Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq ŞƏRH

Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq ŞƏRH

29 aprel tarixində ADA Universitetində keçirilmiş, “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda cənab Prezident İlham Əliyev regionun dünəni, bu günü və gələcəyi ilə bağlı geniş nitq söylədi və ayrı-ayrı qurumları təmsil edən beynəlxalq nümayəndələrin müxtəlif məsələlərə dair ona ünvanlanan suallara ətraflı cavab verdi. Cənab Prezident İlham Əliyev XX əsrin sonu və XXI əsrin ötən dövründə regionda baş verən hadisələri ətraflı təhlil etdi, Ermənistanın yeritdiyi 30 illik işğalçılıq siyasəti nəticəsində işğal altına düşmüş şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktlarının törətdiyi, Kəlbəcərdə, Laçında, qismən Zəngilan və Şuşada Ermənistan hökumətinin sponsorluğu ilə qeyri-qanunu məskunlaşdırılma siyasətinin həyata keçirildiyi konfrans iştirakçılarının diqqətinə çatdırıldı.

Cənab Prezident Şuşa Bəyannaməsinin imzalanması ilə bağlı fikirləri, sözün həqiqi mənasında, dünyaya bir mesaj idi. O bildirdi ki, "Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik, bütün sahələrdə də, o cümlədən, hərbi və müdafiə sənayesi sahəsində”. Cənab Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra baş verən hadisələrlə bağlı bildirdi ki, Ermənistan hökuməti tərəfindən müəyyən pozitiv siqnallar alırıq. Azərbaycan Ermənistan sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və Ermənistan hökuməti bu məsələyə pozitiv yanaşaraq bu təklifləri qəbul etdiklərini bildirdi. O əlavə etdi ki, Ermənisdan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işci qurupunun yaradılmasına razılıq verib. Cənab Prezident qeyd etdi ki, əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsipləri həyata keçirilərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Cənab Prezident İlham Əliyevin səsləndirdiyi “Qafqaz sülh gündəliyi” anlayışının özü, Azərbaycanın regionda sülhün təmin olunmasına tərəfdar olduğunun göstəricisidir və beynəlxalq aləm tərəfindən dəstəklənir. Cənab Prezident vurğuladı ki, əgər iştirakçı tərəflər sülhün təmin olunmasına öz töhfələrini vermiş olsalar, bu, yalnız Azərbaycan- Ermənistan arasında deyil, Cənubi Qafqazın inkişafına təsir etmiş olar.

Cənab Prezident Qarabağda yaşayan etnik erməni əhalisinin gələcəyi ilə bağlı konfrans nümayəndələrinə mövqeyini bildirdi. O qeyd etdi ki,Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamalıdırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar. Bununla cənab Prezident ermənilərə açıq şəkildə, hər kəsin başa düşəcəyi dildə bildirdi ki, mifik xəyallardan əl çəkin, reallığı dərk edin və Qarabağda yaşamaq istəyirsinizsə, Azərbaycanın qanunlarına tabe olun, əks təqdirdə, sizin burada yaşamağınız mümkün olmayacaq. Qeyd olunan konfransın iştirakçılarının Şuşaya səfərinin təşkil edilməsi də olduqca önəmli məsələ idi. Onlara erməni vandalizmini yerində göstərmək,ermənilərin yaşadıqları ərazilərin Azərbaycan daxilində coğrafi yerində əyani təqdim etmək mühüm məsələdir. Ataların gözəl bir deyimi var: ”Yüz eşitməkdənsə, bir görmək yaxşıdır”.

Konfransda ayrı-ayrı iştirakçıların bilavasitə cənab Prezidentə ünvanladıqları suallara cənab Prezidentin verdiyi cavabları dinlədikcə, sözün həqiqi mənasında, qürur hissi keçirir, ölkəmizin belə bir rəhbəri olması ilə fəxr edirik. Cənab Prezident bir daha təsdiq etdi ki, Azərbaycan tam müstəqil dövlətdir, yalnız dövlətimizin maraqlarına uyğun siyasət həyata keçirilir. Heç bir dövlətin və ya beynəlxalq təşkilatın diktəsi ilə idarə olunmur. Cənab Prezident İlham Əliyevin verdiyi cavablar səmimiyyəti ilə həqiqəti ifadə etməklə olduqca diqqətçəkici idi. Gələcəklə bağlı Cənab Prezidentin fikirləri də önəmli məsələlərdəndir. Azərbaycanda idarəetmənin yeni modelinin anonsunu verdi. İndiyə qədər görülmüş işlər və görülməsi planlaşdırılan siyasi islahatlar Azərbaycanın qısa müddətdən sonra daha firavan dövlətə çevriləcəyinə, beynəxalq səviyyədə nüfuzunun yüksək olacağını söyləməyə əsas verir.

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə