD EDİLMİŞ TORPAQLARDA BİZİM KƏND TƏSƏRRÜFATI İLƏ BAĞLI ÇOX BÖYÜK PLANLARIMIZ VAR”
Azərbaycan Prezidenti digər vacib məsələ məşğulluqla bağlı olduğunu və Ağalı kəndində bu məsələnin nəzərdə tutulduğunu söyləyərək cari ildə həmin kənddə yeni müəssisələrin yaradılacağının nəzərdə tutulduğunu deyib. “Mən göstəriş vermişdim ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkan olsun – həm kənd təsərrüfatında, həm də dövlət və özəl şirkətlər tərəfindən yaradılmış müəssisələrdə insanlar çalışacaqlar. Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var”, - deyə dövlətimizin başçısı vurğulayıb. Son illərdə ərzaq təhlükəsizliyi istiqamətində bir çox işlərin görüldüyünü qeyd edən Prezident İlham Əliyev deyib: “Ancaq hələ ki, biz özümüzü tam şəkildə, yəni, 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmirik. Əminəm ki, görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir”. ”Biz həm Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəyik, tam yeni nəqliyyat dəhlizi açılacaq». Bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib. Dövlətimizin başçısı deyib ki, son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır. Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq: «Biz son illər ərzində, deyə bilərəm ki, təqribən 10-15 il ərzində nəqliyyat sektoruna çox böyük əhəmiyyət vermişik. Məhz buna görə bu gün istənilən yükü qəbul edə və onu tranzit kimi ötürə bilərik, bunu edirik və bizim imkanlarımız daha da artacaq”.
“ZƏNGƏZUR DƏHLİZİ ARTIQ REALLIQDIR”
“Zəngəzur dəhlizi artıq reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq. Ona görə və eyni zamanda, keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və altı zolaqdan ibarət olan avtomobil yolunu sürətlə inşa edirik. Bu yolun hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq»,-deyən dövlət başçısı bildirib ki, Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolunun çəkildiyini qeyd edən dövlətimizin başçısı deyib ki, bu yol tam yeni və daha əlverişli marşrutla keçir. Həm vətəndaşlar bu yolla rahat gedib-gələcəklər, həm də beynəlxalq yükdaşıma məsələləri öz həllini tapacaq. Həmçinin, bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Dəmir yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və əminəm ki, gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır”. “Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir»,- deyən dövlət başçısı bildirib ki, Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf.
Prezident qeyd edib ki, hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. “Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunu mən qeyd etmək istərdim. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Əminəm ki, bu hava limanının çox böyük funksiyaları olacaqdır. Çünki biz Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi görürük. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır, eyni zamanda, bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB