Sülh müqaviləsinin imzalanması Ermənistan üçün vacibdir - MÜNASİBƏT BİLDİRİLDİ

Sülh müqaviləsinin imzalanması Ermənistan üçün vacibdir - MÜNASİBƏT BİLDİRİLDİ

"Paşinyanın sülh müqaviləsini tez bir zamanda imzalamağa tələsməsinin görünən və görünməyən tərəfləri var. Aprelin 6-da Brüsseldə Avropa İttifaqının prezidenti Şarl Mişelin təşəbbüsü ilə görüş keçirildi. Azərbaycan Respublikasının Prezidenti və Ermənistanı baş naziri ilə ikitərəfli görüş keçirildi". Bu fikirləri SİA-ya açıqlamasındə siyasi ekspert Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, bu görüşdə Azərbaycanın təqdim etdiyi 5 prinsipial maddənin qəbul edilməsi, aprelin sonuna qədər sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası üçün işçi qrupunun yaradılması üçün razılıq əldə edildi: "Qəbul edilmiş sənəddə “Dağlıq Qarabağ”, “münaqişə” sözlərinə Azərbaycanın tərəfinin tələbinə əsasən yer verilməyib. Ermənistanın Xarici İşlər naziri ilə Azərbaycanın Xarici işlər nazirinin işçi qrupun yaradılması ilə bağlı telefon danışıqlarını müsbət addım kimi qiymətləndirmək olar. Nikol Paşinyanın Brüssel səfərindən sonra parlametndə və dövlətin iclasında yaranmış siyasi vəziyyəti izah edərək Azərbaycanın təklif etdiyi maddələri qəbul etdiyini, dünya birliyi tərəfindən Ermənistanın təkləndiyini, Azərbaycanla sülh müqaviləsinin imzalanmağının vacibliyini və bunun Ermənistan iqtisadiyyatına xeyir gətirəcəyini, həmçinin Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin olmasının Azərbaycan dövlətinin və Avropa Birliyinin öz üzərinə götürdüyünü bildirdi. Brüssel görüşündən sonra Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın Xarici İşlər nazirini Moskvaya çağıraraq sülh müqaviləsi barədə danışıqlar aparıb. ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Xovayev Rusiya Xarici İşlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib. ATƏT-in Minsk qrupunun amerikalı həmdəsri Şoffer isə ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi kimi Ermənistana göndərilib. Ona görə bu həmsədrləri göndərirlər ki, onlar bu münaqişənin kökünü bilirlər, uzun illər bu sahədə çalışıblar. Ona görə də ATƏT-in Minsk qrupunun həmsədri kimi yox, xüsusi nümayəndə kimi göndəriliblər.

Aprelin 19-u və 20-də Paşinyan Moskvaya rəsmi səfər edib. Putinlə keçirilən görüşdən sonra mətbuata verdiyi bəyanatda bəzi nüanslar var. Bu görüş onu göstərir ki, Paşinyan yenidən dağlıq Qarabağ statusu haqqında fikir irəli sürür və ATƏT-in Minsk qrupunu bu işə cəlb etməyə çalışır. Onların qəbul etdiyi məsələdə vurğulanır ki, indiyədək onların işğüzarlığından və təcrübəsindən yararlanmaq vacibdir. Təbii ki, Azərbaycan buna kəskin etirazını bildirəcək. ATƏT-in Minsk qrupunun heç bir fəaliyyəti ola bilməz. Amma ayrı-ayrı dövlətlərin xüsusi nümayəndələri bu sazişdə bizə dəstək ola bilərlər.

Paşinyanın sülh müqavilə bağlamsı üçün Azərbaycan tərəfi onu məcbur edir. Bu sülhün bağlanması Rusiyaya da Amerikaya da, Fransaya da, həmçinin digər dövlətlərə də sərf edəcək. Zəngəzur dəhlizinin açılması bu gün Rusiyaya hava-su kimi lazımdır. Çünki Rusiyanın Avropaya qapıları tam bağlanıb. Putin çətin vəziyyətdədir. Buna görə də Paşinyan bu müqavilənin bağlanmasına tələsir. Ermənistan özü üçün də bu sənəd vacibdir. Azərbaycan və Türkiyə ilə münasiətlərin formalaşmasına kömək edəcək. Paşinyan reallığı sevən siyasətçidir. Paşinyan anlayır ki, sülh müqaviləsini imzalayarsa tarixdə sülhsevər bir siyasətçi kimi qalacaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə