Bakıını hazırladığı prinsiplər mövqeləri yaxınlaşdırmaq üçün əsas bazadır - Zaxarova
Rəsmi Bakının təqdim etdiyi 5 əsas baza prinsipləri Azərbaycan-Ermənistan mövqelərinin yaxınlaşması üçün ən optimal variantdır. SİA xəbər verir ki, bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Rusiya XİN-in sözçüsü xatırladıb ki, bu prinsiplər Bakıda hazırlanıb və İrəvandan konstruktiv cavab alıb: "Hesab edirik ki, bu prinsiplər mövqelərin əlaqələndirilməsi üçün yaxşı əsasdır. Qarabağın statusu mövzusuna gəlincə, bu məsələdə Bakı ilə İrəvan arasında prinsipial fikir ayrılıqları qalmaqdadır. Biz öz rolumuzu tərəflərin mövqelərinin yaxınlaşmasına kömək etməkdə görürük, əksinə deyil. Azərbaycan Ermənistana aşağıdakı beş bənddən ibarət sülh sazişi ilə bağlı təklif göndərib:
- dövlətlər tərəfindən suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərinin toxunulmazlığının və bir-birinin siyasi müstəqilliyinin qarşılıqlı tanınması;
- dövlətlərin bir-birinə ərazi iddialarının olmamasının və gələcəkdə belə iddiaların irəli sürülməyəcəyinə dair öz üzərinə hüquqi öhdəliklərin götürülməsinin qarşılıqlı təsdiqi;
- dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə təhdidlərdən, siyasi müstəqilliyə və ərazi bütövlüyünə qarşı hədə və güc tətbiq etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun gəlməyən digər hallardan çəkinmək;
- dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- rabitə və nəqliyyatın açılması, digər müvafiq kommunikasiyaların yaradılması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, Azərbaycanın təqdim etdiyi 5 bəndin hamısı erməni tərəfi üçün məqbuldur, lakin onlar mövcud problemlərin bütün gündəliyini tam əks etdirmir. “Erməni tərəfi üçün Qarabağ ermənilərinin hüquq və azadlıqlarının dəqiq təminatları, Qarabağın statusunun yekun dəqiqləşdirilməsi əsasdır”, - Mirzoyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB