Tofiq Yaqublunun məqsədi nədir? SƏS YAZISI

Tofiq Yaqublunun məqsədi nədir? SƏS YAZISI

Yaxud, AXCP sədri Əli Kərimli-Gültəkin Hacıbəylini hədəfə almağın arxasında dayanan maraq – “Milli Şura” adlı ölü qurumda siyasi ölülərin savaşı gözlənilir

Demək olar ki, yox səviyyəsində olan psevdomüxalifət qurumun - “Milli Şura” adlı ölü təşkilatın daxilində yeni parçalanma situasiyası yaranıb və bu situasiyanı yaradan son vaxtlar ayrı-ayrı qalmaqalları ilə yadda qalan müsavatçı funksioner Tofiq Yaqubludur. Onun mobil telefon danışığı vasitəsi ilə apardığı siyasi müzakirədə AXCP sədri Əli Kərimlini hədəfə alması və AXC-Müsavat iqtidarı zamanı Elçibəyə qarşı xəyanətkar fəaliyyət göstərməsi, onun impiçmenti ilə bağlı fəaliyyət göstərməsini əks etdirən fikirlər bildirməsi göstərdi ki, artıq bu ölü qurumda ox yaydan çıxıb və hətta “liderlik” uğrunda savaşa baş qaldırıb.

Düzdür, bu təzə fakt deyil və çox insan Əli Kərimlinin Elçibəyə qarşı hansı mənfur və iyrənc planlar vasitəsi ilə kampaniyalar aparmasından məlumatlıdır. Hətta prezidentliyi dövründən sonra “Yurd” adlı qruplaşması vasitəsi ilə mərhum Elçibəyi ölüm həddinə çatdıranın da Əli Kərimli olduğu hər kəsə gün kimi aydındır. Sadəcə, həmin faktın məhz Tofiq Yaqublunun dili ilə səslənməsi artıq başqa bir reallıqları ortaya çıxarmış olur...

Tofiq Yaqublu üçün əsas prinsip – tutar qatıq, tutmaz ayran...

O cümlədən, Tofiq Yaqublunun “Milli Şura”nın koordinasiya şurasının üzvü Gültəkin Hacıbəylinin də hədəfə alınması bütövlükdə oradakı “iki söz sahibinin” neytrallaşdırılmasına tərəf hesablanmış addım kimi qiymətləndirilə bilər. Onsuz da elektorat cəhətindən yox səviyyəsində olan bir qurumun yalnız ilişib qalan val kimi eyni mövzular ətrafında fırlanması isə əslində cəmiyyəti tamamilə bezdirib. Və əgər “Milli Şura”da kimin “lider” olmasına baxmayaraq bu qurum haqqında hansısa ciddi fikir, düşüncə irəli sürmək qeyri-mümkündür.

Son zamanlar gah mitinq keçirmək, gah küçə yürüşləri təşkil etmək sarıdan da uğursuzluğa düçar olan bu “qurumun” sözün əsl mənasında fatihəsinin oxunduğu göz önündədir.

Başqa tərəfdən, nəzərə alsaq ki, Tofiq Yaqublu Müsavat partiyasının funksioneridir və onun Gültəkin Hacıbəylinin təmsil etdiyi partiyası haqqında da mənfi fikir bildirməsinə sərt münasibət göstərməsi belə qənaətə gəlməyə zəmin yaradır ki, müsavatçı funksioner də “Milli Şura”nı tərk etmək istəyindədir. Sadəcə, o, AXCP sədri Əli Kərimlini və ona daha çox mane olan Gültəkin Hacıbəylini kənarlaşdırmaq, “liderliyi” ələ keçirmək niyyətini güdür, yəni tutar qatıq, tutmaz ayran prinsipi ilə... Və bu alınmazsa, əlbəttə ki, onun bu “qurumu” tərk etməkdən başqa çarəsi də qalmır.

Qarşıda isə Əli Kərimlinin Tofiq Yaqublunun onun haqqında ifşaedici fikir səsləndirməsinə görə adekvat addım atması mümkünlüyü görünür. Yəni Tofiq Yaqublunun “süddən çıxmış ağ qaşıq” olmadığını sübut etməkdən ötrü hər halda AXCP sədrinin də əlində kompromatların olması kifayət qədər mümkündür. Məhz bu baxımdan, bizi ölü və fatihəsi oxunmuş “Milli Şura” daxilində siyasi ölülərin savaşı səhnələri gözləyir.

Rövşən RƏSULOV

Videonu isə aşağıdakı linkdən izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=tNsmBY-REvg

Bütün xəbərlər Facebook səhifəmizdə