Prezident bu insanlar qarşısında hər birimizin borclu olduğunu xatırlatdı - MÜNASİBƏT BİLDİRİLDİ

Prezident bu insanlar qarşısında hər birimizin borclu olduğunu xatırlatdı - MÜNASİBƏT BİLDİRİLDİ

"Şəhid ailələri, müharibə əlilləri və veteranlarının sosial müdafiəsi, onlara göstərilən qayğı və diqqətin daim artması Azərbaycan Respublukasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin çox mühüm tərkib hissəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev buldirib.

Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyev və hörmətli vitse-prezident Mehriban xanım Əliyeva bu qəbildən olan insanlara yüksək diqqət və qayğı göstərirlər: “Heç də təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunması xəbərini Azərbaycan xalqına cənab Prezident müjdə kimi Şəhidlər Xiyabanında olarkən verdi. Cənab Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva müharibə bitən günün sabahı isə ilk olaraq hospitalda müalicə alan yaralılarımızı ziyarət etdilər. Bundan sonra ölkə başçısının fərman və sərəncamları ilə şəhid ailələrinin, Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı böyük işlər görüldü. "Yaşat" Fondu yaradıldı, "Qarabağ Dirçəliş" Fondu yaradıldı. Eyni zamanda orden və medallar hazırlandı və döyüşlərdə iştirak edən əsgərlərimiz bu medallarla təltif olundu.

Vətən müharibəsi qəhrəmanı təqaüdü müəyyənləşdirildi. Postmüharibə dövründə bu təbəqəyə aid olan insanlara istər sosial, istər psixoloji, istərsə də iqtisadi-mənəvi dəstək göstərilməsi daim davam etmişdir. İndiyə qədər 100 min nəfər müharibə iştirakçısı, veteran, qazi və şəhid ailəsinə 166 min xidmət göstərilmişdir. 12 min 500 şəhid ailəsinə və müharibə əlillərinə mənzillər təqdim edilmişdir. 7 min 400 nəfər Qarabağ əlilinə minik avtomobilləri verilmişdir. 12 mindən çox Qarabağ qazisi və şəhid ailəsi işlə təmin olunmuşdur və bu il də özünəməşğulluq proqramı çərçivəsində 6 min nəfər bu qəbildən olan insanın işlə təmin olunması nəzərdə tutulur. Eyni zamanda reabilitasiya mərkəzlərində protezlərlə təmin olunması istiqamətində yüksək səviyyədə işlər görülür. İndiyə qədər 300-dən çox qazimiz ən müasir rəqəmsal texnologiya ilə çalışan çoxfunksiyalı protezlərlə təmin olunmuşlar. Azərbaycanda müalicəsi mümkün olmayan və ya çətinlik yaradan əməliyyatların xaricdə müalicəsi üçün, o cümlədən qardaş ölkə Türkiyədə müalicəsi üçün göstərilən yardımlar davam etdirilir. Vahid əlaqələndirilmə mərkəzi yaradılmışdır. Bu insanlar göstərilən xidmətin koordinasiyası üçün cənab Prezidentin sərəncamı ilə indiyə qədər Vahid əlaqələndirmə mərkəzinə 100 mindən çox müraciət daxil olmuşdur.

Ötən il cənab Prezidentin göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Məşğulluq marafonu elan olundu və bu marafon çərçivəsində də 2 mindən çox şəhid ailəsi və qazi işlə təmin olunmuşdur. Bu proses bu gün də davam edir. Bu qəbildən olan insanlara mənəvi cəhətdən dayaq durmaq, onların xidmətlərini daim qiymətləndirmək, şəhid ailələrini, şəhid övladlarını cəmiyyətin ən qiymətli üzvləri kimi qiymətləndirmək bir cəmiyyət olaraq bizim borcumuzdur. Cənab Prezident də Ramazan bayramı münasibətilə şəhid ailəsinin evdndə qonaq olarkən bu çağırışı həm cəmiyyətin, həm məmurların, həm da siyasi xadimlərin diqqətinə çatdırmış oldu. Bu insanlar qarşısında hər birimizin borclu olduğunu xatırlatdı".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə