DÜNYA AZƏRBAYCANLILARININ V QURULTAYI – ZƏFƏR QURULTAYI ŞƏRH

DÜNYA AZƏRBAYCANLILARININ V QURULTAYI – ZƏFƏR QURULTAYI ŞƏRH

Son illər Azərbaycanın bütün sahələrdə əldə edilən böyük uğurlarının müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Prezident İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsi olaraq son illərdə Azərbaycan diasporu da çox böyük inkişaf yolu keçib. Dünyanın hər bir yerində güclü diasporumuz formalaşıb və Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər görülüb. Prezident İlham Əliyevin bütün beynəlxalq tribunalarda ölkəmizin milli maraqlarını, haqlı mövqeyini müdafiə etməsi qətiyyətli bəyanatları, eyni zamanda, diasporumuz üçün bir yol xəritəsinə çevrilib.

Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayı - Zəfər Qurultayı keçirildi. Qurultayın Müzəffər Ali Baş Komandan İham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən tapdağından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi xüsusilə böyük rəmzi məna daşıyır.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları qurultaydakı proqram xarakterli çıxışında qeyd etdi ki, 44 günlük Vətən müharibəsi dövründə Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı. Həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Azərbaycan təkcə Ermənistanla müharibəni aparmayıb. Azərbaycan yalnız dünya erməniliyi ilə müharibə aparmayıb, eyni zamanda Ermənistanın himayədarları ilə də müharibəni aparıb və bu müharibədə Qələbə qazanıb. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Sübut etmişik ki, ölümə getməyə hazırıq. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, Vətən uğrunda bilərəkdən ölümə gedirdilər. Milyonlarla xaricdə yaşayan azərbaycanlı hərə öz ölkəsində müharibənin gedişatını yaxından izləyirdi və eyni zamanda, öz çıxışlarında, şərhlərində, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırırdı.
Cənab Prezident İlham Əliyev vurğuladı ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün.
Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Xalq öz torpaqlarındadır. Bu torpaqda möhkəm dayanıb və heç kim heç vaxt bu torpaqlardan xalqımızı tərpədə bilməz. Şəhidlərin qisasını düşməndən döyüş meydanında aldıq. Onların qanı yerdə qalmadı, bu, onların yaxınları üçün, qohumları üçün, bütün Azərbaycan xalqı üçün təsəllidir.
Ermənistanın işğalçılıq siyasəti dünya miqyasında artıq heç kimə sirr deyil. Azərbaycanla Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən sonra Ermənistan rəhbərliyi də nəhayət dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların heç bir resursu yoxdur - nə siyasi resursu, nə iqtisadi, nə də insan resursu yoxdur.
Azərbaycan Ordusunda bir dənə də fərari olmamışdır. Budur, xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi.
Müharibə dövründə - cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında azad olunub. Məhz buna görə Ermənistan məcbur olub və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Məhz biz Şuşanı noyabrın 8-də azad edəndən sonra Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara daha baha başa gələcək.
Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdur. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməmişdir. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmamışdır.
Düşmən tırəfindən bəzi yerlərdə beş, bəzi yerlərdə altı müdafiə xətti qurulmuşdu, istehkamlar qurulmuşdu, tikanlı məftillər, dəmir parçaları və sair. Bölgənin coğrafiyası çox əlverişsiz idi. Bütün bunlara baxmayaraq, az itki verməklə, Ermənistan ordusundan iki-üç dəfə az itki verməklə xalqımız tarixi missiyanı yerinə yetirdi. İşğaldan azad olunmuş bütün ərazilər erməni vandalizminin canlı şahididirlər. Şuşada bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızı sökmüşdülər. Təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. İşğalçılar qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Biz təkcə işğalçını yox, faşistləri məhv etdik.
Bütün ağrılı məqamlara baxmayaraq bölgənin gələcəyi naminə Azərbaycan sülh gündəliyi təqdim etdi. Bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir. Hər kəs – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanları var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, - onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, - azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır.
Tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. XIX əsrdə imzalanmış müqavilələri beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri. Orada erməni əhalisindən söhbət getmir. Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı, - titulu belə də gedib, - imzalayıb. XIX əsrin bu tarixi hadisələrindən sonra Qarabağa ermənilərin kütləvi köçü başlamışdır. Bu da heç kimə sirr deyil və artıq dünya ictimaiyyəti, ekspertlər bunu bilir. Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyətini məlumatlandırmalıyıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun işğaldan azad etdiyi torpaqlarda diaspor nümayəndələrinin görüşməsi, müzakirələr aparılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması kimi, Qarabağın bərpasına da öz töhfəsini verəcək. Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı bir daha birliyimizi, həmrəyliyimizi nümayiş etdirdi.

Nadirşah Şirinov,

YAP Qusar rayon ərazi ilk partiya təşkilatının sədri,

Qusar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə