Ankara Qərblə Rusiya arasında yeni körpülər qurur

Ankara Qərblə Rusiya arasında yeni körpülər qurur

Rusiya və Amerika vətəndaşlarının Türkiyədə dəyişdirilmələri prosesinə Rəcəb Tayyib Ərdoğan vasitəçilik edib

Həbsinin üzərindən 10 il keçdikdən sonra ABŞ 20 illik həbs cəzası kəsilmiş Rusiya pilotu Konstantin Yaroşenkonu öz ölkəsinə təhvil verdi. O, Rusiyada polisə dalaşdığına görə 9 il həbs cəzasına məruz qalmış amerikalı Trevor Ridlə dəyişdirildi.

Konstantin Yaroşenko Afrika ölkələrində birdəfəlik müqavilələr əsasında sərnişin və yük təyyarələri vasitəsilə daşıma işləri həyata keçirib. O, 2010-cu ildə ABŞ hakimiyyətinin müraciəti əsasında saxlanılıb və amerikalılara təhvil verilib. Belə ki, Yaroşenko Latın Amerikasından Liberiyaya, oradan isə Qanaya narkotiklərin nəql edilməsində ittiham olunub. Kokain həcminin isə diplomatik poçt vasitəsi ilə ABŞ-a göndərilməsi iddia olunurdu.

2011-ci ildə Nyu-York məhkəməsi Rusiya Federasiyasının vətəndaşını kontrabanda qrupları ilə əməkdaşlıqda ittiham edərək ona 20 il həbs cəzası kəsmişdi. Rus pilotunun həbsinə və cəza almasına qarşı Rusiyanın xarici işlər naziri Sergey Lavrov sərt münasibət bildirmişdi və o, baş verənləri oğurluq adlandırmaqla qanunvericiliyin pozulduğunu bəyan etmişdi.

Lakin məlum olduğu kimi, rus pilotunun amerikalı vətəndaşla dəyişdirilməsi barədə razılıq əldə olundu və proses həyata keçirildi. Dəyişmə prosedurunun isə Türkiyədə həyata keçirilməsi isə kifayət qədər diqqətçəkici məqamdır. Yaroşenkonu gətirən Amerika təyyarəsi Ankaraya endi və oradan da Moskvaya uçdu. Vətənində isə onu xüsusi kortej qarşılayaraq evinə doğru apardı.

Beləliklə, bu məsələdə biz növbəti dəfə Türkiyənin rol aldığını görürük. Daha dəqiq desək, Türkiyənin ABŞ və Rusiya arasındakı uğurlu diplomatik və sülhməramlı vasitəçilyi bir daha öz təsdiqini tapdı. Görünən isə budur ki, Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti yalnız Rusiya-Ukrayna arasında deyil, həm də Moskva ilə Vaşinqton arasında müəyyən körpülərin qurulmasına zəmin yaradır. Fakt budur ki, Türkiyə Rusiya ilə Ukraynanı barışdırmaq, ölkələr arasında sülhü bərqərar etmək üçün bütün gücünü və nəhəng diplomatik potensialını ortaya qoyub.

Daha bir əhəmiyyətli məqam Türkiyənin öz fəaliyyətindən geri çəkilməməsi və israrlı siyasət nümayiş etdirməsidir

Onu da xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə Vladimir Putinlə Vladimir Zelenskinin arasında görüş təşkil etmək istəyib – istər müharibədən əvvəl, istərsə də müharibədən sonra. Əbəs deyil ki, mart ayında İstanbulda iki görüş keçirildi və onlar müəyyən mənada uğurlu kimi də qiymətləndirildi. Ancaq təəssüf ki, Buça olaylarından sonra çətinliklə əldə edilən uğur davamlı olmadı. Bunun səbəblərini Türkiyənin XİN-i də təəssüflə qeyd edir.

Ancaq daha bir əhəmiyyətli məqam Türkiyənin öz fəaliyyətindən geri çəkilməməsi və israrlı siyasət nümayiş etdirməsidir. Məsələ həm də ondadır ki, Türkiyə artan Rusiya-Ukrayna düşmənçiliyinə NATO-nun cəlb olunmaması istiqamətində də çoxsaylı cəhdlər göstərir. Ankara Rusiya ilə NATO-nun Qara dənizdə müharibəyə girişmələrinin qarşısını əlində olan bütün imkanları ilə almağa çalışmaqdadır. Həmin imkanlardan biri də bilavasitə yuxarıda qeyd edilən iki ölkə vətəndaşlarının dəyişdirilərək öz ölkələrinə göndərilmələri prosesinə nail olmaqdır. Ankara Moskva ilə Vaşinqtonun, yaxud Qərbin arasında gərginliyin azaldılması istiqamətində çox böyük, danılmaz işlərə, nailiyyətlərə imza atmaqdadır.

Ankara danışıqların yenidən canlanması üçün cəhdlərini davam etdirmək niyyətindədir

Növbəti bir əhəmiyyətli məqamı da xatırlada bilərik ki, martın əvvəlində Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Antaliyada rus və ukraynalı həmkarlarını görüşdürə bilib. Martın 29-da isə Ukraynadan və Rusiyadan olan XİN nümayəndə heyətləri İstanbula gəldilər. Məhz sonuncu görüşdə Moskva vəd etdi ki, Kiyev və Çerniqov istiqamətlərində hərbi əməliyyat templərini aşağı salacaq, eləcə də diplomatik atmosferin yaradılması üçün səmərəli addıma gedəcək.

Eləcə də Ukrayna tərəfi sülh razılaşması təkliflərini qarşı tərəfə təqdim etdi:

Krıma və Donbasa hücum etməmək, Ukraynanın neytral statusu, bu ölkədə xarici hərbi bazaların yerləşdirilməməsi və s. Məhz Buça hadisələrindən sonra, aprelin əvvəlində Ukrayna XİN özünün danışıqlar istiqamətini dəyişdirdi və bu da əslində başa düşüləndir...

Aprelin 7-də isə Türkiyənin xarici işlər naziri Çavuşoğlu Buçada baş vermiş qətliamı İstambuldakı danışıqlar prosesinin optimistlik nüfuzuna və ruhuna zərər vurduğunu bəyan etdi. Eyni zamanda, o bildirdi ki, Ankara danışıqların yenidən canlanması üçün cəhdlərini davam etdirmək niyyətindədir. Beləliklə, Ərdoğan hələ də Zelenski və Putin arasında görüşün keçirilməsi yönündəki mövqeyində qətiyyətlik nümayiş etdirir.

Türkiyənin prezidenti Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, Rusiyanın NATO ilə hərbi qarşıdurmasının baş verməməsi üzərində işləyir. Məsələn, aprelin 20-də Türkiyə XİN-nin rəhbəri Mövlud Çavuşoğlu bir sıra ölkələri ittiham atəşinə tutmaqla bəyan etdi ki, onlar Ukraynadakı müharibənin davam etməsini arzulayırlar. Əbəs deyil ki, Türkiyə hələ mart ayında Bosfor və Dardanel boğazlarını bağlamışdı. Belə ki, Türkiyənin müdafiə naziri Hülusi Akar Almaniyanın “Ramştayn” hərbi bazasında aparılan danışıqlarda ölkəsinin Qara dənizi rəqabət arenasına çevrilməsinə imkan verməyəcəyini deyib.

Rusiyada isə Türkiyənin vasitəçiliyi yüskək qiymətləndirilir. Belə ki, Rusiyanın dövlət başçısı Vladimir Putin Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı sonuncu telefon danışığı zamanı Ankara hava limanında Rusiya vətəndaşı Konstantin Yaroşenkonun ABŞ vətəndaşı Trevor Ridlə dəyişdirilməsi prosesinə vasitəçilik etdiyinə görə minnətdarlıqlarını çatdırıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə