Azərbaycan regionda sülh və təhlükəsizliyin tərəfdarıdır ŞƏRH

Azərbaycan regionda sülh və təhlükəsizliyin tərəfdarıdır ŞƏRH

Bildiyimiz kimi, cari ilin 29 aprel tarixində ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev parlaq, dərin məzmunlu çıxış edərək, Cənubi Qafqaz regionunda yaranmış mövcud vəziyyət, ölkəmizin sülh təşəbbüsləri, eləcə də bir çox mühüm qlobal məsələlər barədə dəyərli fikir və mülahizələrini bildirmiş, olduqca mühüm mesajlar vermişdir. Dövlət başçımız ilk öncə ölkəmizə və Şuşaya səfər etdiklərinə görə bütün iştirakçılara, qonaqlarımıza təşəkkür edərək söylədi: “Əminəm ki, Qarabağın gözəlliyini seyr etmək və eyni zamanda, Şuşaya aparan yol boyunca və Şuşanın özündə dağıntıları görmək üçün bu, maraqlı səfər oldu. Hesab edirəm ki, gördükləriniz 30 illik işğal ərzində çəkdiyimiz əziyyətlərin ən yaxşı təzahürüdür. Həmin kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Göründüyü kimi, ADA Universitetində keçirilmiş Konfrans eyni zamanda dünyanın beyin mərkəzlərinin Ermənistanın 30 il ərzində Qarabağımızda törətdikləri vəhşilik və vandalizmin canlı olaraq şahidi olmalarına vəsilə oldu".

Danılmaz həqiqətdir ki, Prezident İlham Əliyevin əsas məqsədi və istəyi Qarabağı dünyanın ən çiçəklənən və dinc bölgəsinə çevirməkdir! Cənab İlham Əliyev konfransdakı çıxışında da bildirdi ki, biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib. Dövlətimizin başçısı həmçinin bildirdi ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər. Bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik. Möhtərəm Prezidentimiz İlham Əliyev həmçinin vurğuladı ki, bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər.

Prezidentimzin qeyd etdiyi kimi, Ermənistan hökuməti Azərbaycanın xoş niyyətini qəbul etməlidir. Çünki heç kimə sirr deyil ki, Azərbaycanla münasibətlərin normallaşması məhz Ermənistan üçün yeni imkanlar yaradacaq. Bu reallığı Ermənistandakı bütün siyasi qüvvələr başa düşməlidirlər.

Prezidentimiz cənab İlham Əliyev qeyd etdi ki, qarşımızda duran ən mühüm məsələlərdən biri də beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək yeni reallıqları daha da gücləndirmək, regionla bağlı strategiyamızı və vizyonumuzu təqdim etməkdən ibarət idi. Beynəlxalq təşkilatların yaranmış yeni reallıqları qəbul etməsi də çox əhəmiyyətli idi və bu da baş verdi.

Dövlətimizin başçısı bildirdi ki, Ermənistanı regional inkişafa qoşulmağa dəvət etmək imkanları mövcuddur: "Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat marşrutlarını nəzərə almaqla nə qədər inteqrasiya olunduğunu bilirsiniz. Mən hesab edirəm ki, Ermənistanı regional inkişafa qoşulmağa dəvət etmək imkanları da mövcuddur. Onlar bundan faydalanacaqlar. Onlar bizim enerji resurslarımıza çıxış əldə etməklə faydalana və müəyyən dərəcədə beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsinə çevrilə bilərlər. Bunlar, öz-özlüyündə müəyyən gəlir gətirə bilər. Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistan üçün hətta indi proqnozlaşdırılması mümkün olmayan imkanlar açacaq.

“Azərbaycan Ermənistandan fərqli olaraq çoxsaylı milli azlıqların nümayəndələrinin yaşadıqları ölkədir”, - deyən dövlət başçısı bildirib ki, onların hamısı ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşayır. Azərbaycanda erməni xalqının nümayəndələri də yaşayıblar və onlar heç vaxt hər hansı problemlə qarşılaşmayıblar. Buna görə də azərbaycanafobiya təbliğatına Ermənistanda son qoyulmalıdır. Ermənistanın bizimlə bağlı yaratdığı miflər heç vaxt sülhə töhfə verməyəcək.

Erməni tərəfinin saxtakarlıqlarına dair konkret misallar çəkən dövlət başçısı qeyd etdi: “Belə bir saxta tarixi siyasət 5-6 il çəkirdi, hətta ondan sonra yeni bir parametrlərini əlavə edirdilər. Yəni, Azərbaycan şəhərlərinin adlarını belə rəsmən saxta erməni adları ilə dəyişirdilər".

Şuşada və digər regionlarda gedən yenidənqurma işlərindən danışan dövlətimizin başçısı qeyd etdi ki, ”bərpa işləri çox sürətli şəkildə davam edir. Dünən biz Füzulidə yeni tikilmiş hava limanını da gördük. Beynəlxalq ictimaiyyət olaraq ermənilərin yerləşdirdiyi minalardan çox narahatıq. Biz BMT və Ermənistana minaların xəritələrini Azərbaycana verilməsi üçün çağırış edəcəyik. Son 1 ildə bu minalara görə Azərbaycanın 100-dən çox vətəndaşı həyatını itirib. Bu, beynəlxalq ictimaiyyətin hərəkətə keçməli olduğu çox böyük bir problemdir. Onlar Ermənistanı xəritələri verməyə məcbur etməlidirlər”.

Ermənistanın Azərbaycan ərazilərində 30-dək su elektrik stansiyası məhv etdiyini diqqətə çatdıran cənab İlham Əliyev bildirib ki, bu gün Kəlbəcər və Tərtər rayonlarında quruculuq işlərinə başlanılıb: “20MVt-lıq stansiya artıq istifadəyə verilib. Bu il də 25 MVt-lıq hidroelektrik stansiya istifadəyə veriləcək. Ancaq burada su elektrik stansiyalarının potensialı daha çoxdur”.

Prezident bərpa olunan enerji mənbələri potensialına da toxunub və qeyd edib ki, “biz BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın və həmçinin digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqların son mərhələsindəyik”.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi dünyaya mesaj idi. Şuşa Bəyannaməsini imzalamaqla Azərbaycan Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdi. Bəyannamə sadəcə olaraq əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki bütün dünya bilir ki, Azərbaycan onsuz da istənilən şəkildə qardaş, dost Türkiyə ilə bütün sahələrdə, o cümlədən, hərbi və müdafiə sənayesi sahəsində də müttəfiqdir.

Dövlətimizin başçısı ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirmələrini də bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb və bildirib ki, “bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır”.

Prezidentimizin toxundugu və verdiyi ən mühüm mesajlardan biri də sərhədlərin müəyyən edilməsi: demarkasiya və delimitasiyasilə bağlı oldu. Cənab İlham Əliyev qeyd etdi ki, ”bizim mövqeyimiz ondan ibarətdir ki, sərhədlərin müəyyən edilməsi zamanı tarix nəzərə alınmalı, Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı dövrə aid xəritələr istifadə edilməlidir. Biz yalnız bir xəritə üzərində dayanmamalıyıq, çünki bir çox xəritələr var – 1918-ci ilin xəritəsi var ki, İrəvan o zaman Azərbaycanın tərkib hissəsi idi. 1920-ci ilin noyabr ayının xəritəsi var ki, Zəngəzur o zaman Azərbaycanın tərkib hissəsi idi. Bununla yanaşı, bu gün İran-Ermənistan sərhədi boyu olan ərazilərdə o zaman azərbaycanlılar yaşayırdı və o torpaqların erməni xalqına heç bir aidiyyəti yox idi. 1920-ci ilin noyabrında sovet hakimiyyəti Zəngəzuru Ermənistana vermək qərarı qəbul etdi. Lakin bu ərazi Ermənistana veriləndə o bugünkü sahəyə - 42 kilometrlik sahəyə malik deyildi, ərazi daha ensiz idi. Lakin ermənilər hiyləgərlik edərək ərazini 42 kilometrə qədər genişləndirdilər və bu gün İranla sərhəd məhz oradan keçir. Beləliklə, bizim mövqeyimiz ondan ibarətdir ki, biz bütün xəritələrdən istifadə edəcəyik – 1918-ci ildən və hətta ondan əvvəlki dövrün xəritələrindən başlayaraq Sovet İttifaqının dağıldığı dövrə qədərki xəritələrə qədər. Əlbəttə, bu, bizim birgə işçi qruplarımızın danışıqlarının tərkib hissəsi olacaq”.

“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” konfransında on ildən sonra Azərbaycanın Cənubi Qafqazda daha da güclü dövlət olacağını bildirən dövlətimizin başçısı həmçinin yaxın gələcəkdə Azərbaycan ərazisində yeni regional idarəçilik modelinin də tətbiq ediləcəyinin anonsunu verdi. Beləliklə, ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfrans tarixi əhəmiyyət daşımaqla yanaşı, eyni zamanda prezident cənab İlham Əliyevin dünyada gedən prosesləri dərindən bilən, uzaqgörən, yüksək intellekt və analitik təfəkkürə malik siyasətçi olmasını bir daha bütün dünyaya nümayiş etdirdi.

Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə