Heydər Əliyev və Azərbaycan dili - ŞƏRH

Heydər Əliyev və Azərbaycan dili - ŞƏRH

Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Yalnız xalqımızın əbədiyaşar Ümummilli Lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Tam qətiyyətlə demək olar ki, Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində yeritdiyi cəsarətli fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi.

Heydər Əliyevin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il oktyabrın 31-də Azərbaycan Respublikasının konstitusiyasının dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin və tam demokratik müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin ilin noyabrın 12-də qəbul olunan konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olundu və 21-ci maddədə qanuniləşdirildi.

Azərbaycan Prezidentinin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli, 506 saylı fərman, “Azərbaycan Respublikası Dövlət dili komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” 4 iyul 2001-ci il tarixli, 76 nömrəli sərəncam, “Azərbaycan Əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında 9 avqust 2001-ci il tarixli, 552 saylı sərəncam və nəhayət, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli startegiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır.

Bu sənədlərin hazırlanmasında Ümummilli Lider, böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, vətəndaşlıq qeyrəti və öz ana dilinə sonsuz məhəbbəti böyük rol oynayıb.

Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust Fərmanına əsasən, hər il avqust ayının 1-i Azərbaycan Əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması qəbul olunmuşdur.

Bu gün ölkənin bütün təhsil işçiləri, səhiyyə işçiləri, idarə və müəssisələrin işçiləri “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanundan, eləcə də Ümummilli Liderimiz Heydər Əliyevin dil siyasəti ilə bağlı imzaladığı silsilə fərmanlardan irəli gələn vəzifələrin yerinə yetirilməsində, Ulu Öndərin dövlət dili ilə bağlı verdiyi göstərişlərin, ideyaların həyata keçirilməsində yaxından iştirak edirlər və bunu özlərinə mənəvi borc bilirlər.

Bu qanundan sonra Azərbaycan dili təkcə rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında gündəlik həyatda, təcrübədə, təhsildə, səhiyyədə, rəsmi-qeyri rəsmi tədbirlərdə ümumişlək dilə, dövlət dilinə çevrildi, beynəlxalq münasibətlər sisteminə çevrildi, dünya diplomatiyasına yol açdı, beynəlxalq aləmin mötəbər məclislərinin kürsülərindən eşidilməyə başladı.

Bu vacib, şərəfli yolun başlanğıcını Ulu Öndər özü qoydu, 1970-ci ildə BDU-nun 50 illik yubileyində çəkinmədən Azərbaycan dilində çıxış etdi. Bundan nümunə götürən aidiyyəti təşkilatlar, qanundan irəli gələn məsələlərin həyata keçirilməsində fəallıq göstərməyə başladılar. Ali, orta ixtisas və orta məktəblərdə dərsliklərin yazılmasında dərs saatlarının artırılmasında, qanunda nəzərdə tutulan müddəaların yerinə yetirilməsinə nail oldular.Ulu Öndər xalqın formalaşmasında, vətənpərvərlik hissinin artırılmasında ana dilinin rolunu yüksək qiymətləndirərək demişdir: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.

Əbədiyaşar liderimiz gənclərimizə ana dili əsasında dünyanı dərk etməyi məsləhət görməklə xarici dilləri – ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə ilk növbədə, öz ana dilini daha mükəmməl öyrənməyi tövsiyyə edirdi. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycan gənclərinin səsi dünyanın inkişaf etmiş ali məktəblərinin auditoriyalarından, nüfuzlu müəssisələrindən, mötəbər idman tədbirlərlərinin meydançalarından gəlir.

Dilin tətbiqi, qorunması təkcə təhsil müəssisələrinin yox, digər təşkilatlarında vəzifə borcudur.Çox sevindirici haldır ki, bu gün reklam, istiqamət lövhələrinin, təbliğatı, təşviqatı işlərin icrasında və s. işlərdə bu qanun lazımınca yerinə yetirilir.

Azərbaycan dilinin tətbiqi, qorunması, əbədiliyi, daimiliyi, Ulu Öndərin layiqli davamçısı, Xalqımızın sevimlisi, hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.Elə bunun nəticəsidir ki, ölkəmizdə vətənpərvər, qəhrəman, cəsur, igid övladlar yetişdi və ötən əsrin sonunda başlayan Qarabağ konflikti 44 gün ərzində uğurla başa çatdırıldı. Bu böyüklükdə konfliktin aradan qaldırılmasında Ulu Öndərin məktəbinin, ailəsinin təlimini, təhsilini, tərbiyəsini almış Ali Baş Komandanımız İlham Əliyevin qələbəsində Heydər Əliyev böyük pay sahibidir.Heydər Əliyevin dil siyasəti, dilimizin inkişafı, təbliği istiqamətində göstərdiyi xidmətlər, tövsiyyələr, qəbul etdirdiyi qanunlar bizim üçün böyük məktəbdir və bu məktəbin təcrübəsindən biz istifadə etmişik, gələcək nəsillər də istifadə edəcəklər.Bütün bunlara görə əbədi yaşar liderimiz, Ulu Öndərə daim borcluyuq və bunu gələcək nəsillərə çatdırmaq bizim boynumuza düşür.

Ədalət Nemətov

Masallı rayon Əhmədli kənd sakini

“Tərəqqi” medallı müəllim

Bütün xəbərlər Facebook səhifəmizdə